http://www.litlab.org
home about partners terms and conditions
Armenian Azerbaijani English Russian
AZƏRBAYCAN
Nəriman ƏBDÜLRƏHMANLI
(1958)

Gürcüstanda doğulub, Bakı Dövlət Universitetini bitirəndən sonra bir çox peşələrdə özünü sınayıb, fəhlə, idman metodisti, qəzetçi, arxiv işçisi, kinostudiyada, televiziyada ssenariçi-redaktor, jurnalda məsul katib işləyib, indi kitab nəşri ilə məşğul olur. Nəsr yazmağa tələbəlik illərindən başlasa da, nasir kimi ədəbiyyata 40 yaşında qədəm qoyub. Ona qədər publisistik yazıları dərc olunub, bir bədii, 10 sənədli kino filmə, 40-dək televiziya filminə ssenari yazıb, dünya ədəbiyyatından tərcümələr edib.

İlk kitabı «Yelçəkən» 2004-cü ildə çap olunub. Bu topludakı hekayələr, «Göy adamı» və «Dönəlgə» povestləri üslubuna, təhkiyə tərzinə, dilinə, obrazlarına görə diqqəti çəkib.

2006-cı ildə çap olunan «Yalqız» romanı şüur axını - monoloq üslubunda yazılıb, həmin ilin ədəbi hadisəsi kimi dəyərləndirilib.

2007-ci ildə, «Könül elçisi, yaxıd, Xuan de Persia – Oruc bəy Bayatın hekayəti» romanı çapdan çıxıb. 1599-cu ildə Səfəvi şahı I Şah         Abbasın Avropa ölkələrinə göndərdiyi səfarətin birinci katibi, 1604-cü ildə Valyadolid şəhərində kitabı nəşr olunan, Migel de Servanteslə dostluq edən şair və rəsam Oruc bəy Bayatın taleyi haqqında bu əsər artıq türk və rus dillərinə tərcümə olunur.

Azərbaycan oxucusu Nəriman Əbdülrəhmanlının rus, gürcü və türk dillərindən tərcüməsində F.Dostoyevskinin «Qumarbaz», A.Platonovun «Can», O.Çiladzenin «Uğruma çıxan adam», O. Pamukun «Mənim adım Qırmızı», S.Rüşdinin «Utanc», P.Koslyonun «İşıq cəngavərinin kitabı», K.Maruyamanın «Ay üçün ağı» romanlarını, 30-a qədər yazıçının hekayə və povestlərini oxuyub.

