http://www.litlab.org
home about partners terms and conditions
Armenian Azerbaijani English Russian
AZƏRBAYCAN
İBRAHIMBƏYOV RÜSTƏM MƏMMƏDIBRAHIM OĞLU
(1939)

1939-cu ildə Bakıda anadan olub.

1963-cü ildə Azərbaycan Neft və Qaz institutunu bitirib, təhsilini SSRİ Emlər Akademiyasının Kibernetika institutunun aspiranturasında davam etdirib. Moskva Ali ssenariçilər kurslarını bitirib.

15 pyesi dünyanın 100-dən artıq teatrlarında səhnəyə qoyulub. «Bağlı qapı arxasında qadın», «Kaliforniyada dəfn», «Qum üzərində ev», «Şirə bənzər» pyesləri Praqada, Berlində, Sofiyada, Budapeştdə, Nyu-Yorkda, Bakıda və Moskvada böyük uğur qazanıb. Yarım milyon nüsxədən artıq tirajla yayılmış 10-dan artıq kitabın müəllifidir – «Ultimatum» (1983), «Gülüşlə oyanan» (1985), «Bağ» (1988), «Seçilmiş povestlər» (1989), «Günəş qovşağı» (1996) və s.

Rüstəm İbrahimbəyovun qələmindən 30-dan artıq bədii və sənədli filmin ssenarisi çıxıb: «Bir cənub şəhərində» (1970), «Səhranın bəyaz günəşi» (V.Yejovla birlikdə, 1971), «Və onda mən dedim - yox...» (1974), «İstintaq» (1979), «Məni qoru, talismanım» (1986), «Özgə həyat» (1987), «Taksi-blyuz» (prodüser, 1989), «Urqa. Məhəbbət ərazisi» (prodüser, 1992), «Dağılmış körpülər» (Azərbaycan-ABŞ, ssenari müəllifi, prodüser,1993), «Günəşdən yorulmuşlar», «Sibir bərbəri» (N.Mixalkovla birgə), «Şərq-Qərb» (S.Bodrovla birgə, 1999).

Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimidir. Azərbaycanın xalq yazıçısı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980), SSRİ Dövlət mükafatı laureatı (1981), Rusiya Dövlət mükafatları laureatıdır (1993, 1998, 1999, 2000). MDB və Baltika ölkələrinin Kinematoqrafiya ittifaqları Konfederasiyasının sədridir, Rusiya Federasiyasının Kitematoqrafiya İttifaqının katibidir, Azərbaycan Kinematoqrafiya İttifaqının sədridir. «Feliks» Avropa kinoakademiyasının və «Oskar» Amerika kinoakademiyasının üzvüdür.

Bakıda və Moskvada yaşayır və işləyir.

AD GÜNÜ

1969-cu il sentyabrın 10-da Bahadır Maniyevin oğlunun beş yaşı tamam olurdu. Ad günü pis vaxta düşürdü: Bahadır axşamlar təmir elədiyi mənzili təcili təhvil verməliydi (işdə də aləm qarışmışdı bir-birinə, Biləcəridəki təzə məktəbin təhvili də bir ay yubanırdı), amma bütün bunlara baxmayaraq oğlunun ad gününü ürəyi istəyən kimi keçirmək fikrindəydi. «Beş yaş beş ildə bir dəfə olur, - o, arvadına izah eləyirdi, - kimdən əsgiyik, köhnə həyət uşaqlarını çağıraram, qoy baxıb görsünlər güzəranımızı, gör neçə ildi təzə evə köçmüşük, Eldarla Gönbul Həsəndən başqa bizə gələn olmayıb. İndi fürsətdi. Toyda alınmadı, heç olmasa, Rafiqin ad günündə yığım onları. Pul olacaq, müştəriylə danışmışam».

Arvadı Bahadırın bu fikrinə soyuq yanaşdı. Əvvəla, inanmırdı ki, ərinin uşaqlıq dostları onların oğullarının ad gününə gələrlər – toya gəlməmişdilər, ad gününə hardan gələcəklər, - ikincisi, Bahadırın müştəridən alacağı pulun ayrı dərdi də vardı. Arvadı ad gününə pul xərcləməyi artıq hesab edirdi, çünki uşağa qışçün palto, isti çəkmələr və sair çox şeylər alınmalı idi, bu ay uşağın boyu birdən-birə  artmışdı, paltarlarından çoxu əyninə gəlmirdi. Amma pul haqq-hesabına evdə Bahadır baxırdı, buna görə də arvadı bircə dəfə etiraz eləyib, narazı-narazı  susudu.

Bahadır səhərlər işə getməzdən əvvəl və axşam müştərinin evindən qayıdandan sonra dəvət olunası qonaqları sayırdı - ən azı iyirmi nəfər çıxırdı, – bu qədər qonağın xərci iki yüz manatacan eləyirdi.

Onlarla bir mənzildə balaca, üçüncü otaqda yaşayan ata-anasına öz planlarını danışmırdı. Bircə dəfə anasına ağızucu işarə vurdu ki, bəlkə tezliklə köhnə həyət  uşaqlarını yığdı bura və bunu eşidən ana sevinirdi. Anası təzə mənzilə köçməzdən əvvəl ömrünün çoxunu keçirdiyi köhnə həyətcün yaman darıxırdı.

Bahadır evi əsgərliyə getməzdən yarım il əvvəl almışdı. Daha doğrusu, atası almışdı: əlli dördüncü ildən başlayaraq, onda Bahadırın doğum şəhadətnaməsinə görə on üç (əslində isə on altı) yaşı vardı, kişi çoxuşaqlı ailəsinin ağır mənzil şəraitindən hara gəldi yazırdı (Bahadırdan başqa, atasının üç qızı da vardı: birinci arvadından qalan Sonya və Bahadırın iki bacısı Seva və Sima), yazdı-yazdı, axırda istədiyinə nail oldu. Amma ömür-gün də keçib gedirdi, atası qocaldı, daha işləmədi, Bahadır məktəbi atdı, boya-başa çatdı, bir neçə dəfə iş yerini dəyişdi, yaxşı qazanmağa başladı, ev alanda artıq ailənin başçısı kimiydi. Mənzil atasının adına olsa da, ailədə Bahadırın evidi, deyirdilər.

Bahadırın atasıyla arası sərin idi. Kişinin müharibədən əvvəl xasiyyətcə necə adam olduğu məlum deyildi. Bahadır bunu xatırlaya bilməzdi, çünki otuz səkkizinci il təvəllüdü idi (pasporta görə qırx birdəndi), amma qırx beşdə atası əsirlikdən olduqca tündməcaz bir adam kimi qayıtmışdı.

Anasının deməyinə görə, kişi müharibədən əvvəl Qazaxda prokurorluq eləyib və Bakıya müharibə başlamazdan bir azca əvvəl köçüblərmiş. Sonralar Bahadır atasının bəzi  köhnə sənədlərini öz gözüylə görmüşdü, amma onun bir vaxtlar prokuror olduğuna inana bilmirdi ki, bilmirdi – çünki müharibə kişini yaman pis günə qoymuşdu.

İki il işləmədi, ərizəni ərizə dalınca yazdı. Anası ağlayır, oturub-dürüb deyirdi, kişi özü öz başına oyun açır, ata isə tərsliyinə salıb yazmağındaydı, qonşularla ağızucu salamlaşır və özünü elə aparırdı ki, guya onun həyatında hər şey qaydasındadı.

Sonra vaqon bələdçiliyinə düzəldi və yaşayışları bir az yaxşılaşdı. Amma bu çox çəkmədi: intriqaya salıb işdən qovdular. Yenə iki il işləmədi, səhərdən axşamadək stolüstü lampanın işığında hey yazdı, yazdı.

Müharibə başlanan kimi anası doğum evində işə girdi, sanitarlığa. Atası tez-tez anasını heç nəyin üstündə danlayır, bir də gördün, hirsindən tir-tir əsir, gözləri hədəqəsindən çıxırdı, ərizə yazmaqdan başı ayılanda isə arvadı döyürdü. Ana ağlayanda gizlin ağlayır, uşaqların gözünə görükmürdü. Onda iki uşaqdılar: Bahadır və ögey bacısı Sonya, qız otuz yeddinci ildən idi.

Bahadır bacısıyla mehriban idi. Qız ürəyiaçıq idi. Rəhmətlik anası tərəfdən məşhur bir yazıçıya qohumluğu çatırdı və bu yazıçı bütün şəhərdə adnan tanınırdı. Həftədə bir dəfə ora, anasının doğma xalasının yanına gedirdi, xala onu yedirir və pay püşnən yola salırdı. Bahadıra da bir şey düşürdü. Sonka xəsis deyildi.

Müharibə illərini pis xatırlayırdı, uzun çörək və kerosin növbələri, iti bıçaq tiyəsindəki dadlı çörək qırıntıları və atasının toy hədiyyəsi kimi anasına bağışladığı saat əhvalatı da yadındaydı, saatı bir müddət belində gəzdirmişdi, yazıq ana nə qədər axtarmışdı o saatı, nə qədər ağlamışdı, həyətdəki bütün uşaqları sorğu-suala tutmuşdu və nəhayət, iki aydan sonra təsadüfən Bahadır yuxudaykən saatı onun belində görmüşdü. Bir hadisə      də yadındaydı, bütün həyət uşaqlarıyla birgə yağış tırtıllarını yeyirdilər, başqalarına heç nə olmadı, bircə o zəhərləndi. İiknci mərtəbədə yaşayan qonşuları Spivakların xəritəsindəki qırmızı bayraqcıqları xatırlayırdı, onların oğlu Mosya o vaxt qospitalda yaralı halda yatırdı, sonra ömrünün axırınadək əyilməyən dəmir jilet gəzdirdi və jiletdə o, «Aleksandr Nevski» filmindəki alman cəngavərlərinə oxşayırdı. (Bayraqcıqlar bizim qoşunların aldıqları şəhərləri bildirirdi və hər dəfə bir şəhər geri alındıqca Riva xala Bahadıra bir qaşıq mürəbbə verirdi). Qələbə gününü də unutmamışdı. Çəkməçi Zərifyanın qapısı üstündəki balaca eyvanda xalça sərib, çıxışlar edirdilər, eyvan birbaşa küçəyə çıxırdı. Zərifyana isə göstəriş vermişdilər ki, hələlik evinə həyətdən keçib getsin. Hamı «ura» qışqırırdı və sevincdən ağlayırdı. Bu, qırx beşinci ildə olmuşdu. Bahadır onda birinci sinifdə oxuyurdu.

Nə o, nə də Sonka yaxşı oxuyurdu. Altıncı sinifdə yenə ikinci ilə qaldı və məktəbi atdı. Sonka səkkizi qurtardı, hətta Neft texnikumuna da girdi, amma o da təhsili atdı. (Əlli yeddidə evdən getdi, uşaq doğdu və liman gömrükxanasında hesabdar işləməyə başladı.)

Bahadırın oxumamağına səbəb pis ev şəraiti deyildi. Köhnə mənzildə (anasının deməyinə görə, onları ora müvəqqəti köçürmüşdülər və icraiyyə komitəsində atasının vəzifəsinə layiq bir ev axtarırdılar) ümumi dəhlizi olan iki otaq vardı, heç birinin də pəncərəsi yox idi, ona görə də bütün günü evdə işıq yanırdı. Həyətin bu tərəfində ümumiyyətlə, heç kimin pəncərəsi yoxdu, bəzi otaqlara şüşəli dəhlizdən bir az işıq düşürdü, amma elektrik işığı olmadan keçinmək mümükün deyildi. Həyətdə uşaq çox idi. Birinci mərtəbədə Faiq və İsmət bacılarıyla, ikincidə iki qardaş, Ramiz və Eldar olurdular. İkinci mərtəbənin o biri eyvanında Leybinlər, Spivaklar ailəsi və Gönbul Həsən yaşayırdılar. Spivakların Mosyadan başqa uşaqları yox idi. Boris Leybin, Bahadırla və o biri uşaqlarla bir böyümüşdü. Bütün günü  bir yerdə olardılar, eyni məktəbə, yüz yetmiş birinciyə gedirdilər. Boris Leybin, Ramiz və Faiq iki sinif yuxarı idilər. Gönbul Həsən, İsmət və Faiq Bahadırla bir ildə məktəbə getmişdilər. Hamısı da oxuyub qurtardılar, ali təhsil aldılar. Boris (o da məktəbdə pis oxuyurdu, güc-bəla qurtardı) bədən tərbiyəsi fakültəsinə girdi, indii qaçış üzrə uşaq idman məktəbində məşqçi işləyir (uşaqlıqda da yaxşı qaçardı), qalanların hamısı mühəndisdirlər.

Altmış üçdə Bahadır ordudan qayıdanda, Eldar artıq elmlər namizədi, İsmət kənd tikintisi trestində baş mühəndis, Faiqsə aspirant idi. Evlənib Sumqayıtda mənzil alan Ramizdən  başqa hamı hələ də köhnə həyətdə yaşayırdı.

