http://www.litlab.org
home about partners terms and conditions
Armenian Azerbaijani English Russian
ERMƏNİSTAN
Vahram MARTIROSYAN
(1959)

Erkən yaşlarında çap olunmağa başlayıb. İki şeir toplusunun müəllifidir. Ümummilli hərəkat zamanı siyasi jurnalistika ilə məşğul olub, əvvəlcə Ermənistanın dövlət, sonra isə birinci özəl telekanalında analitik-publisistik redaksiyaya rəhbərlik edib, silsilə verilişlərin əsasını qoyub və aparıcısı olub.

2000-ci ildə televiziyadan gedib və bəyan edib ki, peşəkar yazıçı həyatı yaşamaq istəyir. Elə həmin ilin sonunda Martirosyanın «Sürüşmələr» kitabı nəşr olunub və bu, yeni dövrün ilk erməni bestselleri olub. Bir müddətdən sonra roman macar, rus, Azərbaycan dillərinə çevrilib, 2007-ci ildə isə eyni vaxtda Fransada və Kanadada fransız dilində nəşr edilib.

2001-ci ildə Martirosyan «Bnakir» ədəbi İnternet saytının və onun çap versiyasının həmtəsisçilərindən və həmredaktorlarından biri olub. Jurnalın ətrafında nonkonformist yazıçılar toplaşıblar və bu nəşr müasir erməni ədəbiyyatına azadlıq və təfəkkür genişliyinin yeni ölçülərini gətirib.

2002-ci ildə Vahram Martirosyan «Xaç adı altında» tarixi romanını, 2005-ci ildə «Bayquş» povestlər kitabını nəşr etdirib. Son illərdə tammetrajlı bədii filmlərə ssenarilər yazır.

Rus, fransız, ispan və macar dillərindən poeziya və nəsr əsərləri tərcümə edir.

  1. BALIQ
  2. YARIMKÜRƏ
  3. YADDAŞ ÇATIŞMAZLIĞI
  4. DOST
  5. MƏN

BALIQ

Biz yuxarısı dar, nazik ayaqlı girdə kətillərdə oturmuşduq. Köhnə körpünün üstündə, lap  məhəccərin yanında əyləşib, aşağı baxırdıq və bu xalq haqqında söhbət eləyirdik. Bizdən xeyli aşağıda çay axırdı, bu çayın bir tərəfi dik, ot basmış sahilə dirənirdi, o biri sahil isə yastıydı, ağaclarla örtülmüşdü, bu ağacların arasından alçaq, uçuq-sökük evlər görünürdü. Hardasa, evlərin arxasında şosse olduğu sezilirdi.

- Onlar əsasən balıq tutmaqla məşğul olurdular, - solda oturan, kimliyini xatırlamadığım bir adam dilləndi.

- Güman ki, burada pis yaşamırmışlar, deyirlər, çay ağzınacan balıqla doluymuş, - mən öz biliyimi bölüşdüm.

- Amma yüz ildi ki, onlar daha balıq tutmurlar.

- Niyə axı?

- Çayda balığın tükənməməsi üçün, - sağ tərəfimdə əyləşmiş orta əsrlərin turk səyyahına bənzəyən qonşum öz mülahizəsini söylədi.

Mən daha diqqətlə baxdım və gördüm ki, çay demək olar, tamam lillənib, düz ortasınacan qamış və hündür otlarla örtülüb. Bəli, çayın çox baxımsız görkəmi vardı… Amma, deməli, indi o, balıqla dolu olmalı idi, mən artıq suyun içindəki ot-əncərin arasında balıq sürülərinin necə üzdüyünü təsəvvürümə gətirirdim, hətta tutqun suda onların hərəkətini sezmək üçün diqqətimi də cəmləşdirdim. Amma bu vaxt soldakı qonşum əlini sol sahildəki hündür iydə ağacına tərəf uzatdı.

- Ona baxın, uçan balıq!

Doğrudan da ağacdan xeyli yuxarıda 25-30 sm uzunluğunda bir balıq çırpınırdı. O, get-gedə yuxarı qalxır, sürətlə bizə tərəf uçurdu. Tezliklə  balıq o qədər yaxınlaşdı ki, onu tuta bildim. Elə təəccüblü bir şey yoxdu, adi çay balığı idi, amma qarnı girdə yox, yastı idi. Balıq o qədər də bərk çırpınmırdı, mən ovcumu azacıq  araladım və onu həmsöhbətimə göstərdim:

- Möcüzədir! Lap möcüzədir! – türk səyyahı heyrətlə qışqırdı. - Mən bu balıq haqqında eşitmişdim. Amma bu vaxta qədər görməmişdim.

