| ERMƏNİSTAN |
 |
| VANO SIRADEQYAN |
| (1946) |
|
Vano Siradeqyan kifayət qədər gec çap olunmağa başlayıb. Bununla belə, 1988-ci il Hərkatının başlanğıcında o, artıq Ermənistanın ən çox sevilən nasirlərindən biri idi.
«Qarabağ» komitəsinin üzvü, Ermənistan Ümummilli Hərəkatının sədri, Daxili işlər naziri, Yerevan şəhərinin meri – onun 10 il ərzində keçdiyi siyasi yüksəliş yolu belədir.
1998-ci ildə Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanın istefasından sonra Siradeqyana qarşı cinayət işi başlandı, parlamentin qərarı ilə o, deputat toxunulmazlığından məhrum edildi. Həmin vaxtdan rəsmi olaraq axtarışdadır, başqa cür desək, gizlənir.
2002-2003-cü illərdə müxalifət qəzetlərinin birində Avetis Arutyunyan təxəllüsü ilə Siradeqyanın publisistik məqalələr silsiləsi çap olunmağa başladı. Bu məqalələrdə o, danışıq dilinin sərbəstliyinin verdiyi üstünlüklərdən istifadə edərək, hakimiyyətin daxili və xarici siyasətini kəskin və maraqlı tərzdə tənqid etib. Sonra artıq Siradeqyanın öz imzası ilə daha ənənəvi səpkidə yazdığı bir sıra hekayələri işıq üzü gördü. Həmin hekayələrdən biri burada təqdim etdiyimiz «Yazıq uşaq» hekayəsidir. Hekayədə metaforik planda həm uşağın - azadlığın faciəvi faleyi, həm də qəhramanın hədsiz tənhalığı əks etdirilir; həmin qəhrəman öz vətənində çox muhum rol oynayan, sonradan isə qürbətdə yaşamağa məhkum edilmiş adamı - müəlifin özünü nişan verir.
|
|
YAZIQ UŞAQ
Adam vaxt tapıb geri baxanda gördü ki, keçmiş unudulmağa başlayır. İlk ağlına gələn bu idi: «Ola bilməz!» Hər dəfə keçmişə ötəri nəzər salıb tələm-tələsik gündəlik qayğılarına qayıdanda, onda belə bir təsəvvür yaranırdı ki, orada hər şey qaydasındadır. Orada - yaddaşının saxlancında günlərin gedişi itkisiz əks olunub, yalnız obrazlar sırasını fikrən hərəkətə gətirmək üçün vaxt lazımdır. Amma budur, vaxt tapıldı və o, gördü ki, həyat bir ucdan öz izlərini pozur.
«Çox təəssüf!» - adam fikirləşdi. Bundan sonra artıq aydın oldu – uçurum irəlidə, həyatın qırıldığı həmin o hüdudda deyil. Aydın oldu ki, ölüm haradasa, irəlidə gözləmir, əksinə, səssiz-səmirsiz, mövcüdluq izlərini süpürə-süpürə arxadan gizlincə yaxınlaşır və o səni haqlayanda artıq irəlidə heç nə olmayacaq. Heç keçmişində də təəssüflənməli bir şey qalmayacaq. Hər halda həmin həyata təəssüflənirdi. Hər şeyi sonradan unudulmaq üçün bu qədər təfərrüatı ilə yaşadığına təəssüflənirdi. O uşağa yazığı gəlirdi. Tutqunlaşan yaddaşında sönməkdə olan işıqlı uşaq obrazına təəssüflənirdi, həmin obrazın necə əridiyini, uşağın özünun isə hara yox olduğunu başa düşmək olmurdu. «Sənin bu əldən düşmüş bədənin lənətə gəlsin, - tənha adam