Hamısının işləri qaydasındaydı. Bircə Gönbul Həsən ixtisas üzrə işini atıb, mərkəzi univermaqda qab-qacaq anbarında işləyirdi. Yaman da içirdi. On yeddi-on səkkiz yaşlarında tez-tez içdikləri vaxtlarda Gönbul dilinə içki vurmurdu, atasından qorxurdu, kişi şəriət qanunlarına ciddi riayət edirdi, amma böyüyüb hardasa bircə dəfə arağın dadına baxandan sonra qurşandı içməyə. İki dəfə müalicə olunmuş, xeyri olmamışdı. Axırı da gəldi belə oldu ki, (Bahadır orduda olanda anası ona yazmışdı) qonaqlıqdaykən üçüncü mərtəbənin eyvanından küçəyə yıxıldı, beyni möhkəm tərpəndi, amma ölmədi, dəmliyi xilas elədi onu.

Əvvəllər Bahadır köhnə həyətə tez-tez baş çəkirdi. İşdən gələn kimi paltarını dəyişib, əlini benzinlə yuyur (o vaxt xəstəxanada rəngsaz işləyirdi), ora gedirdi. Saat altıya yaxın hamı həyətə yığışırdı, ya nərd oynayır, ya da «şəhərə gəzməyə» yollanırdılar.

Sonra qayğılar başlandı, təzə mənzili qaydaya salmaq lazım idi (hərbi komissarlıqdan çağırış-çağırış dalınca gəlirdi və atası qorxurdu ki. oğlu əsgər gedənə təmiri çatdırıb qurtara bilməz). Dostlarla görüşləri ixtisara salmalı oldu və tədricən onlardan uzaqlaşmağa başladı. Başqa bir səbəb də vardı. Əvvəllər bir həyətdə yaşayanda hər şey sadə idi: bir yerə gedəndə onu da özləriylə götürürdülər, getməyəndə də ki, evin içində idi. yıxılıb yatırdı. İndi işdən gələndən sonra onları evdə tapa bilmirdi. Bir saat, iki saat  həyətdə oturub, qonşu qadınlardan biriylə söhbət edir, sonra isə çıxıb gedirdi evə, şəhərin o başına. Ya da ki, uşaqlar evdə olurdular, amma hərə öz işiylə məşğuldu, gah birinə, gah da o birinə baş çəkir, yenə çıxıb evə getməli olurdu – boş-boşuna xalqın evində oturmayacaqdı ki, gecə yarıyadək.

Ümumiyyətlə, ordudan gələndən sonra uşaqlarla gec-gec görüşməyə başladı. Hərdən küçədə kiminləsə rastlaşır, ya da əlinin altında telefon olanda darıxdığından zəng edirdi.

Rəngsaz işləməkdə davam edirdi, yaxşı da qazanırdı. Orduda partiyaya keçmişdi, idarədə ona hörmət edirdilər, briqadir seçmişdilər.

Anası onu evləndirməkçün çox dilə tutdu. Evlənmək istəmirdi, ürəyinə yatan qız da yox idi. Onun kimilərinin xasiyyəti başqadı: savadsız olsan da, həyatda çox şeyləri başa düşürsən və istəyirsən ki, heç kimdən geri qalmayasan. Di gəl, bir şey alınmır. Məsələ pulda deyil, mühəndisin maaşından az deyildi maaşı. Bəyəndiyi qızlar onu bəyənmirdilər, o qızları təhsil maraqlandırır, oxumuş oğlanlar xoşlarına gəlirdi. (Ondan xoşu gələnlərdən isə uzaq qaçırdı, yaxın durmurdu, iki kəlməni bir-birinin dalınca düzə  bilmirdi o qızlar, nə danışasan onlarla.) Dəfələrlə (hələ köhnə həyətdə yaşayan vaxtların söhbətidi) yığışıb tələbə qızlarla rəqs edir, içirdilər, hər şey qaydasında olurdu – di gəl, ayrılmaq məqamı gələndə hamı cüt-cüt gedir, o isə tək qalırdı. Hərdən yalandan deyirdi ki, o da  tələbədi, inanan olmurdu; uşaqlar kimi o da özünə Həzi Aslanovla Vorontsov küçələrinin tinindəki dərzixanada kostyum tikdirdi – bunun da xeyri olmadı. Yəqin ki, danışığı onlarınkından fərqlənirdi, az oxuyurdu. Hərçənd uşaqlar da çox sən deyən oxumuş deyildilər. (Uşaqlıqda yalnız Eldarla Ramiz yaxşı oxuyardılar, gözlərini zay eləmişdilər, eynək taxmağa məcbur idilər.) Nə isə, diplomu yoxdu deyə, ona məhəl qoyan yox idi.

Kinodan ötrü ölürdü. Təzə film olanda hamıdan qabaq baxırdı. Məktəbə getmək əvəzinə, həftənin birinci günü səhər saat doqquzda kinoya baxırdı. «On ikinci gecə» filminə iyirmi dəfəyədək baxmışdı, əzbər bilirdi filmi, şeri deyirdi, uşaqlar gülməkdən uğunurdular.

«Onun bütün həyatı boş səhifədi, hersoqum mənim, o, sevgi barədə bir kəlmə belə demədi, sirri qoruyaraq…» ya da «Yox, pul kisəsini gizlədin - mən nökər deyiləm, mənə yox, hersoqa bəxşiş lazımdı».

Filmlərin adlarını quraşdırmaq adəti də vardı onda. Birisi bir söz dedimi, dalına bir-iki kəlmə də qoşub, film adı düzəldirdi. Doğrudan da, çox filmə baxmışdı.

Bir vaxt vardı fikirləşirdi ki, ondan rəng iyi gəldiyinə görə qızlar onu xoşlamırlar, ümumiyyətlə, sözün düzü, rəngsazlıq ürəyindən deyildi. Çirkli  iş idi. Bu səbəbdən rəngsazlığı iki illiyə atmışdı da. Saatsazlığa düzəlmişdi. Əvvəl şagird idi, sonra köhnə evlərindən bir az aralı, Şamaxinkada öz emalatxanasını açdı. Yaxşıydı, uşaqlar yanına gəlirdilər, çay içir, nərd oynayırdılar. Amma tələbə qızların saatsazlardan da xoşları gəlmirdi, müştəriləri də ki, az idi, ayda güc-bəla yüz manat ancaq qazanırdı, saatsızlığı atıb təzədən rəngsazlığa başlamaq lazım gəldi.

Orduda da inşaat batalyonunda rəngsaz işləyirdi. Yaxşı hörməti vardı. Odu ki, partiyaya da keçirdilər.

Uşaqlardan yalnız, Faiq partiyaçıdı. Aspiranturada işləri bir o qədər də düz getmir. Kökəlib, bığ buraxıb, dissertasiyasını heç cürə yazıb başa çıxara bilmir. Məktəbdə isə hamıdan yaxşı oxuyurdu. Anası xəstədi, amma hələ də işləyir, həkimlik heç də asan deyilmiş.

Balaca İsmət isə artıq trestdə mühəndisdi. O da Bahadır kimi, müharibə illərində aclıq çəkib. Qalanları bir az yaxşı yaşayırdılar, onlar isə İsmətlə çox vaxt ac olurdular. Ona görə də boyları çıxmamışdı. Düzdü, o, İsmətdən boyca bir az hündürdü, İsmət lap balacaboydu.

İsmətin atası müharibənin əvvəllərində həlak olmuşdu. Anası bazarda yeşik düzəltməklə məşğul idi, iki oğul və iki qız böyüdürdü, böyüyün səkkiz, kiçiyin isə üç yaşı vardı. Hamısı da  ali təhsil alıblar. Qızlar həkimdilər, İsmət inşaatçı-mühəndisdi, sonbeşikləri Fərhad tibb institutunda oxuyur, qılıncoynatma ilə məşğul olur, ondan qəzetdə yazmışdılar.

İsmətin rəngi həmişə bombozdu. Dodaqlarının kənarlarında köpük olurdu. İri ağzı, uzun dişləri vardı. Uşaqlıqda yumurta döyüşdürməkdə mahir idi. Ümumiyyətlə, hiyləgər idi. Bazarda qəzet, kağız torbalar satırdı: əlinə fürsət düşən kimi nəsə oğurlayırdı, yaxşı oxuyurdu, elmdən başı çıxmasa da, əzbərçiydi. İndiyədək evlənməyib, əvvəlcə bacılarını ərə vermək fikrindədi. Anası təqaüdə çıxıb. Uşaqlarından razıdı. Tez-tez Bahadırın anasına salam göndərir. Bahadırın anası hələ də doğum evində sanitar işləyir.

Boris Leybinin iki uşağı var. Arvadı azərbaycanlıdı, məktəbdə ingilis dilindən dərs deyir.  Mənzillərini təmir elətdiriblər, divar şkafları düzəldiblər. Otağı iki yerə bölüblər, birində Borisin anası Liza xala, o birində onlar yaşayırlar. Mehriban dolanırlar. Borisin saçı tez ağarıb, yeriyəndə belini əyir, quruyub gedib, arıqdı. Əvvələr isə əla bədən quruluşu vardı. Hər yay pioner düşərgəsinə baş dəstə rəhbəri kimi gedirdi və gündən yanıb qaralmış, əzələləri çıxmış halda qayıdırdı ordan. Bahadırla araları dəyib. Altmış altının yayında Bahadırı tapıb, xahiş elədi ki, mənzilin pəncərələrini, qapını və tavanı rəngləsin. Bahadır köhnə həyətdə yaşayanda uşaqların bütün xahişlərini yerinə yetirirdi: kimi üçünsə rəngləyir, kiminsə oboylarını vurur, ya da kafellərini düzürdü. Qonşuluqda olduqlarına görə nəsə bütün bunlar gözə görünmürdü, öz-özünə alınırdı, həm də ki, cavan idilər. Kimin nəçi olacağı hələ məlum deyildi. Hərdən qara kostyum geyib gəlir, çay içir, qonşulara danışır ki, işləri yaxşıdı, evlənib, uşağı var, uçotaqlı mənzildə yaşayır, rumın mebeli alıb – və bütün bunlardan sonra əyninə boyaya batmış köynək, şalvar geyib, başına cırıq həsir şlyapa qoyub hamının gözü qabağında rəngsazlıq eləməyi özünə sığışdırmırdı. Başqalarının evində işləmək ayrı, bir yerdə böyüdüyün dostlarının evində işləmək tamam ayrı – bütün həyət ona baxacaq.

O, bunu Borisə dedi. Borisin ağlına bir şey batmadı: «Sən axı başqalarıyçün işləyirsən», onsuz da bunu hamı bilir».

Bahadır yenə başa saldı ki, bir var özgəyçün, bir də var dostunçün işləyəsən. Boris yenə bir şey başa düşmədi və incidi ondan.

Əvvəllər də olurdu ki, Bahadırın dostlarının birisiylə arası dəyirdi, hərçənd atasından fərqli olaraq, onun xasiyyəti yumşaqdı. Amma onda bir həyətdə yaşadıqlarına görə bir-iki həftədən sonra məcbur olub barışırdılar, çünki hər gün gördüyün adamı dindirməmək mümkün deyil. İndi isə Boris ondan inciyib və üç ildi ki, danışmırlar.

Uşaqlardan heç biri Bahadırdan belə uzun müddətə inciməmişdi, bir dəfə Faiq onu bir ay danışdırmamışdı, onda ciddi səbəb vardı, namus məsələsiydi, namusa görə nə desən eləmək olar. Səbəbkar Bahadırın bacısı Sonka idi. Texnikumu atan kimi pis yola düşmüşdü. İşləməyinə işləyirdi, yoxsa dolanmaq mümkün deyildi, amma özünü layiqli  aparmırdı, darvazasının ağzında yad oğlanlarla durub çənə vurur, münasibətlərini aydınlaşdırır, bəzən qışqırıq da qopurdu. Əvvəllər bacısına bir söz demirdi, hər necə olsa da böyük bacıydı və pis adam da deyildi (uşaqlıqda neçəydi, elə də xeyirxah qalmışdı: öz puluna onunçün köynək alır, yuyur, tikir, ütüləyirdi). Amma günlərin bir günü Faiq onu kənara çəkib deyir: «day belə olmaz», Sonkanın hərəkətləri bütün həyətçün biabırçılıqdı, Bahadır ailə namusunu qorumalıdı, buna bir əncam  çəkməlidi.