Yeyib-içmək məclisi üçün bir balaca balıq çox az idi, onu kiməsə bağışlamaq həvəsim də yoxdu, çünki yaman əcayib şey idi. Ona doyunca tamaşa eləyəndən sonra balığı suya atmaq qərarına gəldim. Amma balıq əlimə möhkəm-möhkəm yapışımışdı. O biri əlimlə bir təhər barmaqlarımı balıqdan aralaya bildim, amma onu ovcumdan qopartmaq artıq mümkün deyildi. Mən balığı qıçıma sıxıb, əlimi bərk-bərk cins şalvarıma sürtməyə başladım. Amma balıq indi də şalvarıma yapışdı və məni var gücüylə suya tərəf dartmağa başladı. Oturduğum kətil taxta məhəccərdən hündür idi, azacıq əyilsəydim, bədbəxtlik baş verərdi.

- Kömək eləyin, - astadan qonşularıma müraciət elədim.

Bir  baxın, lap adi balıq kimidir! Mavi rəngli cins şalvarın üstündə isə onu xırda pulcuqları olan kiçik balıqlardan fərqləndirmək mümkün deyil, - soldakı kimliyini xatırlamadığım qonşum dedi.

Bu zaman səyyah türk əyri-üyrü barmaqları ilə balıqdan yapışıb, qəfildən onu şalvarımdan qopardı. Balıq onun qarşısında havada çırpındı. Türkünsə qalın, uzun, üzünü dövrələyən qıvrım saçları vardı. Əgər balıq o saçlara ilişsəydi, türkün işi heç də yaxşı olmazdı.

28 noyabr 2000-ci il.

back to top >>>

YARIMKÜRƏ

O, uzaqdan görünürdü. Nəhəng yarımkürə adamı özünə çəkirdi. Elə təsəvvür yaranırdı ki, istənilən hərəkət məni qeyri-ixtiyari bu tamamilə ağ, böyük qurğuya yaxınlaşdırır. Və bir vaxtlar deyilən kimi, ayaqlarım özü məni ona tərəf apardı.

Nə qədər ki, son ayda vaxtımı keçirdiyim küləfrəngini əhatə eləyən yarpaqlar yaşıl və həddən artıq qalın idi, onun o biri tərəfində nə ola biləcəyini mən yalnız təsəvvürümə gətirə bilərdim. Amma yarpaqlar saralan və seyrələn kimi, orda-burda yaranmış boşluqlardan onun cizgiləri görünməyə başladı.

Mən dönüb gördüm ki, həmişəki kimi, ətrafımda kimsə yoxdur. Təkəm. Küləfrənginin bu başına hətta səs də gəlib çatmırdı, daha doğrusu, elə bil yerə yayılmış halda çatırdı. Bu, qəribə görünsə də, görünməsə də, yarımkürənin cəmi bir qapısı vardı. Qapı kiçik, onun ölçüləri ilə müqayisədə demək olar gözəgörünməz idi. Mən təzədən döndüm – boş xiyabanda adi həyət pişiyi dolaşırdı.

Orda nə tapacağım məndən ötrü maraqlı idi, amma bununla belə, nədənsə içəri girməyə tərəddüd edirdim. İçəri girmək üçün əvvəl gərək necə girmək lazım olduğunu başa düşəsən. Birbaşa qapının dəstəyini dartmağa cəsarət etmədim və zəngi axtarmağa başladım. Amma zəngə oxşar heç nə tapmadım. Yarımkürənin pəncərəsi də yox idi ki, onu taqqıldadıb kimisə çağıra biləydim.

Adətən zəngin olduğu qapının yuxarı sağ küncünü əlimlə yoxladım və qəfildən doğrudan da zəng səsi eşidildi. Zəng – əsl zəng kimi, fasiləsiz və ucadan səsləndi, daha başqaları kimi quş civiltisinə, ya heyvan səsinə bənzər səs çıxarmadı –əslində onları heç zəng də saymaq olmaz. Mən əlimi çəkdim, amma zəng hələ uzun müddət çalınmaqda davam etdi. Əgər açsalar, izah eləyərəm ki, burda mənim bir günahım yoxdur, görünür, sadəcə, zəng xarab olub. Axı mən inadkar olsam da, qətiyyən nəzakətsiz deyiləm.

