| AZƏRBAYCAN |
 |
| HÜSEYNOV SAMIR SƏDAQƏT OĞLU (SAMIR SƏDAQƏTOĞLU) |
| (1975) |
|
1975-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunda anadan olub. 1998-ci ildə Bakıda özəl universitetin hüquq fakultəsini bitirib. «Qanun» jurnalında müxbir vəzifəsində çalışıb, Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya seksiyasının müdiri olub. 2003-cü ildə «Sənət» qəzetini təsis edib. Həmin nəşrin baş redaktorudur.
Yazıçı, publisist, dramaturqdur. «İtən vaxt» kitabının (2003) müəllifidir.
2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin «İlin ən yaxşı gənc naşiri» və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyatzadə adına «Uğur» mükafatlarına layiq görülüb. 2002-ci ildə Samir Sədaqətoğlunun «İtən vaxt» monopyesi əsasında Bakı Dövlət Kamera Teatrının səhnələşdirdiyi tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının xüsusi mükafatını qazanıb.
2006-cı ilin noyabrında dini nifrət və düşmənçilik salmaqda günahlandırılaraq həbs edilib və hazırda istintaq altındadır. Həbsə S.Sədaqətoğlunun baş redaktor olduğu qəzetdə dərc edilmiş başqa bir müəllifə məxsus məqalə səbəb olub.
|
|
VAXT OĞRUSU
Həmin müdhis hadisə on il bundan əvvəl baş verdi. Düz on il bundan qabaq o, bütün hissiylə, ağlıyla, içiylə, varlığıyla birdən-birə, qəfildən, lap qəfildən günün birində gözlərini əbədi olaraq yumacağını, öləcəyini dərk etdi. Bu tapıntısı, qeyri-adi kəşfi onu izah edilməyəcək dərəcədə dəhşətə gətirdi, əti ürpəşdi, tükləri biz-biz dayandı, bütün bədənini soyuq bir tər dalğası yalayıb keçdi və o, ilk dəfə ölümdən qorxdu. Nə qədər əlləşsə də, çək-çevir etsə də daha bu dünyada olmayacağını, günəşi, gülləri, ağacları, otları, ayın işığını, övladlarını görməyəcəyini, müştərilərin xarab, dayanmış saatlarını təmir etməyəcəyini, arvadını sevməyəcəyini heç cür ağlına sığışdıra bilmirdi və az qalırdı ki, bu bəd, mübhəm, bəd və mübhəm olduğu qədər də qəribə, qarışıq düşüncələrdən ürəyi partlasın. Doğrudan da bu əsl məşəqqət idi və görəsən doğrudanmı o, bütün bunlardan – dünyanın zövgündən, dərdindən, qəmindən, sevincindən, balalarından, arvadından, bu dünyanın rəngbərəng adamlarından birdəfəlik və həmişəlik məhrum olacaqdı. Əgər həqiqətən də hər şey məhz belə olacaqdısa, onda zövqü-səfası, cövrü-cəfası bilinməyən bu ömrü yaşamağın nə mənası varmış. Özündən sonra bu fani, gidi, namərd oğlu namərd dünyanın necə olacağıyla bağlı mənzərələr gözləri önündə canlandıqca, o, hər şeyə tüpürmək istəyir, səsi batana qədər, nəfəsi dayanana kimi çığırmaq, qışqırmaq, bağırmaq istəyirdi. Hər necə olsa da, ondan ötrü pis və yaxşı adamlarıyla, sevinciylə, dərdiylə, tez-tez dəyişən ahəngiylə, insanı sındıran və adamı başqalarını sındırmağa məcbur eyləyən qəribə, dərk və həzm olunmayan olaylarıyla bu, həmişə təzə və hər zaman köhnə dünya daha yaxşı idi. Çünki o, bu dünyaya lap doğma balaları kimi öyrəşmişdi, özü kimi öyrəşmişdi, balaca iş köşkünə, çörəyə, günəşə, hətta arvadına isinişdiyi kimi öyrəşmişdi bu dünyaya və bu dünya bütün ecazkarlığı və eybəcərlikləriylə ona daha xoş və doğma idi.
Həqiqətən də qəribəydi və nə qədər qəribə olsa da, bu iş çox sadə, adidən də adi təsir bağışlayırdı. O, öləcək, hamı kimi onu da dədə-baba qaydasıyla qəbiristanlığa aparıb soyuq torpağın ağuşuna qoyaraq dəfn edəcəklər. Onun cəsədinin üstünü torpaqlayandan sonra bu qəbir adlanan, onu yeməkdən ötrü ağzını bir-iki metr açmış bu qazılmış torpaq sahəsinin alt qatına bir daha günəş işığı düşməyəcək. Heç vaxt. Heç vədə. Günəş əbədi olaraq sönəcək. Əbləhlər. Bu böyüklükdə də iftira olarmı? Axı bu yalançı və vicdansız adamcığazlar günəşin heç zaman sönməyəcəyini iddia edirlər.