Faiq əvvəllər də Bahadıra cürbəcür vəziyyətlərdə, məsələn, qonaqlıqda, yad adamlar arasında, ya da qızı rəqsə dəvət edəndə özünü necə aparmaq barədə məsləhətlər verirdi. Amma o Sonkadan söz salanda, bu Bahadırın xoşuna gəlmədi. Bacısına görə xəcalət çəkirdi: gör nə günə qalıb ki, həyətdə ondan bu cür söz-söhbət gedir və bir yandan da öz-özünə təəccüblənirdi ki, bütün bunlara baxmayaraq, bacısına acığı-zadı tutmur. Bacısı da həyatda bir şey görməliydi, ya yox. Nə qədər ki. atası cəbhədəydi aclıq çəkirdilər, amma ümidlərini itirmirdilər, müharibə qurtaracaq, ataları qayıdacaq, onlar da başqaları kimi yaşayacaqlar. Atası qayıtdı, lənətə gəlmiş əsirliyə görə vəziyyətləri day da pisləşdi: göz yaşları, ərizələr. Nahaq təhsilini davam elətdirmədi bacısı, amma ona haqq qazandırmaq da olardı: on səkkiz yaşı var, başqaları kimi o da geyinib-keçinmək istəyir, tələbə təqaüdünə isə bir şey almaq mümükün deyil. Evdə üzünə bir söz deməsələr də, yeməyi haram olur, ata işləmir, iki balaca bacısı var. Ana da ki, ögeydi. Bahadırdan da bir xeyir yoxdu, qazandığını özünə xərcləyir, kostyum lazımdı, içmək lazımdı, kinoya getmək lazımdı. Ona görə də Sonka işləməyə başladı. Əyin-başını düzəltdi, saçlarını kəsdirdi, pudra vurdu, oğlanlar da ona diqqət yetirməyə başladılar. Görürdi ki, hamının gözü qabağında oğlanlarla dayanır. Camaatın ağzına söz atır, di gəl, bacısına acıqlanmağa üzü gəlmir.

Faiqə nə deyəsən? Hər şeyi izah eləmək olmur axı. Bunları hardan başa düşəcəkdi: o, həkim balasadı, biz sanitarka.

«Hə, - onda Bahadır dedi,  - pis çıxır». «Sən buna son qoymalısan», - Faiq təkrar elədi. Bahadır onunla razılaşmağa məcbur oldu.

O, Sonka ilə danışınca bir ay keçdi və bu bir ayı Faiq onunla kəlmə kəsmədi.

Bacısıyla danışandan sonra, qız evdən getdi və kiminləsə yaşamağa başladı. O vaxtdan nadir hallarda görüşürdülər. Təzə mənzildə bacısı cəmi bircə dəfə olmuşdu, onun toyunda. Bahadıra qara çəkmələr, gəlinə isə yun Çin koftası bağışlamışdı.

Toyu yayda elədilər, çoxları istirahətdə orda-burda idilər. Uşaqlardan bircə Eldarı tapa bildi.

Eldar o vaxt artıq elmlər namizədi idi. İçərilərində hamıdan yaxşı qalan bircə o idi. Qəşəng, zövqlə geyinirdi, geyimindən də cavanlıq yağırdı. Kooperativ ev tikdirmək fikrindəydi, amma indiyədək ata-anasıyla yaşayır. Niyə də yaşamasın? Həyətdə ən babat mənzil onlarınkıdı: hər cür şəraiti olan üç otaqdı, küçəyə çıxan üstüörtülü eyvanları da var. Ata-anası da çox insan adamdılar. Həmid dayı bir az içəndi, amma indi içməyən kimdi? Onlara gedib-gəlmək xoşdu, doğrudan da belə, əsl ziyalı adamlar indiki zamanda az tapılar. Təhsilli olmaq hələ ziyalılıq deyil. Odur, Eldarın anası Leyla xalanın ali təhsili yoxdu, müharibəyə görə oxumağın daşını atıb, di gəl, bundan ziyalı qadın tapammazsan. Nə cür kitablar oxuyurdu uşaqlarçün. Nə cür oyunlar fikirləşirdi!... Yorğunluqdan ayaq üstə güclə dursa da – müharibə vaxtı icraiyyə komitəsində işləyirdi – heç vaxt səsini qaldırmazdı. Evdə nə oyunlardan çıxsalar da,  onlara acıqlanmazdı. Hər şeyə, hətta pianoya belə toxunmağa icazə verirdi. Həmid dayı uşaqlarına heç vaxt əl qaldırmamışdı. Evdə olanda divanda uzanıb, kitab oxuyurdu.

Hə, belə ata-anayla yaşamağın ləzzəti ayrıdı. Uşaqları daha nə  hoqqalardan çıxmırdılar. Dalaşqanın biriydilər. Eynək taxmalarına baxmayaraq, boksa gedirdilər, birinci dərəcəli boksçuydular, şəhərin ən qəşəng qızlarıyla gəzirdilər, iki dəfə institut dəyişmişdilər, axırı adam oldular…

Ramiz əvvəlcə Moskvada oxuyurdu, sonra atdı, Bakıya qayıtdı. Bir il avara gəzdi. Bir qadının üstündə az qala öldürmüşdülər onu. Linglə başından elə vurmuşdular ki, kəlləsi üç yerdən parçalanmışdı, güclə sağ qaldı, xəstəxanada iki ay huşsuz yatdı. Sonra potitexnik institutunun arxitektura fakültəsini qurtardı, indi Sumqayıtda baş arxitektor işləyir. Eldar əlli səkkizdə savaş üstündə həbsxanaya düşdü. Birtəhər başını qurtardı, on ay istintaq getdi, eləcə də kim kimin burnunu sındırdığını aydınlaşdıra bilmədilər. Sənaye institutunda təşkil edilmiş gecə vaxtı böyük dalaş olmuşdu. Əvvəlcə Eldar avara idi, amma sonra ağlı başına gəldi, indi elmlər namizədidi. İndi də gəzməyindən qalmır, qadınların sevimlisidi, azərbaycanlıya oxşamır, dərisi ağappaqdı, gözləri qonurdu, saçları şabalıdı, lap cuhuddu ki, durub. Ramiz isə, əksinə, qarasaçdı (son vaxtlar başı dazlaşıb), qarabənizdi, bığ buraxıb, boksda burnunu vurub sındırıblar. Dişləri yaman gündədi, böyürdən ağzının içi boşdu, dişləri tökülüb. Amma dəxli yoxdu, qadınlar ondan ötrü ölürlər. Bu sahədə o Eldarı da vurub keçib. Mayaları belədi də, neyləyəsən…

Bahadırın anası köhnə həyəti tez-tez yada salır. Çətinlik içində yaşasalar da, ömrünün ən yaxşı illəri orda keçib. Qazaxdan köçəndə iyirmi yaşı vardı, indi isə yaşı altmışa yaxındı.

Bahadır köhnə həyətdə keçən günləri xatırlamağı xoşlayırdı. Günləri maraqlı keçirdi, heç kim bilmirdi ki, günün axırı nəylə qurtaracaq. Hətta gün maraqsız keçsə belə, səhər yaxşı əhvalla oyanırsan, çünki uşaqların bu gün hökmən maraqlı bir şey fikirləşəcəklərinə əminsən, ya səni qonaqlığa, ya da institutda təşkil edilmiş gecəyə aparacaqlar. Sirkə gedib-gəlmələri lam aləm idi. Artistlərin hamısıyla tanış idilər, əl tutub görüşürdülər, onlarsa duzlu lətifələr danışıb uşaqları əyləndirirdilər. Dostlaşmışdılar. Amma ora gedib-gəldikləri üç il ərzində yalnız Ramiz bircə dəfə sirk aktrisası ilə yaxınlıq elədi. Qalanları bir şeyə nail ola bilmədilər.

Bəs indi? Bahadıra çoxdan məlumdu ki, onun həyatında gözlənilməz heç bir şey baş verməyəcək (əlbəttə, bədbəxtlikdən başqa) və indi o səhərlər oyananda o gün, ya da axşam nələr olacağı barədə düşünmür, fikirləşmir ki, bəlkə axşam nəsə yeni bir şey gətirdi özüylə.

Köhnə həyət, uşaqlar, cavanlıq günlərindən danışdıqları arvadının xoşuna gəlir. Arvadı təhsillidi, pedaqoji məktəbi qurtarıb, ona görə də Bahadırın dedikləri onunçün maraqlı və anlaqlıdı. Bahadırın bütün dostlarını adbaad tanıyır, di gəl yalnız Eldarı və gönbul Həsəni görüb, o da bircə dəfə, toyda.

Bahadır bir neçə dəfə dostlarını evinə dəvət edib, istəyib ki, arvadıyla tanış eləsin onları, vursunlar bir az, keçənləri xatırlasınlar. Ürəyindən yaman keçirdi ki, evinə  adamlar

gəlsin. Şəraitinə söz yoxdu, necə lazımdı elə, layiqincə qəbul eləyər, imkanı var buna, arvadı qonaqpərvərdi, yerini biləndi, əla biş-düşü var, özü də yaxşı qazanır deyən, evdə hər şey var: televizor, soyuducu, mebelin bahalısı; bu cür evdə dostlarıyla oturmaqdan xoş nə ola bilərdi onunçün.

Arvadı da sevinərdi, ürəyi açılardı. Onlar barədə nə qədər eşidib, di gəl indiyədək üzlərini görməyib. Bahadır hətta onlardan inciyən kimiydi. Bir dəfə söz vermişdilər ki, gələcəklər. Amma Eldar qəfil işi olduğuyçün Moskvaya uçdu, qalanları isə bəhanə elədilər ki, Eldarsız gəlmək yaxşı deyil, qoy hamımız bir yerə yığışaq, onda gələrik. Bahadır isə onları qəbul eləməyə hazırlaşmışdı; köhnə divanı aparıb, valideynlərinin otağına qoymuş, döşəmələri silmiş, ağ balıq almışdılar. Anası heç, özününküdü, arvadının yanında başıaşağı qaldı. Amma indi arvadından utanıb-eləmir. Altı illik birgə həyat onları yaxınlaşdırıb, bir-birini tanıyıblar. O vaxt isə pis çıxdı, arvadı elə düşünə bilərdi ki, dostları Bahadırdan qaçırlar.

Bahadır arvadından razıdı. Arvadı hətta qaynatasıyla belə dil tapır. Məktəbdə rus dilindən dərs deyir. Məkbət yaxındadı, gündə iki-üç saat işləyir, uşağa baxmağa və ev işləriylə məşğul olmağa kifayət qədər vaxtı qalır. Milləti ermənidi. Bahadır qardaşları vasitəsilə onunla tanış olub. Qardaşları da rəngsazdılar, əkizdilər, otuz altıncı ildə doğulublar, Albert və Hamlet. Tez-tez görüşürlər – hər şənbə və ya bazar günləri, yayda birlikdə çimərliyə gedirlər. Yaxşı uşaqlardı, adam onlarla oturub-durmaqdan yorulmur, yemək-içməyi sevirlər, oxumaqları da var. Başqası olsa deyər ki, rəncsazla rəngsazın nə söhbəti tutar ey, naxış belə gəldi, nə bilim, müştəri belə getdi, Metreveli, Banişevski və sair… Bacıları Anya isə onlara oxşamır. Elə bil ögey anadandı: zərif, incə, savadlı bir qızdı. Bu cəhətlərinə görə də Bahadırın xoşuna gəlmişdi. O saat evlənməyi qərara almışdı Anyayla. Oğluna məhz belə ana  lazım idi ki, adam olsun. Məktəb, məktəb yerində, ananın, xüsusən də uşaqlıqda, öz yeri var. Bahadır düzgün qərar qəbul eləmişdi. Anya ilə evlənməyindən çox razı idi. Oğlununsa beş yaşı tamam olurdu.

Ad gününə iki gün qalmış Bahadır müştəridən yüz əlli manat aldı, əmanət kitabçasında da iyirmi beş manatı vardı. Haqq-hesab eləyəndə görürdü ki, bu pul bəs eləməlidi. Müştəriyə dedi ki, iki gün işləməyəcək, guya obyekti dövlət komissiyasına təhvil verirdilər, tikintidə isə hər şeyi olduğu kimi izah elədi. İş icraçısı bir az deiyndi, sonra oğluna uzun ömür arzulayıb, məsləhət gördü Ki, vağzala dəysin, orda Rostov arağı var.

Bahadır evə qayıdanda yolüstü vağzala dəydi və altı şüşə araq götürdü. Gün uğurla başlanmışdı – məlum oldu ki, araq Orconikidze arağıdı. Bahadır iki şüşə də gələcəyinə almaq istədi, amma bunu təxirə salmağı qərara aldı – ad gününə pul çatmaya bilərdi.

Çantasına dörd şüşə də konyak, üç şüşə çaxır və iki dənə də şampan şərabı yerləşdi. İçki lap artıqlamasilə idi. İndi səkkiz-on kilo ət alınmalıydı, qalan şeylər asandı. Ağ balıq kababı eləmək yaxşı olardı, amma indi vaxtı deyildi – çox istidi, yaxşısı budu, toyuq ətindən bir şey hazırlayarlar. Toyuğu mağazadan almaq olar (əgər varsa), əti isə yalnız bazardan götürmək lazımdı. Dondurulmuş ət yedirtmək olmaz camaata, bütün təəssüratı korlaya bilər.

Bahadır bazara getdi, danışdı ki, sabah səhərə onunçün on kiloyacan qoyun əti saxlasınlar. Qəssab xahiş elədi ki, saat səkkizdən gec gəlməsin, ət qurtara bilər, Bahadır nə cür ət istədiyini başa saldı – qabırğa və bud tərəfini götürəcəkdi, razılaşdılar ki, kilosu beş manatdan olacaq. Eybi yox, təki təzə qoyun əti olsun.

İndi sakitcə qalan işlərlə məşğul ola bilərdi. Sabah vaxtı qonaqların dəvət olunmasına sərf edəcək. Səhər tezdən başlamalıdı ki, hamını xəbərdar edə bilsin. Onunda heç yana çıxammayacaq – bütün günü evdə başı qarışacaq. Deməli, bu gün ya toyuq, ya da ağ balıq (isti olsa da, stolun üstündə ağ balığın özgə yeri var) tapmalıdı.

