http://www.litlab.org
home about partners terms and conditions
Armenian Azerbaijani English Russian

YENI DÖVRUN ƏDƏBIYYATI

Ötən əsrin 30-cu illərində erməni ədəbiyyatı, sovetlər ölkəsinin digər xalqlarının ədəbiyyatı kimi, görünməmiş ideoloji və yaradıcılıq məhdudiyyətlərinə məruz qaldı. Bu məhdudiyyətlərin dəyəri senzura yox, yazıçının həyatı idi. Bir çox yazıçılar, o cumlədən bütün dövrlərin böyük erməni şairi Yeğuşe Çarens də öz həyatlarını qurban verdilər.

Belə vəziyyət şəraitə uyğunlaşan yazıçıların bütöv bir  kütləsini doğurdu, amma öz  əqidəsinə sadiq qalanlar da az olmadı. Sonrakı onilliklər həmin yazıçıların həyatı həqiqəti demək və bunu azad şəkildə, özlərinin istədikləri şəkildə ifadə etmək uğrunda mübarizədə keçdi. Hrant Matevosyan, Ağası Ayvazyan  və başqa istedadlı yazıçılar «sosialist realizmindən» uzaq əsərlər yaradaraq qadağan olunmuş mövzulara müraciət edirdilər.

1988-ci il hərəkatı, demək olar ki, yazıçıların inqilabı oldu. Əvvəlcə mitinq kürsüsünə yaşlı nəslə mənsub yazıçılar çıxdılar, Kremldə Mixail Qorbaçovla məhz onlar danışıq apardılar. Onları nasirlər Vano Siradeqyan və Vazgen Sərkisyan əvəz etdilər. Onların simasında ölkə nüfuzlu siyasi xadimlər qazandı, ədəbi mühit isə iki ən çox ümid verən yazıçısını itirdi. Ədəbiyyatla məşğul olmaq artıq təhlükəsiz idi, amma bununla yanaşı, Ermənistanın baş naziri vəzifəsində çalışan Vazgen Sarkisyan 1999-cu ildə parlamentin iclas zalında avtomatdan açılan atəşin qurbanı oldu. Vano Siradeqyan isə yalnız həbs  təhlükəsi altında ölkəni tərk etdikdən sonra ədəbiyyata qayıtdı.

Yeni dövrdə cəmiyyət mədəniyyətdən və xüsusən ədəbiyyatdan xalqa yol göstərməyi tələb edirdi, əslində isə yeni quruluşda həmin rolu siyasi xadimlər və strukturlar öz üzərlərinə götürməli idilər. Cəmiyyət ədəbiyyatdan qəhramanlıq əsərləri tələb edirdi (xüsusilə müharibə haqqında), özü isə müstəqil KİV-lərin fəal köməyi ilə irili-xırdalı bütün xadimlərin sui-qəsd nəzəriyyəsi işığında müzakirəsi, bunun ardıncasa onların ifşa olunması və nüfuzdan salınması prosesinə qoşulmuşdu. On ildən artıq bir müddətdə ehtiyac və çörək qayğısı ilə yaşayan əhalinin ağır maddi vəziyyəti ilə yanaşı, həmin bu səbəblər ədəbiyyatı marginal vəziyyətə saldı. Belə bir vəziyyətdə on ildən artıqdır ki, ədəbi jurnallar yaranır və yox olur, qoca və cavan yazıçılar isə hakimiyyətdən dövlət sifarişləri xahiş edir, ya da onlardan asılı olmadıqları haqda bəyanatlar verirlər.

Bununla belə, ən yeni ədəbiyyatın müəyyən uğurları var – ədəbi əsərlərin dili danışıq dilinin qatlarını əks etdirərək, get-gedə daha təbii olur, mövzuları real və hər cür qadağalardan azaddır, qəhrəmanları ədəbiyyatdan çıxmış obrazlar deyil, dəyişkən reallığımızda saxta bakirəlik maskasından imtina etmiş insanlardır.

Saytda təqdim olunmuş yazıçıların bir hissəsi artıq sovet dövründə müəyyən qədər tanınnırdılar (Armen Şekoyan və Vaqram Martirosyan - şair kimi), digərləri müstəqillik illərində uğur qazandılar, yaxud o qədər cavandırlar ki (Arpi Voskanyan, Ambarsum Ambarsumyan), yalnız son illər çap olunmağa başlamışlar.

Müəliflərdən biri, fransızdilli Deni Donikyan Diasporu təmsil edir.

Vardan Caloyanın əsəri reallığımızın paradoklarını esse janrında ifadə edir.

Bahram Martirosyan

Ədəbi laboratoriya-Yazıçılar münaqişələrə qarşı layihəsi münaqişədə olan xalqlar arasında qarşılıqlı düşmənçiliyi aradan qaldırmağa kömək məqsədi güdür. Bu o demək deyil ki, veb-saytda təqdim olunmuş əsərlər məhz həmin düşmənçiliyi doğurmuş hərbi və siyasi qarşıdurmaya həsr olunub. Saytda heç bir mövzu və ideoloji məhdudiyyət yoxdur. «Azərbaycanlıların (ermənilərin) maraqlı müasir ədəbiyyatı var» - saytın məqsədi oxucularda belə bir reaksiya doğurmaqdır. Çünki bu, münaqişədə olan xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa və münaqişənin həlli üçün zəruri şərait formalaşdırmağa yardım göstərə bilər. Əsərlərin erməni və azərbaycanlı qəhrəmanlarının davranışları, düşüncələri arasında oxucu yanlış stereotipləri və birgə yaşayışın mümkünsüzlüyü barədə təsəvvürləri aradan qaldıran bir çox oxşarlıqlar da aşkar edə bilər.

Müəlliflərin seçimi zamanı veb-saytın ədəbi koordinatorları həm əsas cərəyanları, həm də yeni meylləri nəzərə almağa çalışıblar.

home about partners
Forum