Dəfndən sonra hamı heç nə olmayıbmış kimi geri qayıdacaq. Fəqət həmin axşam o, ilk dəfə öz evinə getməyəcək, hər an üzünə açıq olan evinin qapısını açıb içəri daxil olmayacaq. Uşaqlar onun yolunu gözləyəcək, analarından «Axı atamız harda qaldı? Niyə gəlmir?» – deyə soruşacaqlar. Arvadı da mütləq, mütləq nəsə uydurub onları sakitləşdirəcək. Çünki bu qadın adlanan məxluqun kişilərdən üstün və fərqli bircə cəhəti vardır: onlar hansısa məqamda elə yalanlar uydururlar ki, həqiqətdən heç nə ilə fərqlənmir. Və həmin axşam ilk dəfə onun ən çox xoşladığı yeməyi – bozbaşı göy soğanla, vəzəri, keşniş və isti, ətirli təndir çörəyiylə onsuz süfrə başına yığışaraq yeyəcəklər. Sonra təzə səhər açılacaq… Və onun körpə, məsum, doğma – qanibir-canibir balaları yaşamaqdan ötəri tənha, kimsəsiz, bap-balaca qayıq kimi bu təlatümlü, gəlimli-gedimli dünyanın qoynuna atılacaqlar.
Və ən dəhşətlisi də odur ki, heç şübhəsiz, bu təzə səhər onun arvadı üçün də açılacaq. Və Allah bilir ki, hansı dərənin vələddüzinası innən belə onun arvadının incə, xəfif, sarı tellərini oxşayacaq, o ala gözlərindən öpəcək, qara başını arvadının dağların qarı kimi ağappaq sinəsində, əllərini ağ, yumru qarnında, belində, çiyinlərində gəzdirəcək, o isti, əziz, mübhəm ağuşunda elədən-elə, belədən-belə çapdıqca çaracaq, ilan kimi qıvrılacaq…
Bəlkə də həmin adam onun köhnə köşkündə işləyəcək təzə saatsaz olacaq. Bəlkə də bir başqası. Amma hər halda məhz belə olacaq. Çünki bu dünyada dünyanın özü kimi böyük ehtimalla ən vəfasız, etibarsız məxluqlar qadınlardı.
O isə bu vaxt torpağın soyuq – günəşin, lampanın və hətta şamın da işığı düşməyən ağuşunda olacaq və Allah bilir ki, nələr çəkəcək…
Dəhşətdi, ilahi. Bu, əsl dəhşətdi!
Tfu sənə…
Bütün bu düşüncələr, duyğular onun beynini, ürəyini param-parça eləyirdi və o, bütün içiylə, varlığıyla, mütləq nəsə etməyin lazımlığını, hansısa bir yolun axtarılıb tapılmasının labüdlüyünü, qaçılmazlığını dərk edirdi. Özündən sonrakı həyatı təsəvvüründə canlandırdıqca, özünün var olmadığı dünyanı uçulmuş, yıxılmış içində, tarım çəkilmiş əsəblərində yaşadıqca, özündən, ölümündən sonrakı dünyanın gedişatı, aqibəti onu heç cür qane etmirdi. Və birdən-birə, ani olaraq onun ağlına çox qəribə bir fikir gəldi və onun bu dünyadan karvanını sürüb getmiş atasına, babasına, nənəsinə, ulularına dəhşətli dərəcədə yazığı gəldi. Nə qədər təəccüblü olsa da, bu fikrin beynində doğulub ürəyinə şığıdığı zaman kəsiyində o, qəfildən, lap qəfildən çıxış yolunu tapdı. Mütləq, mütləq zamanı dayandırmaq lazım idi, daha doğrusu, vaxtın, zamanın təkərini arxaya, geriyə döndərmək lazım idi. Şübhəsiz, ən ağıllı, ən dürüst variant bu idi. Axı ayrı çıxış yolu da yoxdu. Amma bu vasitəylə o, zamandan, vaxtdan həm zamanı, vaxtı, həm də özünü, öz ömrünü, öz həyatını oğurlayacaqdı, dünyanın fırtınalı dəniz kimi atıb-tutmaq istədiyi tənha, xırda, yelkənsiz qayıqlara oxşayan körpə balalarının sakitliyini, rahatlığını geri qaytaracaqdı və bu dünyanın son ürək döyüntüsünə qədər arvadının sarı tellərinə, o ala gözlərinə həmişəlik və şəriksiz sahib olacaqdı. Bax, bu əsil xoşbaxtlıqdı.
