| ERMƏNİSTAN |
 |
| SUSANNA ARUTYUNYAN |
| (1963) |
|
Geqarkunik vilayətinin Karçaxbür kəndində anadan olub. X.Abovyan adına Yerevan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. İlk hekayəsi «Mən nağıl olanda» adı ilə 1974-cü ildə «Pioner kanç» qəzetində, ilk kitabı «Əbədiyyət» isə 1966-cı ildə nəşr olunub. 2002-ci ildə nəsr əsərlərindən ibarət «Əsrin sonunda bazar ertəsi», 2006-ci ildə isə «Həyatdan xəbərlər» kitabları çapdan çıxıb. «Harmoniya» pyesi İranda tamaşaya qoyulub.
Susanna Arutyunyan yersiz səs-küy, sərt tənqid, yaxud boğazdanyuxarı təriflər olmadan erməni ədəbiyyatının tanınmış müəlliflərindən birinə çevrildi. Sadəcə, onun öz materialının olması hekayədən – hekayəyə daha aydın görünməyə başladı, ifadə vasitələrindən ciddi və məqsədyönlü istifadə isə müəlliflə yanaşı, oxucunun da hadisələrin iştirakçısı olması effekti yaradır.
|
|
QÜDRƏTLİ ÖLÜM
Bürkülü və yağmurlu yay - isti idi!.. Nəfəs almaq olmurdu, üstəlik də yağış kəsmək bilmirdi, səmanın gözləri islaq yerdə idi, heç cür ağlayıb doymurdu. Elə hey çisəkləyirdi.
- İstidən və rütubətdən artıq köklər çürüyür, - anam saralan otlara baxa-baxa dedi, - əgər belə getsə, göylərin bütün dərdi–azarı torpağa axıb töküləcək. Göyün ağzı nədən belə açılıb, bir ucdan tökür? Belədə torpağın altında kartof da çürüyəcək.
İçəri təzəcə keçməyə macal tapmışdıq ki, yağış yenə başladı:
- Özün bilərsən, sənin göyündü, - mən masanın üstündəki girdə qrafindən su içdim, - yorulmuşam. Bəsdir, yatıram.
Daldalandığımız yer qaranlıq idi – torpaqda qazılmışdı, havası istitəhər və kəsif iyliydi. Bu havadan ağızda acı dad qalır, adamın sinəsi sıxılır. Amma bura bütün kənddə yeganə təhlükəsiz yer idi və mən ləzzətlə başdan-ayağa rütübət iyi verən taxtın üstünə uzandım. Elə uzanmağa bənd imişəm, dərhal yuxuya getdim.
Anamın təngiyən və xırıltılı nəfəsindən oyandım. Onu çağıranda: «Ölürəm» dedi.
- Ağlına da gətirmə! – səsimi ciddiləşdirib onu hədələdim. – Hər kəs ölməyi bacarar, yaşamaq ondan çətindir…
Səhər axırıncı yaralıları yola salanda, anamın yarası lap balaca, elə xırda idi ki, onu cızıq hesab etdik, anam da yaranı sarımağa qoymadı: «Əbəs yerə tənzifi niyə korlayırsan, - dedi, - saxla, sonra lazım olar». İndi isə budur, inildəyirdi: «Ölürəm».
Mən inanmadım, o biri böyrümün üstünə çevrildim və adyala daha rahat büründüm.
- Nahaq yerə qalmışıq, - anam şikayətləndi, - axı yazıq sürücü min dəfə təklif elədi: «Oturun, gedək, burada qalmağın xeyri yoxdur»… Mənə nə olub axı. Vəhşi heyvan kimi bir yerə bağlanıram, ordan heç cür aralana bilmirəm, indi sən tək necə qalacaqsan? - o, özünə acıqlanırdı.
- Tfu, - mən narazı-narazı donquldandım, - bu zülmət az idi, sən də bir tərəfdən başladın.
- Heç olmasa mənim üstümdə ağlarsan, - gözlənilmədən anam xahiş elədi.
- Daha nə istəyirsən…
- Nədir, duzlu suya heyfin gəlir, - anam hirsləndi.
- Hə, əgər mən ağlasam, su axar, duz isə qırov kimi qəlbimin üstünə çökər və qəlbim duzlu torpaq kimi çatlayar.
- İndi boşboğazlıq vaxtı deyil, - o, öyüd-nəşhət verdi, - sən mənim yeganə varisimsən, buna görə mən öləndə ağlayarsan.
- Uf, indi sənlik halım yoxdur, imkan ver, heç olmasa bir az yatım, səhər o qədər işimiz var ki; bütün evləri bir-bir gəzmək lazımdır, birdən hansısa qorxmuş uşaq günc-bucağa qısılıb qalar, ya da kiminsə meyiti-filanı qalmış olar.