kədərlə fikirləşdi. – O uşaq sənin mövcudluğunu bilməsəydi, necə də yaxşı olardı». Sonra özünə qəhvə dəmləmək üçün ehtiyatla, bədənindəki xəstə damarlardan birini də narahat etməməyə çalışaraq, asta-asta və diqqətlə qalxdı. Amma o, indi alma soymalı idi. Yaxud balaca oğlunun velosipedini təmir eləməli idi. Ya da 50 yaşdan sonra evdə nə ilə məşğul olurlarsa, o cür bir işlə məşğul olmalı idi. Bununla belə, indi onun bütün həyati fəaliyyəti yalnız özünə xidmətə yönəlmişdi. Bütün hərəkətləri, mənasız olmasa da, ən azı cansıxıcı idi. Soyulmuş, doğranıb boşqabın içində dairəvi düzülmüş almaya sevinməyə, tez bir zamanda velosipedi düzəldən bacarıqlı ata əlləri ilə fəxr etməyə bir kimsə yox idi və o, özü öz səylərinin istifadəçisinə, salatın tamı məsələsində öz qiymətləndiricisinə, hətta öz dinləyicisinə çevrilmişdi, çünki artıq öz-özüylə danışmağa başlamışdı. Üç yüz addımlıqda yaxınlığı hiss edilməyən və eşidilməyən dəniz olmalı idi, ona görə ki, şəhəri dənizdən gecə-gündüz guruldayan şosse ayırırdı. Şosseyə söykənmiş birmərtəbəli evləri olan qəsəbədə həyat gündüzlər əməlli–başlı ölürdü. Adamlar bayıra yalnız çox vacib olanda çıxırdılar, hətta uşaqları da gün batan kimi dərhal evə qovurdular, çünki səhərlər hələ dan yeri sökülməmiş göydən od ələməyə başlayırdı, uşaqlarsa yuxularını almalı və məktəbə getməli idilər. Ev, deyəsən, vicdanla tikilmişdi və mümkün qədər ətraf aləmdən təcrid edilmişdi, amma balaca kərtənkələlər yenə də içəri deşik tapırdılar, bürküdən təntimiş bir milyon kərtənkələnin nəfəsini dərə biləcəyi, amma bir adamın tam sahiblik elədiyi bu izaholunmaz nəhəng məkana, divarları və tavanı olan sərin cənnətə soxulurdular. Amma kərtənkələlərin bəxti gətirməmişdi, ona görə ki, evin sakini sürünənlərdən və ümumiyyətlə, bütün sürüşkən şeylərdən iyrənirdi. O, hətta iyirmi yaşınacan makaron da yemirdi (hə, düyü də yemirdi, ona görə ki, böyük qardaşı onu sevmirdi), evdəkilər masa arxasına oturanda anası onun üçün həmişə xüsusi bir şey tapırdı. Xaşdan iyrənməyinin öhdəsindənsə böyük iradə hesabına gələ bildi. Amma görünür, bunu etməyə məcburdu, çünki xaş təkcə bazar günü səhər tezdən dostları ilə bir yerə yığışmaq imkanı vermirdi, o, həm də erməni realığının dəfn, soyqırım və digər bədbəxt hadisələrlə bağlı olmayan mərasim qıtlığında yeganə tamdəyərli mərasim idi. Elə onda da araq içməyi öyrənmişdi. Başqa cənubluların niyə araq içdiklərini anlamırdı, amma özü xaşdan iyrənmək hissinə üstün gəlmək üçün araq içməyə başlamışdı. Bununla belə, araq içmək də kifayət qədər xoşagəlməz idi. Amma içalatı o, boşqabda üzən söğan parçaları kimi, həmişə çıxarıb kənara qoyurdu.