Amma təəssüf ki, heç kəs görünmədi. Mən nəhayət, zəngin səsini kəsmək ümidi ilə onun görünməyən yerini yenidən əlimlə yoxlamağa başladım. Amma, zəng öz-özünə susdu. Mən bir az da gözlədim və qapı aralandı. Sadəcə, aralandı və sola sürüşdü. Mən içəri girdim və qapı arxamda səssizcə bağlandı. İri qübbəli zalda hər şey dümağ idi. Deyəsən, bura adamla dolu idi, amma heç kəs görünmürdü, yəqin onları bütün zalı kəsən hündür, qalın arakəsmələr gizlədirdi. Diqqətlə baxıb gördüm ki, arakəsmələr buzdandır.

Deməli, mən qışa düşmüşəm! Bir qədər uzaqda qırovla örtülmüş ağaclar vardı. Amma onu da sezdim ki, bu sonsuz bəyazlığı bəzi yerlərdə palçıq izləri korlayır. Bu izlər haradan ola bilərdi, axı mən buraya quru payızdan gəlmişdim?

Tələsmədən irəli getdim. Geri çevriləndə gördüm ki, həmin evsiz pişik dalımca gəlir.

Kaş burada nərdivan, heç olmasa, bütün yaşayış evlərinə qoyulan adi yanğın nərdivanı olaydı. Ehtiyatla yarımkürənin üstünə dırmaşar, irəlidə hələ nə qədər belə yarımkürələr olduğunu görə bilərdim. Ola bilsin, heç gözlənilmədən yaz yarımkürəsi tünd-göy, payızınkı - qırmızı, yay yarımkürəsi isə al-qırmızı rəngdə olsun. Amma yay yarımkürəsi şəffaf da ola bilər, onda asanlıqla hesabı itirmək olar.

30 noyabr 2000-ci il.

back to top >>>

YADDAŞ ÇATIŞMAZLIĞI

Xaçik Karapetyana

Mən evə həmişəki vaxtda, hətta bir qədər erkən qayıtdım. Səhər xəbər tutmuşdum ki, bir qohumumuz rəhmətə gedib, çox gözəl qadın idi, amma oğlu qocalmaqda olan anasını heç qara qəpiyə də saymırdı. İstəyirdim, hamı başa düşsün ki, bu qadına adamın necə də yazığı gəlir və oğlunun onu qiymətləndirməməsi necə də böyük təəssüfə layiqdir. Əlim də işə yatmırdı. Amma mənimlə bir-iki stəkan içmək, dərdimi azaltmaq üçün heç kəsi inandıra, işdən ayıra bilmədim. Evdə şam eləməyə oturdum. Yedimmi, yemədimmi, artıq yadımda deyil. Saat doqquz olmamışdı ki, yatağa girdim. Bir qədər televizorun kanallarını çevirdim və yuxuladım.

Oyananda lampanı yandırıb gördüm ki, hələ heç gecəyarı da deyil, saat on ikinin yarısıdır. Nə olmuşdu axı, başıma nə gəlmişdi, məni yatmağa qoymayan nə idi?.. Evə həmişəki vaxtda, hətta bir az erkən qayıtdım, səhər eşitmişdim ki, bir qohumumuz rəhmətə gedib, çox gözəl qadın idi, amma oğlu qocalmaqda olan anasını heç qara qəpiyə də saymırdı. İşdə hər şey öz qaydasınca gedirdi, bəzi xırda xoşagəlməzliklər isə boş şey idi… amma əlim işə yatmırdı, mən də adi vaxtlar olduğu kimi ləngimədim, evə bir az erkən qayıtdım.

Yaxşı şeyləri də unutmaq olmaz. Məsələn, təsdiq olundu ki, mənə güclü yaddaşı olan təzə kompüter verəcəklər. Yeni personajlarım daha sürətlə doğulacaq, daha təbii və plastik hərəkət edəcəklər. Daha uzunömürlü olacaqlar.

Bir də ki, ümumiyyətlə, tezliklə maaş olacaq. Gedib bir cüt yellənən kreslo alaram – nəhayət, onların harada satıldığını aydınlaşdırdım. Qardaşım söz verdiyi pulu göndərəcək, kiçik yay evi alaram, bu evdən də, axır ki, canımı qurtararam, sevdiyim qadın yanıma köçər. Yellənən kresloları həyətdə qoyarıq, yanaşı oturub qəhvə içərik, o, toxuyar, qulağımın dibində uzun-uzadı nəsə danışar, məncə sadəcə, qüruba baxacağam – yorulmuşam.