Mağazada toyuq yox idi. Mal əti verilirdi. Növbədə kimsə Bahadıra dedi ki, dünən mikrorayonda selofan kağızlarda fransız toyuqları görüb. «Fransız kostyumları yaxşıdı, fransız toyuqlarını isə bilmək olmaz, üstəlik də selofandadırlar, – Bahadır fikirləşdi, - qonaqların qabağında adamın üzü qara olar».

Mikrorayona getmədi. Bazardan hərəsi səkkiz manata iki toyuq aldı və ağ balıq axtarmaq qərarına gəldi. Bazarda satılmırdı. Hətta balıqçılar bu gün bazara balıq gətirmiş olsaydılar belə, indiyə yəqin satılıb qurtarmışdı. Sabah səhər axtarmaq olar, onsuz da ət dalınca gələsidi bura, amma birdən tapa bilmədi, onda dənizə getməyə də imkan tapmaz, sabahkı gün ancaq qonaqları çağırmağa çatar.

Bahadır aldığı şeyləri evə apardı və arvadına dedi ki, Bilgəhə balıq dalınca gedir.

Anya işdən təzə gəlmişdi və Rafiqə qızarmış badımcan yedirdirdi. Bahadır kimi oğlu da qızarmış badımcanı xoşlayırdı, ümumiyyətlə, qızarmış şeydən xoşu gəlirdi, ətdimi, pomidordumu, qayğanaqdımı, təki yağı çox olsun ki, çörək batıra bilsin, iştahası yaxşıydı, başqa uşaqları çubuqla yedizdirirlər, bu isə acıyan kimi yemək istəyir. Ona görə də toppuşdu. Üzdən Bahadıra heç oxşamır, dərisi ağappaqdı, yanaqları aldı, qız kimi zərif dodaqları var. Anasına çəkib.

- Üzünü qırxsana, bu sir-sifətnən gəzmək ayıbdı, - Bahadır butulkaları və toyuqları stolun üstünə qoyanda, arvadı dedi. Alınan şeylər barədə bir söz demədi, bu o demək idi ki, oğlunun ad gününü ərinin belə dəm-dəsgahla keçirmək qərarı ilə hələ razılaşmayıb.

Bahadır köynəyini çıxartdı, yuyundu, boynunu yudu və üzünü qırxmağa başladı.

Hə, Rafiq ona heç oxşamır. Gözləri də, dərisi də,  saçları da başqadı. Bircə dişləri oxşayır – üst dişləri elə bil aşağı, içəri qatlanıb. Amma dişlər hələ formalarını dəyişəcəklər. Saçları qıvrım deyil, Bahadırınkı isə qıvrımdı, daramaq çətindi, daraq batmır, telləri lap qaşının üstünə düşür. Ona görə də alnı balaca görünür. Bahadır bir-iki dəfə axmaqlıq eləyib, qaşlarının üstündəki tükləri qırxmışdı – indi də ki, yerinə tez tük gəlirdi. Hə, tük sarıdan şikayəti yox idi. Buna görə də arvadı haqlıdı: tez-tez üzünü qırxmalıdı ki, adama oxşasın, cavanlaşsın bir az.

Bahadır  üzünü qırxınca arvadı onun aldığı şeyləri soyuducuya qoydu, Rafiqi həyətə oynamağa göndərdi və nahar hazırlamağa başladı.

- Saat yeddiyə qayıdaram, - Bahadır onu dınışdırmaqçün dedi.

Arvadı dinmədi.   

Atası öz otağından çıxdı.

- Qəzetlərdə təzə nə var? – Bahadır soruşdu və fikirləşdi ki, birisi gün atası gərək köynəyini dəyişsin. Bunun yaxalığı lap yeyilib, qaralıb.

Atası Bahadırın sualına cavab vermədi, soyuducunu açdı, ordan iki dənə badımcan çıxardı. O, badımcanı qaz plitəsində qızartmağı xoşlayırdı, çaynikin altlığı olan dəmirin üstünə qoyur, arabir çevirirdi ki, yanmasınlar. Vaxt tapmışdı o da. Anya plitədən aralandı.

- Ağ balıqsız olmaz? – Bahadır köynəyini geyinəndə, arvadı soruşdu.

Anyanın sualı Bahadırı sevindirdi, bu o demək idi ki, arvadı tədricən onun ad günü keçirtmək qərarı ilə razılaşır.

Anyaya afərin, hər işi dava-şavasız həll eləyir. Atasının otaqdan çıxması da rol oynadı – atası yanlarında olanda onlar bir-birilərinə daha yaxşı münasibət bəsləməyə başlayırdılar, sanki nəsə yad bir şeyə qarşı birləşirdilər.

- Olar, - Bahadır dedi, - hava da istidi, balıq tez iylənir… Amma stolda balığın yerini nə verər? Bir az qaynadarıq, qalanını da şişə çəkərik.

- Başa düşəmmirəm. Bunlar nəyə lazımdı? – Anya dedi,  amma Bahadır bilirdi ki, arvadı artıq hər şeyə razıdı, bunu ona görə deyir ki, son günlər ad günü söhbəti ortaya çıxandan sonra aralarında əmələ gələn soyuqluq aradan qalxsın.

- Nə olub? – atası qəfil soruşdu. Nədənsə boğazını sarımışdı.

- Boğazında nə var, sarımısan? – Bahadır maraqlandı.

Atası dinmədən sualına cavab gözləyirdi.

- Bahadır ağ balıq dalınca Bilgəhə getmək istəyir, - Anya dedi.

- Mənə ülgüc söz vermişdin, - atası Bahadıra tərəf döndü, - o, həmişə özünü elə göstərirdi ki, guya Anyanın ona nə dediyini eşitmir. Hətta özü gəlinindən nəsə soruşanda da belə edirdi, - ağ balığı neynirsən?

- Rafiqin ayın onunda beş yaşı tamam olur, - Bahadır dedi, - qonaqlıq eləmək istəyirəm.

Beş yaş beş ildə bir dəfə olur.

Atası day heç nə demədi, badımcanları üfürdü ki. tez soyusunlar.

- Ad günü lazım deyil uşağa, - Anya dedi, təkcə  böyüklər gələcəklər… o da ki, gəlsələr…  

Bu sözləri deyəndə Bahadıra baxmadı, özü də Bahadırı incitməməkçün elə-belə, sözarası dedi. Bahadır incimədi, amma qəfil ağlına gəldi ki, içki almaqda bəlkə də tələsib, çünki birdən uşaqların yenə vaxtları olmaz, başları qarışar işə, gəlməzlər, ya da şəhərdə tapılmazlar. Sentyabrın əvvəlidi, çoxları məzuniyyətdən hələ qayıtmayıb… Tələskənliyə görə özünü danladı.

- Yaxşısı budu, uşağa hədiyyə alaq, - Anya davam elədi, - həyət uşaqlarını da qonaq çağıraq, bu, Rafiqin ürəyincə olar.

- Düz demirsən! – atası badımcanları özündən kənar eləyib söhbətə qarışdı, - xırdaçılıq eləyirsən. Adi dövlət siyasəti ilə yanaşı, böyük siyasət də var: strategiya və taktika, - o, qürurla Bahadıra baxdı.

… Əlbəttə, əvvəlcə gərək öyrənəydi görək uşaqlar şəhərdədilərmi, vaxtları varmı, sonra  alardı içkini, Bahadır özünü danlayırdı, tələskənliyi üzündən yenə axmaq vəziyyətə düşə bilərdi.

- Elə bilirsən, dövlətə bayramlar lazımdı? - atası dedi, o, Anyaya müraciət eləsə də, üzünü ona tərəf çevirmirdi. – Yox. Bu pulu min cür başqa şeyə xərcləmək olardı. Amma  böyük siyasət baxımından bu bayramlar vacibdi. Bunları boş şeylər sayırsız, bax elə ona görə də addımbaşı səhv edirsiz. Rus dilindən dərs demək asandı, həyatda daha mürəkkəb şeylər var!.. – Atası təəssüflə Bahadıra baxdı: yəni arvadın səni bisavad hesab edə-edə istəyir ki, onun çaldığı hava ilə oynayasan, amma bu evdə də başa düşən adamlar var, qoy arvadın fikirləşməsin ki, hamıdan ağıllıdı.

- Di yaxşı, - Bahadır üz-gözünü əyişdirdi, - özündən çıxma, böyük siyasət… Rafiqə palto almaq lazımdı, nə siyasətbazlıqdı? – Atasının yazdığı ərizələrdən biri Eldarın anası Leyla xalanın əlinə düşəndən və Leyla xala orda çoxlu səhv tapandan sonra Bahadır day onun «ağıllı» söhbətlərinə fikir vermirdi; məlum olmuşdu ki, atası prokuror işləsə də, savadı azdı.

- Nədi, istəyirsiz ki, badımcanları yeməyim, hə? – Atası soruşdu. – İstəyirsiz ki, boğazımda tikə ilişib qalsın? Bunu heç vaxt göyrməyəcəksiz. Məndən tez gəbərəcəksiz!

Badımcanları qamarladı, guya əli yanırmış kimi otağına qaçaraq getdi.

Anya, kişi eşitməsin deyə, pıqqıldadı. Bahadırın güləsi halı yox idi.

- Fikir vermə ona, - Anya dedi, - gəlmirlər, qoy gəlməsinlər. Qohumları çağırarıq.

- Niyə gəlməsinlər?! – Bahadır qəfil bağırdı, - kim dedi ki, gəlməyəcəklər?! Sus! Hər yerə soxursan burnunu! Biş-düşünü elə, qalan şeylərdə işin olmasın… - Bunları qışqıra-qışqıra arvadının incilikdən qırışmış sifətini və göz yaşlarını görəndə anladı ki, nahaq dedi bu yersiz sözləri, bu axmaqlıq və ədalətsizlikdi arvadına qarışı, amma damarları şişə-şişə öküz kimi bağırmağına ara vermədi, əksinə, daha da hirsləndi, bu dəfə özünə  açığı tutmuşdu və qapını çırpıb, Bilgəhə ağ balıq dalınca getdi…

Vağzalda elektrik qatarının cədvəlini uzun-uzadı oxudu, sonra avtobus cədvəlinə baxdı və heç cürə anlayammadı ki, hansında daha tez çatar Bilgəhə: avtobus kəsmə yolla gedirdi, amma gec qalxacaqdı. Başı işləmirdi.

Elektrik qatarında getdi. Qırx dəqiqədən sonra Zuğulbada başa düşdü ki, səhv eləyib, çünki Zuğulbadan Bilgəhə elektrik qatarı iki saatdan bir gedir, avtobusla isə birbaşa ora gedəcəkdi.

Yol maşını tutmalı oldu. Sürücüdən balığın yerini soruşdu. Sürücü onun özünün də bildiyi bir yer dedi – bağ qəsəbəsinin kənarında, dəmiryol xəttnininin yanındakı keçiddən aralı balaca dükanı məsləhət bildi.

Bahadır soruşdu:

- Day harda var?

- İndi ağ balıq tapmaq çətindi, - sürücü dedi, - üç gündü xəzri əsirdi, dənizə çıxan olmayıb. Kimin həyətində hovuz var, bəlkə onlardan tapasan.

O, hovuzu olan bir adamın evini Bahadıra nişan verdi: onda həmişə olur, – deyə, onu arxayın elədi.

Dükanda balıq tapammadı. Limonad yeşiklərinin üstündə oturmuş qoca satıcı sürücünün dediklərini kəlməbəkəlmə təkrar elədi və o da həmin adamın evini nişan verdi.

Bahadır kəndə getdi. Qum dolmasın deyə, ayaqqabılarını çıxartdı. Beş dəqiqədən sonra tərləmiş bədəni qum içində idi, dişləri arasında qum dənələri xırçıldayırdı. Yaxşı ki, qara kostyumunun şalvarını geyməmişdi.

Hərdənbir yol ikiləşirdi və Bahadır sövq-təbii olaraq gah sola, gah da sağa gedir və azmırdı. Yol onu daş hasarlara alınmış bir neçə evin arasındakı balaca meydançaya gətirib çıxarırdı. Burda qum dərin deyildi, altında bərk torpaq duyulurdu. Evlər ikimərtəbəli idi, şüşə aynabəndləri vardı. Bəzilərinin darvazasında «Volqa», bəzilərinkində isə eşşək dayanmışdı. Bahadır fikirləşdi ki, həmişə ağ balığı olan adamın evinin qapısında «Volqa» dayanır. Amma hər ehtimala qarşı eşşəyin yanında oturmuş iki oğlana yaxınlaşıb, soruşdu. Oğlanların arasında, yerdə rəngi getmiş qırmızı əski parçasının üstündə pomidor qalağı və tərəzi vardı.  Kimə satırdılar bu pomidoru onlar, məlum deyildi.