… Sən demə, insanın televiziya ekranından aralanmamaq qabiliyyəti hədsiz imiş. Demək olar, fasiləsiz, gecə-gündüz, həftələrlə, yatıb oyana-oyana, divandan qalxmadan baxa bilirdi və məlum deyildi ki, bu tənbəllik axırda ziyansız gicbəsərliyə gətirib çıxaracaq, yoxsa içində xaincəsinə gərilmiş hansısa bir tel, nəhayət, dözməyib qəfildən qırılacaq. Hər halda düşünmək qabiliyyətini heç bir şəraitdə itirməyə dəyməz. Yazmaq isə düşünməyin ən yaxşı üsuludur. Kiçik ölkənin gözdən düşmüş generalının belə şəraitdə ağlına gələ biləcək ilk fikir - sədaqət və satqınlıq, inqilab və əksinqilab kimi əbədi bir mövzu ilə bağdıdır. Amma hələ siyasətdən iyrənməyinin canından çıxması üçün kifayət qədər vaxt keçməmişdi, özünü saxlaya bilməyib incikliyini üzə vurması üçünsə təəssüratlar artıq o qədər də təzə deyildi. Üstəlik də, o, başına gələnlərin kimin üçünsə dərs olacağını fikirləşəcək qədər axmaq deyildi. Harada görünüb ki, tarix kiməsə dərs olsun? Hər adam, hər nəsil öz səhvləri üzərində öyrənməyi müstəsna hüququ hesab edir və bu hüququndan çox aqressiv bir şəkildə yararlanır. Bir nəslin kifayət qədər səhv buraxdığı və artıq onlardan nəticə çıxarmaq zamanı yetişdikdə isə, başqa nəslin səhv etmək vaxtı gəlib çatır. Yeganə çıxış yolu iddiasız gündəlik qeydləri idi. Dörd divar arasında keçən bənzərsiz günlərini təsviri etmək yavaş-yavaş öz-özünlə ucadan danışmağa başlamaqdan daha yaxşı idi, sonuncunun əlamətləri isə artıq açıq görsənirdi. Bircə o qalırdı ki, gündəlik yazan on dörd yaşlı qıza oxşamayasan, bu obrazı özünə yaxın buraxmayasan. Həmin obraz daim adamın qulağına sentimental cızmaqaraçıya çevrilmək təhlükəsi barədə pıçıldayırdı, bu isə erkən vaxtından sərsəmliyə düçar olmaq perspektivindən heç də yaxşı deyildi. O da istisna deyil ki, hər iki variant eyni bir halın müxtəlif təzahürləridir. Amma budur, uzun müddət əli qələm tutmaq istəmirdi. Yəqin birinci dəfə üzünü qırxanda da belə olur. Uzunmüddətli xəstəlikdən sonra köynəyinin düymələrini bağlamağa çalışında da – bu dəqiqdir – bu cür baş verir. İllərlə sənin əvəzində köməkçilərin qəhvə dəmləyəndə, sənin əvəzində köməkçilərin yazanda, silahını yağlayanda, telefonunu dolduranda… Bu cür parazit həyatı sürəndə, adamın özündən asılı olmayaraq, ona yazı-pozudan ancaq başqalarının tərtib etdiyi sənədə imza atmaq qalır, özün düşünmək əvəzinə, yalnız başqalarının fikirlərini təsdiq, yaxud inkar etməklə məşğul olursan, bir də adama o işləri görmək qalır ki, bunları hətta gecə-gündüz mühafizəçilərin əhatəsində olan generallar da başqalarının yanında görmürlər. Adam tamamilə tənha qalanda isə uzun müddət başa düşə bilmir – bu qocalıqdandır, yoxsa işsizliyə öyrəşdiyindən. Məktəbli yay tətilindən sonra bu cür çaşqınlıq içində olur. Qələm də barmaqlarına uyuşmur, imla yazanda da diqqətini cəmləşdirə bilmir. Müəllimə isə kütbeyindir, başa düşmür ki, uşağı yay günlərindən sonra sinfə tədricən - imla yox, inşa yazmağı tapşırmaqla qaytarmaq lazımdır.
Qəhvə bu dəfə də daşdı. O, diqqqətlə qəhvədanın ağzına baxırdı, hətta fincanı yumaq üçün ikicə addım geriyə də çəkilmədi, amma köpüyün necə qalxdığını sezmədi.