Onun sifətini xatarlamaq istədim, amma gözlərimin qabağına gəlmədi ki, gəlmədi. Bu yaxınlarda yaratdığım personajları xatırlamaq isdədim, amma onlar yaddaşımda əvvəlki tək yaraşıqlı və mütəhərrik canlanmadılar. İlk əlimə keçən kağız vərəqini götürüb yazdım:

Sonra mənə deyilmişdi:

Sən məhz oğul istəyirdin və bunu o dərəcədə arzulayırdın ki, Biz sənə arzunu yerinə yetirmək üçün mələk göndərdik.

O, 8 il mənim yanımda oldu. Sonra çıxıb getdi.

Həmin vaxt mən başa düşdüm ki, o, mənə müvəqqəti, öz ömrümü başadək yaşamaq üçün bəxş olunubmuş.

Mənim budağım sındı, məni zamanda məhv elədilər.

Mən daha yoxam.

Elə həmin il biz qəbristanlığa gedəndə qar yağırdı. Əla qar idi – tez-tez, iri dənəciklərlə yağırdı. Oğlumun məzarına tərəf heç bir ayaq izləri uzanmırdı. Sonra 17-18 yaşlarında bir yeniyetməyə rast gəldik. Qəbristanlıqda başqa kimsə yox idi. O, özü bizə yaxınlaşıb soruşdu:

Doğrudurmu ki, qəbristanlığa Pasxadan sonrakı gün gəlmək lazımdır?

Biz dedik:

Hə.

O, çıxıb getdi.

Yalnız bir qədər sonra ağlıma gəldi ki, bu yeniyetmə mənim yanıma qasid kimi göndərilibmiş, o başa salmaq istəyir ki, oğlum da mənə müvəqqəti bəxş edilibmiş, vaxtı tamam olanda, çıxıb gedib.

Bu, qasid idi.

Qızmar günəş mis pul kimi dığırlanırdı.

16.01.2001.
23:45

Bu sətirləri yazandan sonra hiss elədim ki, üşüyürəm. Amma bu ölkədə hamı üşüyür, burada təəccüblü nə var? Üstümə örtük salıb oturdum, sonra başa düşdüm ki, ürəyim dayanır. Xahiş elədim ki, dayanmasın, işləməkdə davam eləsin. Onunla ürəklə danışmaq lazım olduğu kimi - sakit və yumşaq danışdım. Mən onsuz da həmişə sakit danışıram. Amma o dayandı. Dedi ki, yaddaşı çatışmır. Və bütün proqramı söndürməyi xahiş elədi.

Bu hekayəyə əlavə olunmuş şeri Ermənistanın kompüter animasiyası üzrə ilk və ən yaxşı mütəxəssislərindən biri olan Xaçik Karapetyan məhz ürək tutmasından ölümü ərəfəsində yazıb.

24 yanvar 2001-ci il.

back to top >>>

DOST

Qışda axşam saat yeddi - həddən artıq kecdir. Bir az erkənsə, deyək ki, saat dörd, ya beş - yenə yaramır, hətta gülməlidir. Getməyə bilmərəm – bunu az qala bir ay gözləmişəm. Amma nə qədər yaxınlaşıramsa, bir o qədər də çox təəssüflənirəm. Ən çətini - axırıncı 100 metrdir, ona görə ki, onlar burada lap yaxın durublar. Üçü divara söykənib, beşi ağacın altında dayanıb, on nəfər tikintidən sonra atılıb qalmış beton plitələrin üstündə oturub, bir neçə nəfər də onların arasında gəzişir. Qadınlar saata baxa-baxa cüt-cüt durublar. Zülmətə bürünmüş ağacların yaxınlığında kiminsə uşaqları qaçışırlar.

Mən başımı sallayıb gedirəm, amma çox sallamamışam, yoxsa əfələ oxşayaram. Başını həddən artıq dik də tuta bilməzsən, elə bilərlər, özünü çəkirsən. Yaxşı ki, təkəm, qayğım ikiqat azdır, bununla belə, sonra ziyanını çəkəcəyəm.