Və o, xarab, dayanmış saatlarla, müxtəlif alətlərlə dolu olan, rəngi qopub getmiş ikicə kətilin yerləşdiyi, zamanın, vaxtın kəsif və nəm qoxusu hopmuş balaca köşkündə çox böyük sürətlə, qarşısı alınmayacaq bir istəklə işə başladı. Az bir müddətdən sonra artıq o, istədiyinə nail olmuşdu: indi onun düzəltdiyi saat geriyə işləyirdi.
Bu tərəflərin ən yaxşı saatsazının düzəltdiyi geriyə işləyən saat tamamilə saz idi və qaydasınca, qibtə ediləcək dəqiqliklə işləyirdi. Vaxt daşların, qayaların köksündən süzülən bulaq suyu kimi axıb gedirdi. Həftələr günləri, aylar həftələri, illər isə ayları qəddarcasına sıxışdırıb aradan çıxarırdı. İllər keçdikcə saatsaz bütün varlığıyla cavanlaşdığını, gəncləşdiyini hiss eləyirdi. Beləcə o, içində, beynində, ruhunda, canında, bütün hərəkətlərində qəribə təbəddülatların baş verdiyinin fərqindəydi və hal-hazırda özünü 20 yaşında olduğu kimi duyurdu. Dünya yaman gözəlləşmişdi, yaman şirinləşmişdi və o bu gözəl, şirin dünyadan bir yeniyetmə kimi zövq almaq, əylənmək marağındaydı, zaman ötdükcə isə bir çox hallarda o, marağını həqiqətə çevirirdi. Neçə vaxt idi ki, qonşu binada yaşayan cavan, gözəl, bu dünyanın ilk baharına bənzəyən gənc qıza qarşı ürəyində çox qəribə duyğular baş qaldırmışdı. Qız bu il hansısa universitetə qəbul olunmuşdu və hər gün dərsə gedib-qayıdarkən onun köşkünün qarşısından keçməli olurdu. O, artıq qızın nə vaxt gedəcəyini, saat neçədə qayıdacağını dəqiqliklə bilir və həmişə onun yolunu içini üzən ağır, acı bir intizarla gözləyirdi. Bəzən qız dərsdən gec qayıdırdı və həmin gec qayıtdığı günlərdə tələsə-tələsə, uzundaban ayaqqabılarıyla daş səkini döyəcləyə-döyəcləyə keçib gedir, hətta salam verməyi də unudurdu. O, həmin vaxtlar dəli bir qısqanclıqla alışıb-yanan gözləriylə, baxışlarıyla qızı ötürür, nədənsə qızın ahənqdar addım səslərini saat çıqqıltısına oxşadırdı.
Artıq qonşuları, qohumları, dostları, ara-sıra köşkünə yığışaraq laqqırtı vurub vaxtını öldürən tanışları onun bir çox hərəkətlərini mənalı-mənalı nəzərdən keçirərək, nə baş verdiyini heç cür anlaya bilmirdilər. Hətta arvadı da mat-məəttəl qalmışdı. Çünki əri təzə evləndikləri vaxtlardakı tək səhərə qədər onun rahat buraxmır, elə hey oxşayır, öpür, öpür… sönmür, tükənmir, doymurdu. Qəribə bir şövqlə, ciddi-cəhdlə hər şeyi yenidən, təkrar-təkrar istəyirdi. Bir də. Bir də… Səhərlər isə qadın yorğın-arğın uzanıb qalır, hətta çox vaxt uşaqları dərsə yola salmaq üçün də yuxudan oyana bilmirdi. Dəhşətli bir həzz içində, sirlə-sehirlə dolu gözlərinin par-par parıldayan baxışlarıyla tez-tələsik paltarlarını geyinib işə tələsən ərini nəzərdən keçirdikcə düşünürdü: ilahi, bu qədər güc, bu qədər qüvvə ona haradan gəlmişdi? Elə bil dünənə kimi işdən qayıdaraq çörəyini yeyəndən sonra halsız-heysiz yatağa uzanıb daş təki qalan o, deyildi.
O isə iş yerinə – köşkünə gedir, köhnə, yaşlı tanışlarındansa daha çox cavanlarla münasibətə üstünlük verir, onlarla söhbət edir, mərc qoşur, min cür oyunlardan çıxırdı. O, cavanlarla əlaqələrindən, münasibətlərindən sonra bir daha özünün gəncləşdiyinə və bu dünyanın çox, çox gözəl olduğuna əmin olurdu.
Fəqət bu çox çəkmədi. Qonşu cavan oğlanın avtomobil qəzasında həlak olması hər şeyi alt-üst etdi.