İndi bir məsələni həll etmək lazım idi: dərhal, tökülən qəhvə qızmış dəmirin üzərində qurumamış təmizləməli, yoxsa bu işi qəhvə bişirməkdən sonraya saxlamalı? Əgər sonraya saxlasa, çox vaxt aparacaq. «Hara tələsirsən axı?» - Tənha adam istehzayla dilləndi. Yük maşınlarının aradabir eşidilən gurultusu, yaxud minik maşınlarının siqnalı hər halda divardan o tərəfdə həyatın olduğunu xatırladırdı. Bu həyatın mövcudluğunu gün batandan sonra hərdənbir sərçələrin civiltisi də yada salırdı. Bu kölgəsiz diyarda sərçələr gündüz harada daldalanırlar axı? Palmanın kölgəsini kölgə saymaq və palma ağacının yarpaqları arasından sərçə səsinin gəlməsinə adi bir şey kimi baxmaq üçün bu ölkədə nə qədər yaşamalı idi? Bir sağsağanın səsi daha inandırıcı görünərdi. Yaxud hansısa daha bəzəkli bir quşun. Sərçə isə onun təsəvvürünə erkən yazın ərimiş qar sularında çimən bir quş kimi gəlirdi. Əgər bu mənzərədə mütləq ağac da olmalı idisə, onda bu, ya iydə, ya da ərik olmalıydi – tezliklə tumurcuqlayacağı qaralmış yaş budaqlarından bilinən ərik ağacı. Və əgər ərimiş qar suyunda qışın aclığında arıqlayıb heydən düşmüş, amma havanın qızması ilə dirçəlmiş bir sərçəcik vardısa, o zaman heç mümkün deyildi ki, onun yanında dərhal balaqlarını çirmələmiş, yalın ayaqlarına səndəl geymiş bir oğlan uşağı da peyda olmasın və əlindəki çubuğu suya döyəcləyə-döyəcləyə sərçələri qovmasın. «Bəyəm sənin oğlun - itirmiş olduğun uşaqlığının axtarışı demək deyil?» - Tənha adam sanki qəhvənin birinci yandırıcı qurtumunu udurmuş kimi ehtiyatla düşündü. İndii qəhvəni dağıtmamaq üçün astaca kanetinə aparmaq qalırdı – iki otağından birini - yataq otağı olmayanı o, belə adlandırırdı. Külqabını da elə indi götürsün, yoxsa onun dalınca sonra qayıtsın?.. Hər halda özüylə götürdü. Düzdür, tələsməyə yeri yox idi, amma əgər bütün həyatın boyu qənaətçil hərəkətlərə, eyni zamanda bir neçə işi görməyə vərdiş edirsənsə, artıq bunu dəyişmək olmaz – lap günlərin sonsuz, vaxtın hüdudsuz olsa da. O, hələ də qəhvəni mətbəxdən otağa nəlbəkidə gətirməyi öyrənməmişdi. Qəhvə mütləq tökülürdü. Bir neçə il əvvəl, nəhayət, fincanı bir əlində, nəlbəkini isə o biri əlində tutmalı olduğunu başa düşəndə isə artıq gec idi. Üstəlik də bunu gec başa düşdüyünə görə özündən inciyirdi. Altı yaşlı oğlunun dördkünc sabun parçasını bir ovcunun içində fırlada-fırlada əlini necə sabunladığını görəndə də eynilə özünə acığı tutmuşdu və oğlu ilə fəxr eləmişdi. Ayaqqabı bağı bağlamağı öyrənməyə tam bir əbədiyyətin sərf olunduğu bu yaşda oğlunun bunu bir dəfə hardasa gördüyü və həmişəlik yadda saxladığını təsəvvürə gətirmək çətindir. Xoşbəxtlikdən insanda meymunun müəyyən vərdişləri hələ qalıb, onlar bizdə üzə çıxmasa da, bizim vasitəmizlə uşaqlarımıza keçir. Bir sözlə, əgər kofeni ona başqaları gətirmirdisə, özü nəlbəkisiz içirdi. Amma məqam müəyyən bir daxili təmtəraq tələb etdiyi hallarda o, nəlbəkinin dalınca