- Mən səndən ötrü hansısa meyit olmayacam, yaxşı ömür sürmüşəm və mənim ölümümə ağlamağına layiqəm, - o, sakit səslə məni inandırmaqda davam edirdi.
Mən əsəbi halda nazik, kif qoxuyan adyala bürünüb oturdum.
- Əgər mənə yeməyə bir şey versən, ola bilsin, hətta saçımı da yolum, acından ölürəm.
- Orada, şkafın altında çuğundur var… - o, sözünü axıra çatdıra bilmədi.
- Nədir, donuz otarırsan?.. Çuğundur! – qəzəbli halda qışqırdım. – Şirin bir şey saxlamamısan?
- Yox.
- Nədir, səni tanımıram? Yəqin ki, gizlində nəyin isə var. Hə, yaxşı-yaxşı fikirləş, - əl çəkmirdim, - yaralılara verdiyindən,… Şirin şey istəyirəm.
- Bəs daha tünd bir şey istəmirsən? – o, zəifləmiş səsi ilə üstümə qışqırmağa çalışdı. –
Mən gözünün qabağında ölürəm, sənsə əl çəkmək istəmirsən – buna şirin şey ver!
- Burda nə var axı?
- Bir başa düş, mən ölürəm.
- Tutaq ki, belədir, mən neyləyə bilərəm axı? – onun əsəbləri ilə oynamağa başladım. – Tərslikdən, keşiş də deyiləm, odur ki, döz…
- Öləndə yanında keşiş olması üçün gərək allaha xoş həyat sürəsən.
- Bəs sən allaha xoş həyat sürməmisən? – ona təskinlik verdim. – Oğurluq eləməmisən, qəhbəlik eləməmisən. Hansı günahların var axı?
- Mənim günahım elə sənsən, - o, yazıq görkəm aldı.
Bir müddət susduq. Mənə elə gəldi ki, anam yuxuya getdi – ahəngdar nəfəs almağa başladı.
Qaranlıq idi. Saatın necə olduğunu bilmirdim. Anamın böyründə yumağa dönüb onun ayaqlarına sığındım, ayaqları isə soyuq idi.
- Ölürəm, - o, yenə pıçıldadı.
- Bəlkə də elədir, - dedim, - ayaqların çox soyuqdur, elə bil ölü ayaqlarıdır.
- Nəfəsim də gücnən çıxır, - o, kəsik-kəsik, elə bil uzun ağlamaqdan sonra hıçqırtı ilə dedi.
- Bəs sən əminsənmi ki, məhz bu cür ölürlər?
- Haradan bilim: - o dedi, - Birinci dəfədir ölürəm.
- Hər şey görmüşəm, amma zarafat edən ölüləri görməmişəm, - deyə fınxırdım, - sənə heç nə olmayacaq, eləcə əsəblərimi korlayacaqsan.
- Sən istənilən halda mənim üstümdə ağla, - anam təzədən əvvəlki söhbətə qayıtdı.
- Oh, – mən ümidsizcəsinə köksümü ötürdüm. – Sənin necə dözülməz uşaq olduğunu təsəvvür edirəm.
- Mən gözəl uşaq idim, - anam əzizlənə-əzizlənə dedi, - amma söz ver ki, mənim üstümdə ağlayacaqsan.
- Eh, sən məni boğaza yığdın! – mən artıq az qala qışqırırdım. – Ağlayaram.. . Sən elə bilirsən ki, göz yaşları dərd əlamətidir? Adamlar nədən desən ağlamırlar – ağrıdan da, sevincdən də, sevgidən də, nifrətdən də, gücsüzlükdən də, xoşbəxtlikdən də, bədbəxtlikdən də… - mən hirsli-hirsli sadalayırdım.
- Bəs sən? – o, partladı, - bəs sən özün nədən ağlayırsan?
- Heç bir şeydən, - onun sözünü soyuq və quru halda kəsdim, - mənim qəlbim kütləşib. Müharibə görmüş adamı ağlamağa məcbur etmək çətindir. Ağrı hissi oyatmaq üçün iynəni dəlilərin dırnaqlarının altına necə soxduqlarını görmüsən? İndi məni çarmıxa çəksələr də, çətin ki, ağrı gözümdən bir damcı yaş çıxara bilsin.
