http://www.litlab.org
home about partners terms and conditions
Armenian Azerbaijani English Russian

YENI AZƏRBAYCAN NƏSRI

Azərbaycan xalqının bədii düşüncəsində poeziya həmişə ilk yeri tutsa da, nəsrin M.F.Axundov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmməquluzadə, Y.B. Çəmənzəminli, İ.Şıxlı kimi nəhəng simaları olub. 70 illik sovet dönəmində nəsr də başqa sənət sahələri kimi rejimin ideoloji silahına çevrildi, özünün başlıca vəzifəsini «kütlələrin bolşevik tərbiyəsində» gördü. Təxminən 40 il sürən bir müddətdə nasirlərin bir çoxu zamanla ayaqlaşmağa cəhd göstərdilər, az qismi isə yazmamağı daha üstün tutdu.

Yeni Azərbaycan nəsri 60-cı illərdə ədəbiyyata bütöv bir nəslin gəlməsi ilə başladı. Amma bu yeniləşmənin, o dövrdə mümkün olan qədər ideologiyasızlaşmanın təməli ötən əsrin 50-ci illərinin sonlarında İsa Hüseynov tərəfindən qoyulmuşdu. Onun povestləri yeni üslübü, təhkiyə tərzi, obrazları ilə dərhal diqqəti çəkdi, Çingiz Aytmatovun povestləri ilə müqayisə olundu. İsa hüseynovun sonrakı illərdə yazdığı «Məhşər», «İdeal», «Ədəbiyyət» romanları nəhəng təfəkkürün və böyük yazıçı ustalığının nəticəsi idi.

60-cı illərdə ədəbiyyata qədəm qoymuş, Moskada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu, Ali Ədəbiyyat Kurslarını bitirən Əkrəm Əylisli, Yusif  Səmədoğlu, Anar, Maqsud və Rüstəm İbrahimbəyovlar, Elçin, Bakıda təhsil almış Sabir Əhmədli, İsi Məlikzadə, Mövlud Süleymanlı yeni Azərbaycan nəsrinin simasını müəyyən etdilər. İdeoloji senzuranın qadağan etdiyi «qapalı» mövzularda yazanların cəzalandırıldığı bir vaxtda əsasən forma, üslüb, dil axtarışlarına üstünlük verilməsi də bununla izah olunur. Həmin illərdə Ə.Əylislinin koloritli dili, Anarın fikrini sözaltı mənalarla ifadə etməsi, Yusif Səmdoğlunun ustalıqla psixoloji ovqat yaratması, Elçinin forma rəngarəngliyi, Sabir Əhmədlinin təfəkkür genişliyi, İsi Məlikzadənin özünəxas lirizmi yeni Azərbaycan nəsrinin uğurunu şərtləndirdi. Maqsud və Rüstəm İbrahimbəyovların rusdilli oxuculara daha çox tanış olan hekayə və povestləri nəsrlə kinematoqrafiyanı daha da yaxınlaşdırdı.

1988-ci il hərəkatı başlananda da 60-cı illərin ədəbiyyatının nümayəndələri kürsülərdə, tribunalarda göründülər: Xalq onlara inanırdı, onları eşitmək istəyirdi. Yusif Səmədoğlu, Anar, Sabir Rüstəmxanlı, Xəlil Rza xalqın sözünü demək missiyasını öz çiyinlərinə götürdülər. Yusif Səmədoğlu bu hərəkatın önündə gedən Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində idi, Anar Azərbaycanın səsini Moskva hakimiyyətinə çatdırmağa çalışırdı, Xəlil Rza və Sabir Rüstəmxanlı meydan hərəkatının öncüllərindən idilər. Təxminən həmin vaxtlarda da yeni nəsrin şərti olaraq «80-ci illər nəsli» adlanan dəstəsi yetişirdi. Beləliklə, forma, üslub, ifadə vasitəsi, obraz axtarışları yeni nəsr təfəkkürünün formalaşmasına gətirib çıxardı.

Saytda təqdim olunanların bir qismi - M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun məzunları olan Səfər Alışarlı və Saday Budaqlı, Bakıda yaşayıb yaradan Eyvaz Əlləzoğlu, Afaq Məsud, Əlabbas, Nəriman Əbdülrəhmanlı - həmin ədəbi nəslin nümayəndələridir, digərlərinin - Rəşad Məcid, Yaşar, Fəxri Uğurlu, Günel Anarqızı, Qurban Yaquboğlu, Samir Sədaqətoğlu - fəal yaradıcılıq dövrü artıq Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Azərbaycan nəsrinin müasir mənzərəsi də burada oxuculara onların hekayələri vasitəsi ilə təqdim olunur.

Nəriman Əbdülrəhmanlı

Ədəbi laboratoriya-Yazıçılar münaqişələrə qarşı layihəsi münaqişədə olan xalqlar arasında qarşılıqlı düşmənçiliyi aradan qaldırmağa kömək məqsədi güdür. Bu o demək deyil ki, veb-saytda təqdim olunmuş əsərlər məhz həmin düşmənçiliyi doğurmuş hərbi və siyasi qarşıdurmaya həsr olunub. Saytda heç bir mövzu və ideoloji məhdudiyyət yoxdur. «Azərbaycanlıların (ermənilərin) maraqlı müasir ədəbiyyatı var» - saytın məqsədi oxucularda belə bir reaksiya doğurmaqdır. Çünki bu, münaqişədə olan xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa və münaqişənin həlli üçün zəruri şərait formalaşdırmağa yardım göstərə bilər. Əsərlərin erməni və azərbaycanlı qəhrəmanlarının davranışları, düşüncələri arasında oxucu yanlış stereotipləri və birgə yaşayışın mümkünsüzlüyü barədə təsəvvürləri aradan qaldıran bir çox oxşarlıqlar da aşkar edə bilər.

Müəlliflərin seçimi zamanı veb-saytın ədəbi koordinatorları həm əsas cərəyanları, həm də yeni meylləri nəzərə almağa çalışıblar.

home about partners
Forum