Gülüş qopur. Amma çətin ki, bu, mənim ünvanıma olsun. Dəqiq mənim ünvanıma deyil. Mən axı elə bir gülməli iş görməmişəm. Di gəl, bunlar üçün nə fərqi: bəhanə var, ya yox, yanlarından keçərsən – elə bunun özü bəhanədir. Heyvanlar… Orada öz aralarında nədənsə danışırlar, amma bunun doğrudan da mənə dəxli yoxdur. Mənlik nə var? Əgər hətta varsa da, mən indi bunu başa düşə bilmərəm. Bəlkə də bir həftədən sonra mənə çatacaq, amma buna hələ çox var, həm də yaxşısı budur, heç çatmasın.

Artıq onların bərabərinə çatmışam, yanlarından keçirəm, keçdim! Daha qurtardı. Giriş əməlli-başlı işıqlıdır, ətraf camaatla doludur. Hamısı olmasa da, çoxu yenə mənə göz qoyur. Yaxşı, burada artıq bileti necə satasan? Belə bir şəraitdə? Amma satmasan, pul batacaq, hər halda, heyifdir.

Qoy gedib bir dövrə də vurum, qayıdıb sataram. Amma yox, bu yolu ikinci dəfə getmərəm. Bacarmaram. Həm də gecikirəm. Hərçənd, vaxtında içəri girsən də, onlar özləri gecikmə ilə başlayırlar, gözləmək lazım gəlir. Sən gecikəndə isə qapını vaxtından əvvəl bağlayırlar.

Satım—satmayım? Satım-satmayım? Amma yəqin ki, birini heç kim almayacaq. Dilə tutmağa başlayacaqlar ki, hər ikisisini satım. Mənsə buna razı deyiləm. Özümünkünü satmaq istəmirəm.

O da yaxşı eləmir, bir az tez imtina edə bilməzdi? Əlbəttə, bəhanəsi var: «Bəs alanda məndən soruşmuşdun? Allah eləməsin, sənin yerində mən olsaydım, indi zəhləmi tökmüşdün».

Düzdür. Zəhləsini tökərdim. İlahi, bu nə əzabdır!

Heç satmayacağam! Qoy batsın. Cəhənnəm olsun pul… Girişə yaxınlaşıram, amma bu kütləni yarıb keçə bilmirəm. Bağışlayın, deyirəm, imkan verin keçim, mənim biletim var, amma səsimi kimsə eşitmir, həddən artıq sakit danışıram. Və budur, içəridən kimsə hansısa elanı səsləndirmək üçün bayıra çıxır, hamı onu dövrəyə alır və qapını kəsdirmiş nəzarətçinin yanına aparan yol açılır.

- Bu görkəmdə buraxa bilmərik.

- Görkəmimdə nə var ki? Adi görkəmdir.
- Yox, bu görkəm deyil. Buraxmaram.

- Nə var axı. Nə var?

- Görkəm deyil, vəssalam. Heç güzgüdə özünə baxmısan?

- Yaxşı da, burax görək…

Bax belə, onsuz da bilirdim, məsələ bu yerə gəlib çatacaq. Öz-özümdən qusmağım gəlir. Bəli, bilirdim ki, bura axşam gələcəyəm, yalvarmağa və alçalmağa başlayacağam, sonra da ürəyim bulanacaq. Amma xahiş eləməsəm, camaat geri axışacaq və məni lap axıra sıxışdıracaqlar.

- Əşi, buraxın onu, niyə buraxmırsınız? – qəfildən kimsə arxamdan səslənir.

- Onu bu görkəmdə necə buraxa bilərəm?

- Burada qorxunc nə var ki? Adi görkəmdir.

- Mən öz işimi bilirəm, yaxşısı budur, sən burnunu soxma, ürəyi yanan tapılıb.

- Harada deyilir ki, bu görkəmdə buraxmaq olmaz? Görərsən, şikayət eləcəyəm.

Görürsənmi, nə yaxşı insandır, axı ondan mənə kömək çıxmağı heç kəs xahiş eləməmişdi. Zala girirəm. Burada səs-küy var, amma yerlərini tutanlar məni görəndə qəfildən səslərini kəsirlər. Mən ətrafa baxmaq, tanış bir üz olub–olmadığını görmək istəyirəm, amma bilirəm ki, hamı elə bunu gözləyir, ona görə də yerimdən tərpənmirəm. Mənim yerimin yanında bir tərəfdən üç, o biri tərəfdən dörd boş yer var. Elə bu məqamda başlayaydılar, nə yaxşı olardı! Bir neçə dəqiqə də keçdi. Hə, başlamaq lazımdır axı… Yenə beş dəqiqə… Bu nədir belə? Kimsə fit çalmağa başlayır. Bir-iki dəqiqədən sonra başlayarlar. Hamı əl çalıb qışqırır. Amma bu da yaxşı iş deyil.