Uşaqlar istiqanlı imişlər, Bahadırla özləri maraqlandılar, onun suallarını gözləmədən bir-birilərinin sözünü kəsə-kəsə xəbər verdilər ki, o axtaran adamın adı Kamildi və Kamil bir az əvvəl balıq nəzarəti idarəsinin müfəttişi ilə Buzovnaya getdi, onun motosikletə oturduğunu uşaqlar gözləriylə görüblər. Kamilin doğrudan da həmişə ağ balığı var. O, darvazasında «Volqa» dayanmış evdə olur, amma Kamilsiz balıq satmayacaqlar.

Bahadır meydançanı keçib, mavi rəngli dəmir darvazanı döydü. On iki yaşlarında bir qız uşağı çıxdı. Bahadır uşağa izah elədi ki. şəhərdən ağ balıq dalınca gəlib.

- Atam evdə yoxdu, - uşaq dedi, - sabah gələcək.

- Balıq var?

- Bilmirəm.

Bu vaxt bir az yaşlı daha bir qız uşağı, sonra isə iki qadın yaxınlaşdı. Hamısı da eyni sözləri dedilər: Kamil yoxdu, evdə balıq olub-olmadığını isə bilmirlər. Sabah Kamil bütün günü evdədi. Bahadırın xahişini ona çatdıracaqlar ki, axşama kimi səkkiz kiloluq bir ağ balıq saxlasın…

Bahadır şəhərə avtobusla qayıtdı. İsti və toz onu əldən salmışdı, amma balıq tapmadığına bir tərəfdən sevinirdi. Araq, konyak, çaxır xarab olmayan şeylərdi, qoy evdə qalsınlar, onsuz da sonralar mağazadan almalıdı ki. Toyuq da kara gələndi. Böyük siyasət onu maraqlandırmır, Anya haqlıdı, yaxşısı budu, Rafiqə palto alsınlar, heç kimə lazım olmayan ad gününə pul xərcləməyin mənası yoxdu.

Evə getmək istəmirdi. Növbəyə durub, üç parç pivə aldı (təzə olanda içiləsiydi), tütün dükanından iki kisəcik noxud da götürdü (qoca tatar noxudu altdan satırdı) və sakitcə heç nə barədə düşünmədən o üç parç pivəni noxudla içdi. Sonra evə yollandı.

Anası artıq işdən gəlmişdi. Yaxşı ki, bacıları evdə deyildilər - biri təcrübədədi, o biri istirahət evində. Anya hələ də mətbəxdə idi. Bahadır otağa keçib, kepkasını çıxarmadan stula oturdu.

Anası artıq hər şeyi bilirdi.

- Yorulmusan, oğlum, - o, mehribanlıqla dedi və Bahadurçün çəkələkləri gətirdi.

Anası heç vaxt ona yorucu suallar verməzdi. Bax indi çox istəyir ki, oğlunun Bilgəh səfərinin necə keçdiyini öyrənsin, amma dinmir, gözləyir ki, oğlu özü desin. Anası yazıq, lap qocalıb.

- Balıq yoxdu, - Bahadır dedi.

- Yoxdu, yoxdu də, dünyanın axırı ha deyil, - anası onu sakitləşdirməyə başladı. İki dənə də toyuq alınsa, o, ləzzətli bir plov bişirər. Kişmişnən. Allaha şükür, mağazalarda düyü var, ətdən isə kababdan başqa, təzə yarpaq dolması bükmək olar, qonaqlar da razı gedərlər.

Bahadır deyilənlərə fikir verməsə də, anasının səsi onu sakitləşdirirdi. Ananın verdiyi iki stəkan çayı içədən sonra yorğunluğu və acığı keçib getdi.

- Bu ad gününü mən ona görə keçirtmək istəyirəm ki, - arvadı mətbəxdə eşitsin deyə ucadan dedi, - evimizə gələn olsun, görsünlər gün-güzaranımızı, görsünlər ki, heç kimdən dala qalmırıq. Gör neçə ildir mənzil almışıq, qohum-qardaşdan başqa, bizdə heç kim olmayıb. Yoldaşlarımı görəndə, xəcalət çəkirəm. Bir yerdə görüb eləyəndə soruşurlar: «Hə, necə yaşayırsan? Anan necədir? Oğlun necədir? Oğlunu indiyədək görməmişik». Bilmirəm, onlara nə cavab verim… Rafiqin beş yaşı tamam olur, dostlarımsa hələ də onu görməyib. Bayquş kimi yaşayırıq. Beş ildə bir dəfə dostlarımı evimdə qonaq eləyəmmərəmmi? Qoy bir həyətdə böyüdüyüm dostlarım evimə gəlib şənlənsinlər ürəkləri istəyən kimi. Buna haqqım yoxdumu? Əgər adam belə şeyləri eləyə bilmirsə, onda niyə yaşayır, onda nə həyatdı bu? Nəyə gərək eşşək kimi səhərdən-axşamacan işləyirəm? Düzdümü, ana?

- Düzdü, oğlum, düzdü, - anası razılaşdı, - hamı bir-birinin evinə gedib-gəlməlidi, bunnan yaxşı nə var?

- Palto da alarıq, - Bahadır davam elədi, bu günkü danışığı özünün də xoşuna gəlirdi. – Allaha şükür, canım-başım sağ-salamat, ölməmişiəm ki, Rafiqçün on dənə palto alaram, bircə oğlumçün paltomu alammayacam? Belə acizəm? Palto bir yana, başqa şeylər də var axı ortada. Yaxşı, oğlum böyüdü, deyəcək ki,bəs mənim atam necə yaşayıb? Hanı onun dostları, nəyçün onun heç kimi yoxdu? Bəlkə o pis adamdı, əclafdı, niyə bizə heç kim gəlib-getmir? Onda oğluma nə cavab verəcəm? Əgər dostlarım pis adam, əyyaş, dələduz olsaydılar, onda deyə bilərdim ki, hə, hamı düz deyir. Onları ad gününə çağırmaq olmaz. Amma belə deyə bilmərəm axı. Heç kim deyə bilməz. Kimin belə dostları var? Biri o birindən yaxşıdı… Ağıllı, tərbiyəli, savadlı adamlardı. Uşaqlığım onlarla keçib. Bir böyümüşük. Nİyə onlarçün yüz əlli – iki yüz manat xərcləyə bilmərəm? Yəni belə xəsisəm mən? Uşaqlıqda məni nə qədər qonaq ediblər, bircə dəfə də mən bunun əvəzini çıxmalıyam. Mənim adamlığım yoxdumu, nədi? Kim bilir, nə fikirləşirlər, deyirlər ki, Bahadır kasıb idi, kasıb da qalıb, savadı yoxdur, güclə çörək pulu qazanır. Mən istəyirəm, gəlib görsünlər ki, Bahadır lap yaxşı yaşayır, evimə, ailəmə, uşağıma baxsınlar, sevincimə şərik olsunlar, mənimlə badə qaldırsınlar. Düzmü deyirəm, ana?

- Düzdü, oğlum, düzdü.

- Yoldaşlarımdan ayrı düşmək istəmirəm. Bu yerdə Bahadır hiss elədi ki, çox bərkdən, az qala qışqıra-qışqıra danışır. Həyətə baxan pəncərələrsə açıqdı və qonşular elə fikirləşərlər ki, onlarda davadı.

- Sənə yoldaşlarından ayrıl deyən yoxdu, - Anya mətbəxdən sakitcə dedi, - mən səninlə çoxdan razılaşmışam. Özün qışqır-bağır salıb getdin.

Bahadır yerindən qalxdı.

- Qışqır-bağır salaram da, - mətbəxə keçdi, - dəmirdən deyiləm axı…  

Hər şey yaxşı qurtardı. Qərara aldılar ki, bu gün axşam qonaqları çağırmağa başlayacaq, sabah səhər ət götürəcək, qalanları isə onun işi deyil, qadınlar həll edəcəklər. Amma o yenə dedi ki, vaxtı çatsa, ağ balıq dalınca gedəcək. Kababı da özü çəkəcək, heç kimə etibar edən deyil.

Köhnə həyətdə hamısının teleforları vardı. Eldarla Ramizgildə telefon müharibədən əvvəl vardı, qalanlarına ATS-2 işə düşəndən sonra çəkmişdilər. Ona görə də ora getməzdən əvvəl Bahadır Eldarın valideynlərinə zəng etməyi qərara aldı ki, onlara gələcəyini xəbər versin və bir neçə il bundan əvvəl uşaqlarla sirkdə tanış olduğu iki yoldaşın telefonunu öyrənsin. Uşaqların onlarla dostluq elədiyini bilirdi, ona görə də hamıya xoş olsun deyə, onları da dəvət eləməyi qərara almışdı. Onlardan biri, Oqtay, Dövlət plan komitəsində işləyirdi, o biri, Tofiq, univermaq direktoru idi. İkisi də Bahadırdan iki yaş böyük idilər, evliydilər, uşaqlarla bir neçə dəfə onlarda qonaqlıqda olmuşdu və indii istəyirdi onların qonaqpərvərliyinin əvəzini çıxsın. Rafiqin ad günü isə kişilərə hörmət etməkçün münasib fürsət idi.

Dəstəyi Eldarın anası Leyla xala götürdü, Bahadırın səsini eşidib sevindi. Danladı ki, niyə yox olub, gəlib-getmir. Bahadır ondan Oqtayla Tofiqin telefonunu soruşdu və dedi ki, yarım saatdan sonra qonaq gələcək. Həmid dayının evdə olub-olmadığını soruşdu, ona salam dedi və xahiş elədi ki, Eladara çatdırsınlar ki, heç yerə getməsin, vacib işi var onunla…

Şamaxinkada küçədəcə təzə baqıl satırdılar – iri çəkilərdi. Növbə böyük deyildi, təzə balığın küçədə satılması nadir haldı, ona görə də Bahadır iki dənə balıq götürdü ki, Eldarın qocalarıyla yesinlər.

Çəkini təmizləyib qızartmaq əlindən gəlir, niyə də qocaları təzə balığa qonaq ələməsin?

Həmid dayı divanda uzanmışdı və eynəyini alnına çəkib kitab oxuyurdu.

- A-a-a, - Bahadırı görəndə sevindi, - qaçaq düşmüş oğlan doğma yerlərə qayıdıb, - eynəyini burnunun üstünə endirdi və nıqqıldaya-nıqqıldaya ayağa qalxdı. Qrijası vardı onun.

Leyla xala kartlarla fala baxırdı. Day saçlarını boyamadığından başı ağappaq idi, bir az da kökəlmişdi. Divarlardakı xırda xətləri olan oboylar neçə illər idi ki, dəyişilmirdi.

- Oboyları dəyişmək lazımdı, - Bahadır dedi.

- E-e, - Leyla xala əlini yellədi, - kimdi bununla məşğul olan? Bizim oboy dəyişən halımız yoxdu, qocalmışıq, Eldara da ki, deməyin xeyri yoxdu. – Leyla xalanın kefi pozuldu, görünür, Eldardan narazı idi, ümumiyyətlə özündən tez çıxan qadın idi.

- Xöşbəxtlik oboylarda deyil, - Həmid dayı Bahadıra göz vurdu. O hər şeydə Leyla xalaya güzəştə gedirdi, amma birdən durub elə zarafat edirdi ki, arvad təəccüb qalırdı.

- Boş-boş danışma, sən Allah, - arvadı dedi, - Bahadır, keç, otur.

- Həmid dayı düz deyir, - Bahadır qəzetə bükülmüş balıqları pəncərə önünə qoyub dedi, - amma evdə səliqə-sahman olanda, adama da xoş gəlir, ürəyin açılır.

Hər dəfə Eldargilə gələndə təəssüflənirdi ki, Eldarın əlində yaxşı imkan ola-ola – hər necə olsa elmlər namizədidi – evə heç baxmır, oboylar cırılıb-qopur, qapı-pəncərələr rənglənməlidi, mebel qopuq-qopuqdu. Bahadırın evi bunlarınkıyla müqayisədə saraydı, hər yan parıldayır, rənglənib, bu yaxınlarda yenə balaca bir təmir işi apardı evdə. Əlbəttə, evdə yaşayan qadından da çox şey asılıdı. Leyla xala bir az tənbəl qadındı.

-Təzə balıq gətirmişəm, - Bahadır dedi, - Şamaxinkada satırdılar.

Həmid dayı dirçələn kimi oldu.

- Sağ ol, - Leyla xala dedi və yenə fala baxmağa başladı, - balığın əngəli çoxdu, onu təmizləmək lazımdı.

- Mən təmizləyərəm, - Bahadır onu sakitləşdirdi, -təki tavanı verin.

- Gedək, - həmid dayı dedi, - nəyin harda olduğunu göstərim.

Amma Bahadır özü də hər şeyin yerini bilirdi, o, bu evdən köçəli bu evdə heç nə dəyişməmişdi. Heç mebeli də yerindən tərpətməmişdilər.

Parket də pis gündə idi. Nadir hallarda silirdilər onu. Dəhlizin küncündə uzun nikelli borular var idi.

- Onlar neyçündür, - Bahadır soruşdu, amma tez də başa düşdü ki, bunlar pərdə asmaq üçündü.

- Usta tapa bilmirik ki, gəlib vursun bunları.

- Mən eləyərəm, - Bahadır dedi.

Həmid dayı ilə birlikdə balıqları təmizləyib, qızartmağa başladılar.