- İlahi! – o, ümidsizlik içində inildədi. – Bu necə nəsildir sən böyütmüsən? .. Bax, mən isə anamın öldüyü gün həddən artıq mərhəmətli olmuşdum! Qəlbim tamam yumşalmışdı və mən ağlayırdım… Nə qədər gül çələngi vardı!.. Evdə yer də qalmamışdı və mən hönkürtü ilə ağlaya-ağlaya çələnkləri bayır divarının dibinə düzürdüm. Adamlar isə hey gəlir, gəlirdilər… Anam öldü və hamı qəfildən onun varlığını hiss etdi… Mən axı erməni qadınıyam, öz hisslərimi saxlaya bilmirəm, o ki ola belə bir dərdin qabağında - ucadan ağlayırdım, başqa qadınlar da səsimə səs verirdilər. Biz ağı deyirdik, mənim dərdim kədərli mahnıya çevrilirdi…
- Bilmirəm, bütün bunları mənə niyə danışırsan, ancaq mənə ümid eləmə, mənim səsim yoxdur.
- Dərdi ağlamaq üçün bülbül olmaq lazım deyil, insan səsi də bəs edər.
- Dilə tutma, mən dərddən tutuluram, oxumaq nədir, söz demək qabiliyyətimi itirirəm …
- Deməli, sən mənimlə bağlı kədərini ağıya çevirməyəcəksən? – anamın səsində ümidsizlik açıq-aydın sezilirdi.
- Yox.
- Onda mənim həyatımın nə qiyməti var, - o ağladı.
- Ana, mənə elə gəlir, sən başımı xarab edirsən, - mən əsnədim.
- Lap az qalıb, döz, - o, incidi, - bax, indi mələk Cəbrayıl gələcək… - anam göz yaşlarını güclə saxlayaraq boğazını arıqladı.
- Ana, nədir, o sənə söz verib ki, gələcək? – mən gülə-gülə onun sözünü kəsdim.
- Yox, - o, bu gözlənilməz sualdan tutuldu.
- Bir halda ki, söz verməyib, niyə yad kişilərə göz qoyursan? – mən eyni zarafatçıl ovqatla sözümə davam etdim.
- Oh, görüm səni yox olasan!... – o da gülümsündü. – Niyə belə sarsaqlayırsan axı?
- Bəs neyləyim?
- Necə yəni neyləyim? Sənin anan ölür.
- Axı o, hələ ölməyib.
- İndi məni ələ sala bilərsən, mələyə də lağ edə bilərsən, amma vaxtın çatan kimi, sən də sakitcə, döyülmüş küçük kimi onun dalınca gedəcəksən.
- Bir halda ki, hamı bu cür itaətlə gedir, deməli, bunda dəyərli bir şey var.
- İndi mən beyni inkişafdan qalmış bu qızı tək buraxıb necə gedə bilərəm? – anam özünü didməyə başladı.
- Gəl səhər açılanacan birtəhər dözək, – mən yalvardım, – onda cədvəl də tərtib edərik.
- Bəyəm bu mənim əlimdədir?..
Gecəyarı anam sayıqlamağa başladı. Hərdənbir özünə gəlirdi və mənə onu necə dəfn etmək barədə göstərişlər verirdi – hər şeyi qaydasınca olmalıdır, bahalı tabutda, ipək və məxmər içində, kədərli qohumlar və üzü tüklü kişilərlə, yeməyin çoxluğundan əyilən masalarla - amma şirniyyat-filan olmamalıdır, - göz yaşları və ağılarla, bu dünyada yaşadığı əzabları şəraitə uyğun olaraq şişirtməklə.
… Günəş çıxmağa hələ macal tapmamışdı ki, anam öldü. Mən onu bəzi yerləri rütubətdən çürümüş xalçaya büküb tək basdırdım. Cəsədi yağışdan və günəşdən dağılan, yanları çat vermiş arabaya qoydum. Arabanı özüm çəkirdim – qış ərzində bütün mal-qaranı kəsib yemişdik. Yol boyu araba qulağımın dibində cırıldayır, onun böyrünə bağladığım bel isə küt-küt taqqıldayırdı.
Bəxtimdən, hava günəşli və isti oldu. Arabanın ağırlığı altında bütün qan-tərə batmışdım, həddən artıq güc gəldiyimdən, boynum ağrıyırdı, çiyinlərimin əzələləri şişib qalxmışdı… Can verən qayanın daşları tökülüb, dərənin girişinə səpələnmişdi. Daş-kəsəkli yol ayağımı sürtüb ağrıdırdı... Ürəyim sancırdı, amma gözümdən yaş çıxmırdı.
… Mən qəbristanlığa çatanda günəş artıq əyilirdi. Hava hələ əvvəlkitək işıqlı idi, göz yaşlarım yenə də yox idi. Arabaya söykənib fikirləşirdim – anama harada qəbir qazım: atamın, nənəmin yanında, yoxsa böyründə özümə də yer saxlamaq üçün tamam başqa yerdə…
Eyni zamanda anama yazığım gəlirdi: onun ölümü baş tutmamışdı…
Çevirəni: Nadir Mirzə
|