Elə bu vaxt onlar gəlirlər. İkisi bir tərəfdən, dördü o biri tərəfdən. Dərhal mənə onların iki dostu ilə yerimi dəyişməyi təklif edirlər. Həmin iki nəfərin yeri ən axırıncı sıradadır, amma onlar da bizim sıranın yanında durub bunların məni razı salmasını gözləyirlər. Düzdür, sonuncu sıra da bəlkə pis deyil, mən həmişə arxamda heç kəs olmayanda özümü rahat hiss eləyirəm, amma bu, həddən artıq uzaqdır. Bir də ki, mənim harada oturmağıma qərar vermək onların işi deyil. Hə, get görək, bizsə yanaşı oturacağıq. İki, yenə ikisi –eləyir dörd, üstəgil yenə dörd nəfər – cəmi səkkiz nəfər. Bu o deməkdir ki, onlar səkkiz nəfər yanaşı oturmaq istəyirlər? Nəylərinə lazımdır? Yo-ox, getmərəm. Get-mə-rəm! Qoy bir biletinə baxaq. Axı sən onu biz alından üç gün sonra almısan, bəs niyə bizə yalandan deyirdilər ki, yanaşı səkkiz yer yoxdur. Mən haradan bilim niyə, siz bunu onların özündən soruşun, mənə iki bilet lazım idi, ikisini aldım.

Hə, bir halda ki, belə danışırsan, biz ümumiyyətlə, sənin bu görkəmdə bizimlə yanaşı oturmatğına razı deyilik. Mənim görkəmimə nə olub axı? Xoşumuza gəlmir. Normal, hətta adi görkəmdir. Sən bunu adi sayırsan? Onda burada qeyri-adi nə var axı, deyin görüm! Deyərik! Buyurun görək! Deyərik!

- Nə baş verib axı? Bu adamı rahat buraxın! – hiss edilmədən yaxınlaşan bir dostum deyir.

- Sadəcə, istəyirik ki, o, yerini bizim dostlarımızla dəyişsin.

- Bəlkə o dəyişmək istəmir.

- Yaxşı, istəmir, lazım deyil. Amma düzünü desək, bu görkəmdə burada oturmaq düzgün deyil.

- Onun hansı görkəmdə oturması sizin işiniz deyil.

Dostumun adətən oturduğu səmtə baxıram, görürəm ki, onun arvadı mənə əl eləyir. Mən də ona əl eləyirəm, yanımdakı boş yeri göstərib başa salıram ki, bu gün təkəm. O, başını tərpədir.

- Nə olub? Qorxdun? Elə bildin, köməyinə gələn tapılmayacaq, dostların yoxdur? – dostum əlini çiynimə vurur.

Bəlkə də qorxdum, bilmirəm.

O, öz yerinə qayıdıb, arvadının yanında oturur. Mənsə oturub bunların nə vaxt başlayacaqlarını gözləyirəm. İndi başlayarlar. Elə hey uzada bilməzlər ki.

12 noyabr 2000-ci il

back to top >>>

MƏN

Bahram Martirosyana

Gecəyarısına yaxın idi. Qorxulu bir şey yoxdu, bəzən gecə üçdə də qayıtdığım olub, amma ümumiyyətlə, nəzərə alsaq ki, axşam saat beşdə gələcəyimə söz vermişdim, bir az gec idi. Bəlkə bir az da ləngiməyə dəyərdi ki, artıq evdəkilərin hamısı yuxuya getsin, səhərlər izahat vermək həmişə daha asan olur. Amma içki qurtardı, hamı dağılışmağa başladı, bizimkilər yatanacan bu şaxtada avaralanmayacaqdım ki?

Belə hallarda adətən pəncərələrimizə baxmamağa çalışıram, nəzərlərimi yayındırıram. Azmı şey ola bilər, bəlkə artıq yatıblar, axı belə vaxtlar da olub.