- Eldar zəng eləmişdi, - Həmid dayı dedi.

Hərəsi əlində bir bıçaq tutub qaz plitəsinin yanında dayanmışdılar.

- Nə vaxt? – Bahadır təəccübləndi və hətta azacıq təşvişə də düşdü.

- Sən bizə gəlib çıxana kimi.

- Xahişimi çatdırdız ona?

- Dedim hər şeyi. Söz verdi ki, tezliklə gəlib çıxar…

Bahadır sakitləşdi.

- Bilirsiniz nə var, - o dedi, - hələlik mənsiz qızardın, indi qayıdıram.

- Heç yana getmək lazım deyil. – Həmid dayı əl-ayağa düşdü, - evdə hər şey var. Araq da, çaxır da.

- Mağazaya getmirəm, - Bahadır onu sakitləşdirdi, - bir dəqiqəliyə Faiqə dəyib qayıdıram.

- Onu da çağır. Qızarmış balığı xoşlayır.

Bahadır əllərini sildi və köhnə taxta pilləkənlə həyətə endi, bu pilləkəndə onlar uşaqlıqda yarışırdılar – ən hündür pillədən tullanmağa çalışırdılar.

Həyətdə tikili çoxalmışdı. Qonşular evlərini genişləndirirdilər – özlərinə mətbəx, hamam, ayaqyolu, örtülü eyvanlar düzəldirdilər. Əvvəllər isə həyətdə o qədər yer vardı ki, lap voleybol da oynayırdılar. Püstə ağacının qurumuş gövdəsi hələ də həyətin ortasında qalmaqdaydı.

Həmişə olduğu kimi, həyətdə İsmətin anası Solmaz xala, Sonya və Lətifə xala oturmuşdular – yayda həmişə həyətdə oturar, hər şeyi görər, eşidərdilər. Xüsusən də Lətifə. Bahadırın anasının yaşıdı olsa da, adamın dili gəlmir ona xala desin. Qoca, övladsıq, qiybətçi qadındı. Özünü ziyalı kimi göstərir, di gəl satıcı olub, altı ər dəyişib və çəkidə aldatdığına görə yarım il həbsdə oturub. Əslində çoxu elə ona görə Boris Leybinin evini təmir eləməkdən boyun qaçırdı, onun sir-sifətini gözünün qabağına gətirəndə, kefi pozulurdu; «yazıq Bahadır, bütün günü tikintidə işləyir, işdən sonra məcburdu ki, dost-tanışının evini təmir eləməklə pul qazansın. Neyləsin, yazıq? Uşağı var, ailəsi var, iki bacısı oxuyur, dolanmalıdı axı. Üst-başını o gündə görəndə, adamın ürəyi ağrıyır. Bu dünya belə olub, belə də qalacaq: kiminki gətirir – bu yerdə Lətifə bu gün qiybət etmək növbəsi çatmış qonşulardan birinin qapısına nəzər salaraq, pıçıltıya keçəcək, – bədbəxt Bahadır kimiləri isə daşdan pul çıxarmağa məcburdular…» Yox, Lətifə ölsə də, Bahadırı o gündə görməyəcək!

Faiq evdə idi, amma yatırdı. İsmət hələ işdən gəlməmişdi. Bahadır yuxarı, Eldargilə qalxdı, yolda Lətifənin, Sonya və Solmaz xalanın verdikləri min dənə suala cavab verdi, ən yaxın günlərdə anasını onlara qonaq gətirəcəyini vəd elədi…

Eldar gəlib çıxmaq bilmirdi. Onlar balığı yedilər, bir şüşə arağı içdilər (Leyla xala içmədi), sonra Bahadır çox illər bundan əvvəl Leyla xalaya bağışladığı alətlə divarda deşiklər açdı və pərdə asılacaq dəmir qolları o deşiklərə bərkitdi, söz verdi ki, gələn bazar günü gəlib hökmən o deşiklərə kirəc sürtəcək.

Eldar gecikirdi. Həmid dayı Bahadırı sakitləşdirirdi, yəqin nəsə qəfil bir iş çıxıb ortaya, yoxsa Eldar çoxdan gəlmişdi, Bahadırın onlara gələcəyini eşidəndə sevinmişdi telefonda…

Bahadır o deyənlə razılaşırdı. Nə deyə bilərdi axı? Əsl dost belə eləməzdi, bunu qocaya başa salmaq gülməli çıxardı, üç saatdır ki, Eldarı gözləyir, bəlkə Eldar ona elə bir iş üçün lazım idi ki, hər dəqiqə qiymətliydi, Eldarı niyə görmək istədiyinin səbəbini deməmişdi axı, sadəcə xahiş eləmişdi ona çatdırsınlar ki, vacib işi var, bəlkə ölüm-dirim məsələsi həll olunurdu elə. Bir ildi ki, Eldara zəng eləmirdi. Doğrudanmı ildə bircə dəfə dostun çətinə düşüb sənə zəng edəndə, evə vaxtında qayıtmaq olmaz?! Ya da Faiq? Yatır. Əgər onun dostlarından biri qonaq gəlsəydi, anası Bahadırı yuxudan ayıltmazdımı? On sutka da yuxusuz olsa belə, anası onu ayıldardı. Faiqin anası çay təklif elədi, evdəkiləri, uşağı soruşdu, Faiqi isə yuxudan ayıltmadı. Hörmətli qonaq deyil ha! Gözələyə də bilər…

Həmid dayı hey deyirdi ki, uşaqların hamısı onun xətrini istəyir və onu tez-tez xatırlaırlar, qoy kefini pozmasın və axmaq fikirləri başından atsın.

İndii onlar bir şüşə də çaxır içərlər və hər şey qaydasına düşər. Eldarsa bu dəqiqə gəlib çıxar, yəqin indi hardasa lap yaxındadı, bəlkə də darvazaya çatıb, ya da pilləkənlə qalxır…

Faiq, Eldar gəlib çıxmazdan əvvəl zəng elədi. Telefona Həmid dayı yaxınlaşdı.

- Hə, burdadı, - o dedi və Bahadıra baxdı, - yox, hələ gəlməyib… Yaxşı, deyərəm. Bəlkə sən bizə qalxasan? Aydındı… Hə, bizləri yaddan çıxartma, baş çək, - Həmid dayı əllərini yellədi və dəstəyi asdı.

- Dedi ki, onlara düşəsən. Nəsə olub orda. Eldar gələndə deyərəm ki, sən aşağıdasan…

- Qoy zəng eləsin.

- Hökmən. Ya düşər aşağı, ya da zəng eliyər. Söz verirəm sənə.

Həmid dayı Bahadırı oğlunun ad günü münasibətilə bir də təbrik elədi, Leyla xala onun anasına salam göndərdi və Bahadır onlarla xudahafizləşib, Faiqin yanına getdi.

Faiq əynində pijama ara otaqdakı çarpayıda oturmuş, üzbəüz stulda isə kostyum və qalstukda, nədənsə qanıqara olan İsmət əyləşmişdi. Onlara baxanda, Bahadır anladı ki, nəsə ciddi bir şey olub.

- Əyləş, - onlar görüşəndən sonra ona stul uzatdı. – Xırda bir iş var. – İsməti göstərdi, - ona görə də yuxarı Eldargilə qalxmadım.

Faiqin uzun müddət zəng eləməməyinə yatmağı yox, daha ciddi bir səbəb var idi və bunu başa düşən Bahadırın ürəyi sakitləşdi.

- İşlər necədir, Bahadır? – İsmət cibindən siqaret çıxara-çıxara soruşdu, bunu astadan, elə belə soruşdu. Adətən qohumlar və ya tanışlar kiminsə yasında görüşüb, sual-cavablar edəndə, bir-biri ilə belə tərzdə danışırlar, guya başları elə qarışıqdı ki, özgə işlərinə qarışmağa nə həvəsləri, nə də vaxtları var, maraqlananda da yalnız nəzakət naminə maraqlanırlar.

- Sağ ol, pis deyil, - Bahadır cavab verdi.

İsmətin sualından sonra o, tam əmin oldu ki, vacib bir söhbətdə iştirak edir.

- Onunla bir danışmalısan, - Faiq yatmaqdan şişmiş sifətini ovxalaya-ovxalaya İsmətə dedi. – Hər şeyin həddi var axı.

İsmət dedi:

- Ona yazığım gəlir.

Bahadır tədricən söhbətdən anladı ki, üç ildir poliklinikalarının bir həkimi ilə görüşən İsmətin bacısından gedir danışıq. İsmət öyrənib ki, həkimin kənddə nişanlısı var, bu gün danışıq olub aralarında, saat yarım bundan əvvəl ayrılıblar və həkim yenə də müəyyən bir şey deməyib. Nişanlısı olduğunu inkar etmir, İsmətin bacısını sevdiyini də deyir, amma bunun nə ilə qurtaracağını bilmir. Qızınsa iyirmi beş yaşı var, özünə bir gün ağlamalıdı, buna nə qədər dözmək olar…

Faiq qəti tədbirlər tərəfdarı idi («həmişə olduğu kimi», Bahadır bacısı Sonyanı xatırlayıb fikirləşdi), İsmətinsə bacısına yazığı gəlir, gecələr ağlayır, oğlanı sıxma-boğmaya salsan, aradan çıxacaq, yazıq bacısı gözü yaşlı qalacaq.

- Sıxma-boğmaya salmasan, - bir az da gəzib, atacaq onu. Yoxsa belə süründürməzdi. Bir hiyləsi olmasaydı, çoxdan evlənmişdi qızla.

- Evi yoxdur, - İsmət dedi, - kəndçidi axı, gözləyir ki, ev versinlər.

- Qoy kirayə ev tutsun. Başqaları necə, o da elə, - Faiq dediyinin üstündə dururdu. - Otuz-qırx manata babat otaq tutmaq olar. Ya da qoy kooperativ tikdirsin, ata-anasının kənddə yəqin bağları, mal-heyvanları var, mer-meyvə satırlar. İndi kəndçilərin pulu çoxdu, şəhərə cibləri dolu gəlirlər.

- O elələrindən deyil, - İsmət dedi, - pulu yoxdur, maaşa baxır.

- Özün bilən yaxışıdı, - Faiq çarpayıdan durdu, - indi hər şey səndən asılıdı. Əgər hiss eləsə ki, qızın arxasında dağ kimi qardaşı durub, məcbur olub evlənəcək…

Doğrudan da, ciddi söhbət idi və qurtarmaq bilmirdi, Bahadır ad günündən söz salıb araya girə bilməzdi. Söhbətin öz-özünə qurtarmasını gözləmək lazım idi. Eldar gələndə danışıq qurtarmaq üzrə idi, amma hər şey təzədən başlandı…

Eldar gələndə saat on ikiyə təzə işləyirdi və on ikiyəcən ancaq İsmətin bacısından danışdılar. Nəhayət, İsmət getdi ki, paltarını dəyişsin və gəlməsi barədə anasını xəbərdar eləsin, yalnız bundan sonra Eldar Bahadırın ona nə işi düşdüyünü soruşdu.

Bahadırı qucaqlayıb, gec gəldiyi üçün üzr istədi, tərs kimi, araya bir iş çıxdı, amma bunlar hamısı boş şeylərdir, bir desin, görək işlər necədir, Bahadırın kefi yaxşıdırmı? Hara belə yox olub? Niyə çoxdandır ki, gəlib getmir?

Bu yerdə Bahadır dözəmmədi.

- Yaxşı, - o, ikisinə də dedi, - tutaq ki, mən çoxdandı gəlmirəm, bəs sizlərdən biri maraqlana bilməzdi ki, balam, bu Bahadıra nə olub belə? Niyə görükmür? Bəlkə elə ölüb? Bu cür də dostluq olar? Birdən mən heç bura gəlmiyəydim? Heç birinizin yadına düşməyəcəkdim. Elədi, ya yox?.. Bircə dəfə qapımı açmısızmı: «Bahadır, gəlmişik sənə baş çəkək, görək, güzəranın necədir. Evlənmisən, uşağın olub, artıq böyük oğlandır, bizsə hələ də onu görməmişik». Bir dəfə eləmisizmi? Adınızı da dost qoymusunuz. Evdəkilərin qarşısında xəcalət çəkirəm. Üzümə dururlar ki, deyirsən, dostlarım-dostlarım, hanı onlar, hanı dostların? Niyə səninlə maraqlanmırlar? Bilmirəm, nə cavab verim. Bəs mənliyim? Hə, deyin görüm, onlara nə cavab verim? Yerə girməyə hazıram… - Bahadır səsinin titrədiyini duydu və susdu. Uşaqlara baxmırdı, baxa bilmirdi, stulun üstündən siqaret götürüb yandırdı, çəkdi.