İŞIQSIZLIQ

… Gərək getməyəydin, getməyəydin, getməyədin…

İş-işdən keçəndən, Dostun demiş, olan olub, torba dolandan sonra dişlərini qıcırdatmağının, başına hava gəlmiş adamsayaq özünü didib-tökməyinin, dodaqların titrəyə-titrəyə bu sözləri tutuquşu kimi təkrarlamağının nə xeyri? Gərək indiki ağlın səhər əlini telefona izadanda, hansı duyğudansa quruyub ağaca dönmüş barmağınla Dostunun tanış nömrəsini yığanda üstündə olaydı, uzaqbaşı bir-iki çağırtıdan sonra onun yerində olmadığını bəhanə eləyib dəstəyi qoyaydın; yaxud xəttin o başından gümrah, ağayana, tox səsi eşidəndə ayılaydın, səsini çıxarmayaydın, ya da, həmişəki kimi hal-kefini soruşmaqdan ötrü zəng elədiyini deyib, dost-tanışı soruşub sağollaşaydın; amma Dostunun səsini eşidəndə olan-qalan müvazinətini də itirdin, suallarına yayğın, ikibaşlı cavab verə-verə sözünü nə təhər deyəcəyini götür-qoy elədin. «Mənə görə bir qulluq» dedi: duyumlu adamdı, görünür, qırımından sözlü olduğunu hiss eləmişdi, onda saxsı qab kimi oxalanıb öz içinə tökülə-tökülə, qızarıb-pörtdüyünü, təpədən-dırnağa qan-tərə batdığını otaqdakılardan gizlədə-gizlədə: «Nə bilim, bir az çətinliyim var», - dedin. Bu beş-üç kəlməni elə gücənə-gücənə dilinə gətirmişdin ki, ağzından çıxanda canına qəribə bir dinclik çökdü; guya həyatının hansısa, ən vacib borcunu yerinə yetirmişdin. Heç olmasa, onda tutduğun əməlin fərqinə vara, araya söz qatıb izi azdıra, görüşdən boyun qaçıra bilərdin. Dostun: «Əşşi, fikir eləmə, düzələr, dur gəl, gözlüyürəm,» - deyəndə hökmə tabe adam kimi dilinin qıfılını qıra bilmədin, dəstəyi yerinə qoyub üzünü otaqdakılardan gizlədə-gizlədə dəhlizə çıxdın, titrəyən barmaqlarınla siqaret çıxarıb, təpimiş dodaqlarının arasına qoydun, yandırıb acgözlüklə sümürdün: elə bil, xilasın acı tüstüdən asılıydı. Onda əzab çəksən də, xəcalətindən ölüb yerə girsən də, getməmək ağlına belə gəlmədi. Yoxsa düşünüb-daşınmaq qabiliyyətini itirmişdin?... Hər şey cəhənnəm, dayanacaqdan, yoldan, Dostunun idarəsinin həndəvərindən, lap qəbul otağının qabağından da qayıtmaq olardı; amma bu zəhlətökən yağışda az qala şəhərin o başınacan yortub üz tutduğun qapını açanda, otağın interyerinə münasib, su sonasına oxşayan katibəyə salam verəndə geriyə yolun bağlandı. Qız dırnaqlarıyla məşğuluydu. Başını qaldırıb öyrəncəli təbəssümlə «salam» dedi, şirin «necəsüz?» kəlməsiylə kefini xəbər aldı: «Plaşınızı çıxarın, əyləşin, yanında adam var», - bu sözləri də elə isti ifadə elədəi, olan-qalan tərəddüdün əriyib getdi. Eləmə tənbəllik, suyu süzülən plaşını çıxarıb asılqana keçirdin. Yumşaq kresloya çöküb islanmış başını, sifətini silə-silə gözlərini kabinetin qapısına zillədin, guya Dostun çıxıb səni görmədən gedəcəkdi…

Beləcə, xeyli oturdun. Bayırda yağış kəsmək bilmirdi, arabir gözünü qapıdan ayırıb ağır pərdələrin arasından pəncərənin islanmış şüşələrinə baxırdın; içəridə su sonasına oxşayan qız telefonla xışın-xışın nəsə danışır, qızarıb pörtə-pörtə astadan gülürdü; gözünün ucuyla səsi alınmış televizorda imsiləşən cütlərə baxmağı da qəbul otağını intim ovqatla doldurmuşdu. Bu anda, içərinin həmin havası canında gəzişəndə, bu duyğudan səbrin daralanda ağlına gəldi ki, çıxıb gedəsən, amma fikrindən ötdün: daha iş-işdən keçib, gəlib qapıdan qayıtmağın yaxşı düşməz, Dostuyun acığı tutar.
Ağlına gələndən yerində qurçuxanda meşin qapının o tərəfindən səs dəldi, sonra qapı açıldı, içəridən əvvəlcə üz-gözündən razılıq yağan cavan qadın, dalınca da yaraşıqlı, ağayana görkəmiylə Dostun çıxdı. Başı qadına necə qarışmışdısa, iki-üç addımlığındakı kresloda büzüşüb oturduğunu görmədi; görüşmədiyiniz aylar ərzində xeyli kökəlmişdi: buxağı, şıq geyiminin altından irəli çıxmış qarnı bilinirdi, gözləri yumru sifətində daha da xırda görünürdü. Yapışıqlı təbəssümlə qadına: «Zəng elə, bizi yaddan çıxarma», - dedi, qonağı qapıdan çıxandan sonra dönüb katibəsinə nəsə tapşırmaq istədi, elə bu vaxt gözləri sənin asılqandakı nimdaş, islanmış plaşına sataşdı. Onun qapıdan çıxmağıynan plaşını görməyinin arası çox çəkməmişdi; amma bu anlar ərzində sən haldan-hala düşdün: elə bir, uzun illərin dostu olmamışdınız, bir tikə çörəyi, bir gilə siqareti yarı bölməmişdiniz, özünü yad adamın üstünə diləyə gəlmiş, gözükölgəli, aciz kimsə yerində hiss eləyirdin. Dostun qapıdan çıxandan içini sarmış anlaşılmaz həyacan dalğa-dalğa üzünə vururdu, batıq ovurdlarının qızardığını, hələ nəmi qurumamış saclarının dibindən, alnından, boyun-boğazından tər damcılarının üzüaşığa diyirləndiyini duyurdun; elə ayağa qalxanda da qıçlarında qəribə halsızlıq hiss elədin, özünü tarazlayıb gözlərini qaçırda-qaçırda irəli yeridin. «Aya-günə dönmüsən, balam, heç bizi yada salmırsan daha». Bunu üca boyuyla yuxarıdan-aşağıya baxan Dostun dedi, irəli yeriyib əl tutdu, həməşəki kimi iltifatla özünü öpməyə icazə verdi. Onda zəruri ədəb qaydalarını yerinə yetirə-yetirə burnunun altında nəsə mızıldanırdın, naqolaylıq duyğusu canını sardığından nə dediyini heç özün də bilmirdin. Yaxşı ki Dostun da keçirdiyin sıxıntını üzünə vurmadı, dediyin sözlərin mənasına varmadı, əlini sənin çiyninə qoyub: «keç içəri görək», - dedi, sonra su sonasına oxşayan qıza «bizə çay ver» tapşırdı…