ayrıca mətbəxə qayıdırdı. Eyni vaxtda külqabını da dəyişirdi. «Bir halda ki, belədir, - Tənha adam televizorun ekranındakı görüntüyə diqqət vermədən fikirləşirdi, - bir halda ki, sənin oğlun itirdiyin uşaqlığının axtarışıdır, onda sənin uşaqlığının da valideynin üçün onun öz uşaqlıq axtarışından başqa nə ola bilər?..» … O, siqareti tərsinə yandırdı. Belə hallarda o, qeyri-ixtiyari siqareti çevirirdi və ərimiş filtr dilini yandırırdı. Yalnız növbəti hərəkətilə siqareti külqabına atırdı. Artıq bununla barışmışdı. «Onda bu zəncirdə sənin həlqən haradadır? Uşaq valideynindən nə vaxt azad olur? Böyüyəndə – amma nə qədər böyüyəndə? Dərk edəndə – amma nəyi dərk edəndə?» Hər yeni uşaqlamı təzədən doğulursan, ölümü eynilə həyat qədər anladığın, yəni heç birini anlamadığın yaşını xatırlamağa çalışırsan?.. Bu, həyatın sonsuz olduğunu duyduğun qısa bir dövrdür və ola bilsin ki, sonralar həmin hissin dönə-dönə baş qaldırmasına ehtiyac var – artıq yetkin adamın həyatının mövcudluğundan əsər-əlamət qalmamış hissəsinin əsl versiyası kimi... Bu həyatın mövcudluğundan ona görə əsər-əlamət qalmayıb ki, həyat yalnız ölümün dərkinin olmadığı vaxtlarda mümkün idi.
Bunun ardınca isə təəccüblü şəkildə ölümün mövcudluğunun dərki və onunla birlikdə dəhşət, anlaşılmazlıq qarşısında dəhşət, sonra da çaşqınlıq gəldi – amma niyə? Və həmin vaxtdan etibarən artıq bu, həyat deyildi, Dəhşətin İlk Məqamına qədər yaşanan həyat deyildi, yalnız ölümün yanından sivihib keçmək məqsədi güdən uzun prosesi idi. Yalnız Allah qarşısında sonsuz köləlik idi. Qəhvə ona acı gəldi. Bu, hətta şəkərsiz qəhvədən də daha acı idi. Gərək gününü bir parça qəndlə şirinləşdirəydi, nə olasıydı ki, əvvəl-axır, həftə yeni başlanırdı. Bu ötən on bir ayın günlərinin düzümü elə idi ki, yalnız bir şey baş verirdi: həftə başlanırdı - həftə sona çatırdı. Günəşin çıxmasını - günəşin batmasını hesaba almasan. Amma dan yerinin tez ağarmasından, havanın gec qaralmasından, ayın çıxıb-çıxmayacağından asılı olmayaraq, gün ərzində müəyyən süni vurğular tapmaq lazımdır ki, vaxtın ağır gedişini parçalaya biləsən. İlk fincan qəhvədən sonrakı gün, bazardan əvvəlki şənbə günü, ağır bazar ertəsindən sonra asan çərşənbə axşamı…
Yerin cazibəsi insanı ayaq üstündə saxlamaq üçün kifayətdir, amma vaxtın rəhmsiz gedişi qarşısında ruhi müvazinətini qorumaqdan ötrü yetərli deyil. İnsan vaxtın qətran kimi qatı axınına qoşulub üzə, kosmosun ənginliyinə baş vura bilməz. «Bu anda öz qəhvənin dadı ilə kifayətlən,» - Tənha adam öz-özünə məsləhət gördü. Bu gün elə on beş il əvvəlki qəhvəni içməyindən doğan hissdən zövq almaq lazımdır. Ola bilsin, bu heç də həmin qəhvə deyil, bəlkə dadı da həmin dad deyil, amma dad yaddaşın deyir ki, elə həminkidir. Həm də istisna deyil ki, bir vaxt dad hissini itirsən, dad yaddaşın bundan xəbər tutmağa imkani verməyəcək. Hətta o da mümkündür ki, ölüm lap yaxınlaşanda yaşamaq