Həmin gün dəfn idi. Hava çiskinliydi və narın-narın yağış yağırdı. Onun bütün qonşuları, tanışları dəfn mərasimində iştirak etmək üçün qəbirstanlığa yığışmışdı. Molla yasin oxuduqca o, nəzərlərini bir-bir bura toplaşan adamların sifətində gəzdirirdi. Çox qəribə mənzərəydi. Sanki hamı eyni bir adam idi. Sanki bütün bu müxtəlif adamların bir sifəti var idi. Bədənlər, bədənləri örtən geyimlər rəngarəng olsa da, elə bil hamının sifəti bir idi. Məhz beləydi. Yüz faiz beləydi. Çünki hamının üzündə eyni bir ifadə əks olunmuşdu. Və sifətlərdə həkk olunmuş həmin ifadə nə qədər hüzünlü olsa da, çox işıqlıydı, nurluydu, çox təmiz idi. Axı bu, necə olur, ilahi?! Axı bu, heç cür belə ola bilməz. Bax o şişmanqarın - qəssabdır. O, özü şəxsən peşəsi qəssab olan həmin adamın xislətindəki qəssablığın dəfələrlə şahidi olmuşdu. Qəssabın sağ tərəfindəki isə möhtəkirdir. Adına biznes dediyi xırda alverlə məşğul olur. Onun çəkidə, qiymətdə aldatmadığı alıcı yoxdur. Hətta o möhtəkir öz evi üçün dükanından bir kilo qənd və ya düyü alarkən özünü də mənfəət xatirinə aldadır. Möhtəkirdən sonra gələn o eynəkli isə…
Beləcə o, adamları bir-bir nəzərdən keçirir, heyrətə gəlirdi. Bu nə sirri–xuda idi, ilahi? O, nə həmin qəssabın, nə möhtəkirin, nə o birisinin, nə də digərinin üzündə bu günə qədər heç vaxt o cür işıqlı, sirli, sehrli ifadə görməmişdi. Ümumiyyətlə, onların heç vaxt sifətində, içində, hərəkətlərində işıqlı heç nə olmamışdı. Onların hər birinin özünə məxsus qiyafəsi vardı və hər zaman simalarında üzlərinin, alınlarının dərisindəki qırışlar kimi riyakarlıq, hiyləgərlik əks olunurdu. İndi isə bu ölünün və ölümün qarşısında, bu son mənzilin astanasında sanki onlar təmizləmişdilər, paklaşmışdılar. Bəlkə də o, səhv edir, bəlkə əvvəllər də onlar belə olub. Axı bu boyda səhv də olmaz. Yalnız ölüm öz möhtəşəmliyi, mübhəmliyi, qaçılmaz bir həqiqət olmasıyla onları eyniləşdirmiş, saflaşdırmışdı.
Dəfn mərasimi bitəndən sonra onlar qəbirstanlığı tərk edib küçəyə çıxan kimi o, yenidən dəhşətə gəldi. Adamların heç birinin sifətində bayaqkı işıqlı, təmiz, pak, saf ifadədən əsər-əlamət qalmamışdı. Sanki hər kəs özünə, əvvəlki qiyafəsinə qayıtmışdı. Qəssabın üzündən zalımlıq, möhtəkirin simasından riyakarlıq, birinin sifətindən hiyləgərlik, o birinin üzündən paxıllıq boy verirdi. Dəhşətdi, ilahi, dəhşətdi. İnnən belə ömrünü bu ikiüzlü adamların içərisində sürmək, bu insan sürüsünün əhatəsində yaşamaq doğrudan da əsl dəhşətdi. Niyə, neçin axı insanlar bu cürdür? Niyə? Neçin? Bundansa ölüm yaxşıdı. Bü cür yaşamaqdansa hamını saflaşdıran, təmizləşdirən, bu dünyanın çirkinliklərindən, eybəcərliklərindən uzaqlaşdıran ölüm min qat yaxşıdı.
O, heç özü də saatsaz köşkünə nə vaxt çatdığını bilmədi. Az qalırdı ki, ürəyi köksündən qoparaq ayaqları altına düşsün. «Neçin bu dünya belədi, neçin, neçin insanlar bu cürdür? Neçin, axı neçin? O, bu sualı təkrar-təkrar özünə verir, heç cür cavab tapa bilmirdi. Beyni uğuldayır, ürəyi şiddətlə döyünürdü. Ürəyinin döyüntüsü lap saat çıqqıltısına oxşayırdı. İndi köşkdə iki saat aramsız olaraq çıqqıldayırdı. O isə ürəyinin döyüntüsünü düzəltdiyi geriyə işləyən saatın çıqqıltısıyla səhv saldı. «Neçin? Neçin?» - deyə bağıraraq yumruğunu zərblə geriyə işləyən saata çırpdı.
Və həmin vaxt onun köşkündəki və köksündəki hər iki saat eyni anda əbədi olaraq dayandı.
2001, Bakı
|