Bu dəfə də baxmamağa çalışdım, bununla belə gözümün ucuyla gördüm ki, mənzildə işıq yanır. Özü də təkcə qonaq otağında yox, mənim otağımda da yanır. Çox maraqlıdır! Bu nə məsələdir? Olmaya ağıllarına gecə vaxtı mənzildə yır-yığış eləmək düşüb. Ümid edirəm ki, belə deyil. Yoxsa əlimə bir tozsoran verib otaqdan-otağa qovacaqlar.

Pilləkənlərlə qalxa-qalxa qulaqlarımı şəklədim. Tozsoranın səsinə oxşayan səs eşidilmirdi. Nəfəsimi dərmək üçün pilləkənlərin başında ayaq saxladım. Nəsə özümü narahat hiss eləyirdim, qayışımı möhkəm çəkmişdim? Yoxsa içdiklərim artıq ağzıma gəlirdi? Hər ehtimala qarşı qayışımı boşaltdım, bir az dayandım, sonra qapını açmağa cəhd göstərdim. Əgər öz açarımla aça bilsəm, deməli, gec qayıtmağımla barışıb, o biri açarı içəri tərəfdən çıxarıblar.

Evin açarı dəstin içindədir, dəst qurşağımdadır, onu hər dəfə açmağa həvəs yoxdur, çünki dəsti kəmərə bərkidən dəmir halqa çox möhkəmdir. Bunsuz qapını açmaqsa o qədər də asan deyil. Çünki açarı qapının deşiyinə salıb bir dəfə fırlayandan sonra o, dəstin başqa açarlarına dolaşır və bu zaman qapını açmaq üçün özüm də bütün bədənimlə burulmalı oluram.

Düzdür, həmişə axırda aça bilirəm. Bu dəfə qapını təəccüblü dərəcədə asanlıqla açdım, içəri girib paltomu kandardakı asılqandan asdım. Otağımın qapısı açıq idi, içəridə işıq yanırdı. Başımı qapının arasından uzadıb gördüm ki, orada özüm otururam. Əvvəlki yerimdə - kompüterin arxasında yox, jurnal masasının arxasında əyləşmişəm. Üstəlik də həmişəki təki stulun üstündə deyil, qəribə tərzdə böyründə oturmuşam. Yaşıl sintetik idman gödəkçəsi, qəhvəyi şalvar geyinmişəm, başımda qara xizək papağı, boynumda qırmızı şərf, gözümdə iri qəhvəyi gün eynəyi var. Ömrümdə buna bənzər paltarım olmayıb, əksinə, belə şeylərdən həmişə zəhləm gedib. Hələ onu demirəm ki, papağın altından saman rəngli saçlar çıxmışdı, mənimsə saçım qara rəngdə idi.

Mən ayağımı ayağımın üstünə aşırıb oturmuşdum, bundan şalvarımın balağı çirmənmişdi, kauçukabənzər cəhrayı baldırlarım bayırda qalmışdı.

İçəri girmək istədim, sonra fikrimi dəyişib yemək otağına keçdim.

5 yanvar 2001- ci il.
Çevirəni Nadir Mirzə

back to top >>>

Ədəbi laboratoriya-Yazıçılar münaqişələrə qarşı layihəsi münaqişədə olan xalqlar arasında qarşılıqlı düşmənçiliyi aradan qaldırmağa kömək məqsədi güdür. Bu o demək deyil ki, veb-saytda təqdim olunmuş əsərlər məhz həmin düşmənçiliyi doğurmuş hərbi və siyasi qarşıdurmaya həsr olunub. Saytda heç bir mövzu və ideoloji məhdudiyyət yoxdur. «Azərbaycanlıların (ermənilərin) maraqlı müasir ədəbiyyatı var» - saytın məqsədi oxucularda belə bir reaksiya doğurmaqdır. Çünki bu, münaqişədə olan xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa və münaqişənin həlli üçün zəruri şərait formalaşdırmağa yardım göstərə bilər. Əsərlərin erməni və azərbaycanlı qəhrəmanlarının davranışları, düşüncələri arasında oxucu yanlış stereotipləri və birgə yaşayışın mümkünsüzlüyü barədə təsəvvürləri aradan qaldıran bir çox oxşarlıqlar da aşkar edə bilər.

Müəlliflərin seçimi zamanı veb-saytın ədəbi koordinatorları həm əsas cərəyanları, həm də yeni meylləri nəzərə almağa çalışıblar.

home about partners
Forum