vərdişin bunu başa düşməyə qoymayacaq. Hər dəfə mətbəxin pəncərəsindən baxmaq dəyanət tələb edirdi. Pəncərədən o tərəfdə isə – qonşu həyətdə tərpənməz palma və öz evinin dümağ, gözqamaşdırıcı daş hasarı vardı. Bu ağlıq nəyə gərəkdir? Günəşin parlaqlığından səmaya baxmaq mümkün deyil, dənizsə daha amansızcasına göz qamaşdırır, doğrudanmı hər tərəfdəki bu ağlıq əzablarını son həddə çatdırmaq üçündür? Dənizin yaxınlığı qətiyyən hiss olunmurdu. Cənub dənizi səhranın maye halında davamıdır. Hələ dənizə çox sağ ol demək lazımdır ki, balıqları bişirib sahilə tullamır. ...Bəli, səhranın sərt ilahiliyi, Xilaskar haqqında əfsanənin məhz burada yaranmalı olduğu sənə yaxşı məlumdur. Cənnət ümidi məhz burada doğulmalı idi, çünki ilboyu gündüz vaxtı bu
yer başdan-başa cəhənnəmdir, zülmət də soyuq rəngdə olsa da, cəhənnəm qazını kimpi istidir, havanın hərəkəti isə küləyin əsməsi deyil, insan bədənini yalayan od dilimidir.
Burada etiqad da fanatikcəsinə olmaya bilməz, çünki xilas üçün qızğın duadan və xilas olacağına dəli bir inamdan başqa burada əbədi cəhənnəmdən qurtulmanın ayrı yolu yoxdur. Xilaskar da insan cildində zuhur etməyə bilməzdi, çünki bu qumluğun və daşlığın içində totem kimi istifadəyə yararlı ola biləcək etibarlı bir şey yoxdur. Dəvəninin isə eyni zamanda həm ətini yemək, həm belində gəzmək, həm də ona sitayiş etmək mümkün deyil. Sitayiş predmeti mütləq insan simasında olmalı imiş, amma o insan da bizim kimi aciz olmalıymış. Başqa, əsl həyata gedən yolu da bilməməliymiş. Ona görə əsl həyat ki, bu həyat, deyəsən, alınmadı. Alınmadı, çünki yoxluğun əksi əzab ola bilməz. Heç kəs bu dünyaya yoxluqdan öz istəyi ilə gəlməyib, buna görə də həyat ona cəza kimi verilə bilməz, çünki günahsız cəzalandırıla bilməz. Heç kəs öz istəyi ilə gəlməyib, deməli, gedişinin bu qədər ağrılı dərk edilməsi üçün gəlməyib. Son nəticədə həyat elə bir qiymətə malikdir ki, onu geri alanda təbiət əvəzini əclaflıqla ödəməzdi. Yoxluğa keçid də dünyaya gəliş kimi, ən azı dərk edilmədən olmalıdır. Bunun əksi məntiqsiz olardı. Son atomuna qədər məntiqlə düşünülmüş kosmik varlığın gedişində bu cür qeyri-məntiqi məqam ola bilməz. Varlığın sonu dərk edilə bilməz, ona görə ki, son anı dərk etmək mümkün deyil. Son anın dərki istisnadır, çünki həmin andan əvvəlki anın duyulması vacibdir. Amma bütün məsələ də elə ondadır ki, məhz bu anın qavranması mümkün deyil, çünki heç kəs son anın qaçılmazlığına axıracan inanmayacaq. «Əslində, inanmamalıdır», - Tənha adam astadan dilləndi. Belə günlərin birində o, qəfildən yuxudan ayıldı və başa düşdü ki, bundan bir an əvvəl ürəyi bir anlığa dayandı. Dərk elədi ki, bu, məhz belə olur. Ürəyin müvəqqəti yaxud əbədi dayanmağını hiss etmirlər. Dayanandan sonra əvvəlki vəziyyətinə qayıtmasını duyurlar. Qıc olanda yıxılmaqlarını yox, ayılandan sonra qayıtmaqlarını hiss etdikləri kimi.
2000-2001-ci il.
Çevirəni Nadir Mirzə
|