Onlar dil-ağız eləməyə başladılar. Əlbəttə, o, haqlıdır, indiyə kimi onun qonağı olmayıblar, ümumiyyətlə, tez-tez görüşmək lazımdır, amma günləri it günüdür, iş başlarından aşır, bir həyətdə yaşasalar da, heç bir-birlərini də görmürlər. Amma bununla özlərini təmizə çıxarmaq istəmirlər, bu nə sözdü? Hökmən, lap bu yaxınlarda hamı toplaşar bir yerə, köhnə vaxtlarda olduğu kimi, bu dünyada dostluqdan gözəl nə var? Axmaqdılar ki, buna qiymət vermirlər, çoxları dost üzünə həsrətdilər, indi dost tapmaq çətindir, bu da sövdət kimi bir şeydir, ya olur, ya heç olmur, ona görə də hökmən yaxın günlərin birində yığışıb, yeyib-içməlidirlər.

- Onunda oğlumun ad günüdü, - Bahadır dedi.

- Allah başacan eləsin, - Faiq deyib, Eldara baxdı, - neçə yaşı tamam olur?

- Beş.

- Məncə, - Faiq Eldara dedi, - burda ayrı söz ola bilməz, onunda Bahadırgildəyik.

- Ba, o nə sözdür? – Eldar razılaşdı. – Vaxt nə tez ötüb keçir, oğlun beş yaşına çatıb… Beş yaş…

- Oqtayla Tofiqi də çağırmaq lazımdır, - Bahadır dedi, - bu gün çatdırmadım, bazarlığa başım qarışdı, sizi gözlədim…

- Bunu mən götürürəm öhdəmə, - Faiq dedi. – Oqtayı da, Tofiqi də, qalanlarını da, - Borisi nəzərdə tuturdu, - hamı gələcək. Sən bazarlığında ol.

- Kömək eliyə bilərəm sənə, - Eldar təklif elədi.

- Hər şey hazırdı, - Bahadır onları arxayın etdi. – Ət tapşırmışam, toyuq almışam, ağ balığı sabaha söz veriblər… Altı dənə araq və dörd konyak bəs eliyər?

- Bizi o dünyalıq eləmək istəyirsən, yoxsa? – Faiq gülümsündü.

- Hələ çaxır da, şampan şərabı da olacaq, - Bahadır da gülümsündü. – Beş yaş beş ildə bir dəfə tamam olur axı.

- Hə, möhkəm yeyib-içmək olacaq, - Eldar atası kimi ələrini bir-birinə sürtdü. - Bir tanış qızım var, gətirmək olar onu?

- Əşşi, o nə sözdü? Kimi istəyirsən, gətir özünlə.

- Amma xahiş edirəm, yadından çıxartma ki, ailəli evə gedirsən, - Faiq Eldara xəbərdarlıq elədi.

- Əşşi, məni nə hesab eləyirsən? – Eldar gülümsündü. – Gözəl, təmiz qızdı, rus provoslav kilsəsinin xorunda oxuyur…

O, belə zarafatları sevirdi, bəlkə də düzünü demişdi, ondan və böyük qardaşı Ramizdən hər nə desən gözləmək olar, qadınlar ölür onlardan ötrü…

Bahadır evə saat üçə işləmiş qayıtdı. Sakitcə soyunub, arvadının yanına uzandı, hətta gecə də nəfəs almaq olmurdu istidən, arvadı təkcə qarnını mələf ilə örtmüşdü. Yuxulu-yuxulu ərini qucaqladı. Bahadır, Allah bilir, neçənci dəfə şirin-şirin düşündü ki, çılpaq halda arvadı paltardakından ətli-canlı görünür, geyim onu arıq göstərir… Bədəni möhkəm, dolğundu, sümükləri cılızdı. Amma bunu açıb demək olmur axı, hətta anası da hərdən deyir ki, Anya bir az gökəlsə yaxşıdı. Anası onu çılpaq görməmişdi.

Yuxudan ayıltmaq istəyir arvadını, amma ürəyi gəlmir. Anya bərk yatır, o, səsə arvadından tez oyanır. Rafiq balaca olanda, gecələr o daha çox əziyyət çəkir, uşağa baxırdı. Anyanı ayıltmırdı. Anya lap uşaq kimidi. Elə şeylər var ki, ikilikdə qalanda, Bahadır özü də utanır, arvadı isə yox. Bu hətta acığına da gəlirdi, əlbəttə bunu ona demirdi, amma kefi pozulurdu ki, arvadında qəfil, görkəminə, tərbiyəsinə yaraşmayan bir utanmazlıq əmələ gəlir, sonra başa düşdü ki, bu, utanmazlıq yox, əksinə, təmizlikdi. Nədən utanmağı bilməyən bir uşaq təmizliyi. Ondan elə uşaq iyi də gəlir. Süd iyi, ot iyi, bəlkə də Bahadıra elə gəlir, burnunda yağlı boya iyi qadığından, elə bilir ki, hər şey süd və cövhər qoxur. Arvadı yaman hərarətli idi, bəzən əhdini kəsir Bahadırın. Bahadır gülümsündü və ehtiyatla əlini arvadının isti, yumşaq qoltuğuna soxdu.

Anya nəfəsini tez-tez almağa başladı, sifətini də qırışdırdı. Lap balaca qıza oxşayırdı, gözləri öz-özünə açlıb, dar yarıqlardan qara şüşə kimi parlıdasa da, oyanmaq bilmirdi.

Amma oyanandan sonra uzun müddət sakitləşəmmədi, Bahadırın yorğunluğu və yuxusuzluğu da yaddan çıxdı. Nəhayət, Anya sakitləşdi.

- Uşaqlar hamısı gələcəklər, - Bahadır yuxuya gedə-gedə ona dedi, - sabah ət tapmasam, biabır olarıq.

O, başını yellədi. Anya onun üstündən aşıb, saatı qurdu. Yerinə keçməkçün yenə ərinin üstündən aşdı. Yadına düşdü ki, onun qara kostyumunun şalvarını yamamayıb. Qərara aldı ki, bunu sabah işə getməzdən əvvəl eləyəcək. Bir dəqiqə gözləri açıq halda uzandı. Bahadırdan soruşdu ki, çoxmu pul qalıb, amma o, cavab vermədi. Sualı heç eşitməmişdi də, artıq yuxuya getmişdi. Anya da tezliklə yuxuya getdi…

Səhəri günü ət, ağ balıq (yenə Bilgəhə gedib-gəlmək bir neçə saat çəkdi) almağa, prokatdan qab-qacaq götürməyə sərf elədi vaxtını. Anyanın pasportunun vaxtı ötübmüş. Bahadır pasportunu özü ilə aparmışdı ki, Bilgəhdən qayıdanda yolüstü əmanət kassasından pulunu götürsün, Anya bütün evi alt-üst eləsə də ananın pasportunu tapa bilməyiblər, atası özününkünü verməkdən qəti boyun qaçırıb. Pasportsuz prokatda qab-qacaq vermirlər. Ora saat yeddidə bağlanırmış, Bahadır isə Bilgəhdən qayıtmaq bilmirdi. Ona görə də qonşunun pasportunu xahiş ediblər. Anya artıq üçüncü dəfə gedəndə, nəhayət, plov və kabab üçün iyirmi dənə iri nimçə, balıq üçün iyirmi dənə balaca nimçə, çəngəl-bıçaq alıb. Qrafin yox miiş.

Axşam əti və balığı doğradılar, onlara soğan və nar vurdular. Anası göyərti təmizləyirdi, göyərtini çox almışdılar, onu hamı, qonaqlar da, ev sahibləri də xoşlayırdılar. Axşamdan xeyli keçmiş mebelin yerini dəyişməyə başladılar: divanı və Bahadırın bacısı Simanın çarpayısını özlərinin yataq otaqlarına keçirdilər ki, qonşudan gətirdikləri stol üçün qonaq otağında yer olsun.

Yatmazdan əvvəl Bahadır Faiqə zəng elədi – yoxladı ki, görsün, Faiq dəvət barədə hamını xəbərdar eləyibmi. Faiq onu sakitləşdirdi, dedi ki, bircə Ramiz qalıb, amma sabah səhərə telefon danışığı sifariş verib Sumqayıtla və Ramizi də xəbərdar eləyəcəklər. Uzaqbaşı uşaqlardan biri gedib maşınla gətirər onu, nədi ki, qırx dəqiqəlik yoldu.

Evdə vurnuxma olduğundan, Rafiq şıltaqlıq edib, yatmaq istəmirdi və Anya qorxdu ki, bəlkə uşaq xəstələnib eliyər, ha – həyətdə çox uşağı göy öskürək tutmuşdu. Hamı növbə ilə əllərini uşağın alnına qoydu, hərarəti yox idi…

Səhər heç nə olmayıbmış kimi ayıldı və valideynlərini zəngli saatdan da tez ayıltdı.

Bahadır o saat geyinib kömür dalınca getdi. Kömürçü xəbərdar elədi ki, kömür nəmdi, gec alışır. Bahadır yeddi kilo götürdü, kömür çuvalın yarısını tutdu.

Saat altıya hər şey qaydasında idi, stol qonaqların gəlişinə hazırdı: ətin bir hissəsi şişlərə keçirilmiş, bir hissəsi ləyəndə növbəsini gözləyirdi, istiot vurulmuş və duzlanmış ağ balıq iri aliminium qabda qoyulmuşdu, göyərti nimçələrdə idi, pendir və iki cür kolbasa doğranmış, konserv qutularının ağzı açılmış, plovun düyüsü bişməkdəydi, kömür özlərinin və qonşunun verdiyi manqallarda qalaqlanmışdı, araq, konyak, çaxır, şampan butulkaları stolun üstündə cərgə ilə düzülmüş, mineral su butulkaları isə eyvanın bir küncünü tamamilə tutmuşdu…

Bahadır stola bir də baxıb, əmin oldu ki, hər şey hazırdı. Qonaqlar saat yeddiyə gələcəklərinə söz vermişdilər.

Bahadır yuyundu, ağ neylon köynəyini, qara kostyumunun şalvarını geyindi, otaqda gəzişdi və stula oturdu, çünki qəfil dizlərinin əsdiyini duydu və bu, onu təəccübləndirdi. Bu günlərdə o qədər də çox işləməmişdi, işdə bəzən bundan çox yorulurdu – yəqin uşaqları dəvət eliyincə, ət tapınca, balıq dalınca gedincə və sair şeylərə görə həyəcan keçirmişdi. Öyrəşməmişdi axı belə şeylərə, birinci dəfə idi…

Evdə təkidi. Anya qonşu qadının yanına getmişdi ki, donundakı söküyü tiksin. Rafiq həyətdə uşaqlarla oynayırdı, atası səhər çıxandı evdən (onu nə qədər dilə tutmuşdularsa, köynəyini dəyişməmişdi), anası çörək dalınca getmişdi, həmişə olduğu kimi, bu dəfə də çörək son anda yadlarına düşmüşdü. Bir dəfə çox illər bundan əvvəl uşaqlarla hansı bayramısa qeyd edəndə, stol arxasına keçəndən sonra xəbər tutmuşdular ki, çörək almaq yaddan çıxıb.

Bahadır saatına baxdı. Yeddiyə qırx dəqiqə qalırdı. Həyətdən Rafiqi çağırıb, yuyundurmaq, geyindirmək vaxtı idi. Yoxsa qonaqlar gələnə çatdıra bilməzdilər.

Bahadır istədi Anyanı səsləsin ki, bununla məşğul olsun, amma sonra düşündü ki, Anyanın vaxtı olsa idi, bunu çoxdan eliyərdi, görünür, don vaxtını alırdı, yoxsa qonşugildə bu qədər oturmazdı.

Yerindən qalxmalı oldu. Rafiq həyətdə kiminsə velosipedini sürürdü. Qonaqlardan biri ona velosiped bağışlasaydı, yaxış olardı, Bahadır fikirləşdi. Onda uşaq ad gününü uzun müddət yadda saxlayar. Çoxdandır velosiped istəyir, əvvəla satışda az olur, ikicisi də ki, velosiped olanda, evdə pul tapılmır.

Bahadır Rafiqi çağırmaq istəyəndə həyətlə çörək dolu zənbillə gələn anasını gördü və başa düşdü ki, anası uşağı gətirəcək. Bu yerdə yadına düşdü ki, evdə narşərab yoxdu. Tər basdı onu – yadına düşməsəydi, nə pis çıxacaqdı – narşərabsız da ağ balıq olar? Onu acıqlandıran bu idi ki, nə arvadı, nə də anası xuruşu qabaqcadan almayıblar, heç yadlarına da düşməyib. Bu, qadın işidir, hər xırda şeyin dalınca o getməli deyil, onunku ət, balıq, toyuq idi, qalan şeylərə onlar cavabdehdilər.

Bahadır ayaqüstü bunu anasına deyib, narşərab dalınca qaçdı. Müharibədən sonrakı illərdə konyak bol olan kimi, narəşərab da mağazaların hamısında adətən başına qalardı, boş qalmasınlar deyə, rəflərə narşərab düzərdilər. Bugünsə onun dalınca Qara şəhər görpüsünə getməli oldu.

Evə ilk qonaqlarla eyni vaxtda qayıtdı. Pilləkənlə qalxa-qalxa yuxarıdan onların və Anyanın səsini eşitdi: «Buyurun, keçin, keçin», - addımlarını yeyinlətdi və Faiqin: «Bəs Bahadır hanı?» sualına özünü yetirdi. «Burdayam, - arxadan sevinclə dedi, - narşərab dalınca getmişdim». Onun gözlənilmədən peyda olması hamını təəccübləndirdi və gülüşdülər.

Birinci gələnlər Faiq, Gonbul Həsən, Boris və İsmət idilər. Boris arvadıyla gəlmişdi. Hamısı Rafiqi öpdülər (uşağın əynində qısa şalvarı olan təzə kostyum vardı) və ad günü münasibətilə təbrik etdilər. Uşaq utanır, adını demək istəmirdi. Anya ona gözünü ağartdı və o, adını dedi. Rafiq hədiyyələri yataq otağına aparırdı.

Mənzil hamının xoşuna gəlirdi. Bahadır mənzili onlara göstərincə, Oqtayla Tofiq də gəldilər, təkərli bir maşın da gətirmişdilər özləri ilə. «Buna kartinq deyirlər, - Oqtay Rafiqə izah elədi, - ötüş maşınıdı».

Bahadırı təssüfləndirən bu idi ki, onlar arvadlarını özləriylə götürməmişdilər, onları Anya ilə tanış eləmək istəyirdi, həm də stol arxasında boş yerlər qalacaqdı. Əvəzində Eldarla Ramiz bir tanış demişdilər, üç tanış qaz gətirdilər özləriylə («Biri yəqin Faiq üçündür», - Bazadır fikirləşdi).

Təzə gəlmiş qonaqlar o birilərə qoşuldular və mənzilə baxış davam elədi. Mətbəx, vanna otağı və Bahadırın dəhlizdə artıq şeyləri qoymaq üçün düzəltdiyi taxta dolablar hər şeydən çox xoşlarına gəldi.

Bahadır dedi ki, mətbəxdə aləm bir-birinə qarışdığına görə, başqa cür görünür, anasıyla Anya plov bişirirdilər, təmizlik olanda mətbəx ayrı məsələdi. Amma hamısı bir ağızdan dedilər ki, mətbəx elə belə də əladır. Mətbəx doğrudan da qəşəng idi; kafel, ikili cilalanmış əlüzyuyan, ağappaq çex qaz plitəsi (Bahadırın işinin yaxşı tərəfləri də vardı, bəzi şeyləri tikintidən götürür, bəztilərini də müştərilərdən tapırdı).

Anya Bahadıra işarə elədi ki, stola oturmaq lazımdır və o, hamını qonaq otağına gətirdi. Hərə yerini tutanda, Faiqdən soruşdu ki, kabab bişirməyə başlasın, ya bunu qəlyanaltı qurtarandan sonra eliyər.

- Gözlə bir, - Faiq dedi, - əvvəlcə əsas sağlıqları demək lazımdı, sonra başlamaq olar. İlk sağlıqlar deyiləndə hökmən stol arxasında olmalısan. Arvadını çağır.

Bahadır Anyanın dalınca getdi. Anası hələlik manqallarda kömürü odlamağı təklif elədi. Bahadır razı olmadı, dedi ki, kababa özü baxacaq, qoy anası əlini vurmasın.

Tamada Faiq idi. Birinci sağılğı Rafiqin adına dedilər. Uşağı yataq otağından çağırdılar. Yenə utanırdı. Qıpqırmızı olub, gözlərini aşağı dikirdi. Anya qulağına nəsə pıçıldadı, o, inadla başını buladı, hətta gözləri də yaşardı. Anya əlini onun alnına qoydu.

- Nədi, dəqiqəbaşı alnını yoxlayırsan? – Faiq birinci sağlığını deyincə, Bahadır arvadından astadan soruşdu, - uşaq adam içində özünü heç apar bilmir, fikir vermirsən ona.

- Qorxuram, xəstələnə, - Anya pıçıltı ilə cavab verdi, - bütün günü tər içində həyətdə qaçıb, tərini silməyə vaxtım olmayıb.

- Nə xəstəlikbazlıqdı, - Bahadır çalışırdı ki, üz-gözünün ifadəsindən nə barədə danışdıqları bilinməsin, - uşağı öyrətmək, tərbiyə eləmək lazımdır.

Nəhayət, Rafiqi buraxdılar.

Faiq deyirdi ki, bugünkü bayram onların hamısının bayramıdı, çünki Bahadırın oğlu onların hamısının oğludu. Anya yəqin ki, bilir, Bahadır danışmamış olmaz, onlar böyük bir ailə kimi bir yerdə böyüyüblər, sevinci də, kədəri də bölüşdürüblər, bütün çətinliklərə sinə gərib, adam arasına çıxıblar, hərə həyatda öz yerini tapıb, ya da vaxt gələndə tapacaq (yəqin özünü, aspiranturasını nəzərdə tuturdu), məsələ onda deyil, onunçün ən vacibi budur ki, balaca olduqları, müharibə getdiyi o vaxtlar, həyatlarının o ən ağır hissəsini ömrünün ən yaxşı günləri hesab edir, çünki adamlar indii öz mənzillərinə qapılıb, qapıbir qonşularının adını da bilmirlər, o vaxt isə hamı biri-birindən hali idi, şəxsən onların həyəti bir ailə kimi yaşayırdı, hamı bir-birinin tərəfini saxlayırdı, o, anasının bircə balası olsa da, altı qardaşı vardı (hamı qışqırmağa başladı: «Bəs indi? Bəs indi?»), elə indi də, aydın məsələdi, Faiq davam elədi, amma həqiqətin gözünə dik baxmaq lazımdı – onlar get-gedə bir-birlərindən aralanmağa başlayırlar, bunu bağışlamaq olmaz, çünki onunçün, məsələn, bu dünyada dostluqdan əziz şey yoxdur, onların arasındakı dostluqdan, hərçənd vaxt gedir, adama elə gəlir, hər gün özü ilə nəsə gətirir, amma yəqin o, belə yaranıb ki, həyat ona dostlarından yaxşı heç nə bəxş etməyib, buna görə də təklifi budur ki, indi balaca Rafiqin sağlığına içsinlər, müharibə getsin, bir də gəlməsin, sevimli ata-ana, yaxşı güzəran, bu gözəl ev-eşik bir yana, qoy həyat ona, Rafiqə, onlar kimi sadiq dostlar bəxş eləsin və o, bundan artığını bu gün Rafiqə arzulaya bilməz.

Faiqin sağlığı Bahadırın xoşuna gəldi, səmimi deyilmişdi, dünən Bahadırın dediklərinə cavab idi. Afərin, Faiq.

Hamı içdi. Bahadır araq içirdi.

Sonra Bahadırla Anyanın, Bahadırın valideylərinin şəxsində valideynlərin sağlığına (atası gəlib çıxmadı ki, çıxmadı) içdilər və Bahadır anasının dalınca mətbəxə gedib onu otağa gətirdi.

Anasının gözləri yaşardı və uzun-uzadı hamıya can sağlığı, xöşbəxtlik və neçə-neçə belə günlər arzuladı.

Anası mətbəxə qayıdanda Bahadır da onun arxasınca getdi, orda anasını qucaqlayıb öpdü. Anasına dedi ki, bu gün onunçün ən yaxşı gündü, çoxdan idi ki, belə sevinib fərəhlənməmişdi, uşaqların hamısının gələcəklərinə inanırmış, o nə sözdü. Onlar qardaşdılar axı.

Anası dedi ki, buna onun da şubhəsi yoxmüş və Bahadır otursun deyə, stolun altından stul çıxartdı. O oturmadı: qonaqların yanına getmək lazımdı, yaxşı deyil, qonaqlar orda qalıb, ev sahibi burdadı.

Bahadır gülümsündü və stula çökdü. O, anasına çox şey demək istəyirdi, amma qəfil duydu ki, dili topuq çalır. Gülməliydi, cəmi üç qədəh araq vurmuşdu, amma artıq içki onu tutmuşdu və Bahadırı gülümsəməyə məcbur edən də məhz bu idi, amma nəyə gülümsədiyini anasına deyə bilmədi və bu, onu daha da gülümsündürdü. Anası onun nəyə gülümsədiyini bilmirdi axı.

Anya onun dalınca gəlib otağa apardı.

- Hara aparırsan məni? – o təəccübləndi. – Kömürü odlamalıyam.

- Artıq odlayıblar.

- Kim? - Bahadır ayaq saxladı.

- İsmətlə Həsən.

- Aydındı, - Bahadır dedi, - hə, ad günü xoşuna gəlirmi? Sən deyirdin ki, gəlməyəcəklər, - o, divara söykəndi və gülümsəməkdə davam elədi.

- Yaxşı deyil, - Anya dedi, - səni gözləyirlər.

- Rafiq hanı?

- Yataq otağındadı.

- İndi gəlirəm, - Bahadır dedi, - get de ki, indi gəlirəm, gələcəm.

O, hədiyyələrə baxmaq və Rafiqdən bu hədiyyələrin hansının xoşuna gəldiyini soruşmaq istəyirdi.

Anya onun arxasınca gəldi. O, ərinin qolundan tutmuşdu.

Rafiq çarpayısının yanındakı xalçada oturmuşdu, ətrafı hədiyyələrlə dolu idi – bağlamaların hamısını artıq açmışdı.

- Xoşuna gəlir? – Bahadır soruşdu.

- Bəs bu nədi? – Rafiq radioyaya oxşayan ağ qutunu göstərib soruşdu.  

- Qapı zəngidi. Sən otur, mən indi, - Anya uşağa dedi.

O, Bahadırı qucaqlayıb buraxmırdı, Bahadır özü də ayaq üstə güclə durduğunu hiss edirdi.

- Qədəhlər iri idi, - o dedi.

- Yorulmusan, ona görədi… Bəlkə bir az uzanasan?

- Yox, nə danışırsan, - Bahadır qəti boyun qaçırdı, amma Anya onu buraxmadı və o, çarpayıya oturdu, - qonaqlar gözləyir axı.

- Eybi yox, bir az uzan, tez keçib gedər, - Anya onun ayaqqabılarını çıxardı, ayaqlarını çarpayıya uzatdı və otaqdan çıxdı.

Rafiq itaətlə döşəmədə oturmaqda davam edirdi.

- Görürsən, səninçün necə ad günü keçiririk? – Bahadır soruşdu. – Xoşuna gəlir?

Rafiq ona cavab vermədi.

- Niyə dinmirsən? – Bahadır incidi. – Səninlə deyiləm?

- Bilmirəm,- Rafiq dedi. O, Bahadıra böyrünü çevirib oturmuşdu.

«Yəqin yorulub, - Bahadır fikirləşdi, - bütün günü qaçıb, əldən düşüb. Ona görə də sevinmir. Ya da hərarəti var. Eybi yox, sabah hər şey düzələr».

Bahadır ayaqlarını döşəməyə salladı və elə o saat da Anya otağa boylandı. Necə eşitmişdi, məlum deyildi.

- Nədi? – Anya soruşdu.

- Mən indi, - Bahadır dedi. O yaman istəyirdi gedib uşaqlara desin ki, əgər onlar bu gün gəlməsəydilər, onlardan ömürlük inciyəcəydi.

- Uzan, uzan, - Anya dedi və yenə onun ayaqlarını çarpayıya uzatdı.

- Ad günü keçirtməkdə yaxşımı elədim?

- Əlbəttə, düz elədin.

- Sənsə deyirdin ki…

Anya çıxıb getdi.

Bahadır durmaq istəmirdi. Uzanmaq onunçün daha xoş idi. Yox, yaxşı ki, ad günü keçirtmək qərarına gəldi, o fikirləşdi, atası düz demişdi: bayramları qeyd eləmək lazımdı. Ev uşaqların xoşuna gəldi. Rafiqçün palto alacaq, bu nə axmaq söhbətdi. Yəni yeganə oğluna palto da ala bilməyəcək. Hər şeyin öz yeri var, lazım gəlsə, lap yüz dənə palto alar, bu nə sözdü, ey?

Ölməyib ki, doğma oğluna palto ala bilməsin…

Sonra onu yuxu apardı. Səhərə kimi ayılmadı.

Ədəbi laboratoriya-Yazıçılar münaqişələrə qarşı layihəsi münaqişədə olan xalqlar arasında qarşılıqlı düşmənçiliyi aradan qaldırmağa kömək məqsədi güdür. Bu o demək deyil ki, veb-saytda təqdim olunmuş əsərlər məhz həmin düşmənçiliyi doğurmuş hərbi və siyasi qarşıdurmaya həsr olunub. Saytda heç bir mövzu və ideoloji məhdudiyyət yoxdur. «Azərbaycanlıların (ermənilərin) maraqlı müasir ədəbiyyatı var» - saytın məqsədi oxucularda belə bir reaksiya doğurmaqdır. Çünki bu, münaqişədə olan xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa və münaqişənin həlli üçün zəruri şərait formalaşdırmağa yardım göstərə bilər. Əsərlərin erməni və azərbaycanlı qəhrəmanlarının davranışları, düşüncələri arasında oxucu yanlış stereotipləri və birgə yaşayışın mümkünsüzlüyü barədə təsəvvürləri aradan qaldıran bir çox oxşarlıqlar da aşkar edə bilər.

Müəlliflərin seçimi zamanı veb-saytın ədəbi koordinatorları həm əsas cərəyanları, həm də yeni meylləri nəzərə almağa çalışıblar.

home about partners
Forum