Dostunun kabineti işıqlı, rahat, istiydi. Ehmalça keçib adət elədiyin yerdə, iri masanın küncündə oturdun. Dostun yerinə keçməmişdən qabaq ayağını saxlayıb pərdələrin arasından küçəyə boylandı, söhbətə körpü salmaqdan, bəlkə də sənə bir balaca özünə gəlmək imkanı verməkdən ötrü: «Balam, elə hey yağır, ha», - dedi. Sən də içindəki çalxantılardan dəyişmiş səsinlə: «Hə, heç kəsmək fikri yoxdur», - dedin; amma fikrindən keçirdin ki, əslində, bu yağışın sənə dəxli olmasın gərək: hər cür havaya uyğun planın hazırdı; indi yağış yağırsa, istədiyin adama zəng vurub xudmani kababxanaların birində otura, ya da sayunada vaxtını öldürə bilərsən; mənəsə isti də, soyuq da ancaq problemlər gətirir. Tez də ağlına gətirdiyinin üzündən oxunacağından rahatsızlıq duyub, boyun-boğazını bərk-bərk silməyə başladın; bayaqdan islanmış dəsmalı elə möhkəm sürtürdün, az qalırdı dərin soyulsun.

Dostun ağır-sallama yerişiylə keçib yerində əyləşdi, kresloya söykənib siqaret yandırdı, sonra elə həminki yapışığıyla: «Hə, - dedi, - danış görək, nə var – nə yox? Niyə bizi yad eləmirsən?» Eəl bil, hazırlıqsız imtahana, müəllim qabağına gəlmişdin, dilini sürüyə-sürüyə: «Nə bilim. Baş o qədər qarışır ki», -dedin; sən də rahat-rahat siqaret çəkmək istəyirdin, amma Dostunun görkəmi, kabinetin yar-yaraşığı, gəlişinin məqsədi amanını kəsmişdi, sanki beş-on il qabaq ucuzvari kafelərdə, tünnük çayxanalarda saatlarla oturan, uzun-uzad söhbətlər eləyə-eləyə metronun basabasında gedən adamlar deyildiniz, arada o beş-altı ilin yaratdığı gözlə görünməz uçurumu adlamağa nə sənin imkanın varıdı, nə də Dostunun həvəsi. Sadəcə, nə vaxtsa sizi bağlayan, hələ tamam ölməmiş bir hiss görüşünüzü zəruri eləmişdi: sən ehtiyac üzündən onun üstünə gəlmişdin, o da borc bilib səni qəbul eləmişdi. Bir də Dostun zəmanə adamıydı, hər şeyin yerini, məqamını, çəkisini biləndi, bəlli durumlarınızın arasındakı əksliyi gözə soxmamağa çalışırdı, səni məhrəm söhbətə çəkir, gün-güzərandan danışırdı; sən də yetərincə toxtaq cavab verməyə, sözarası halını ona anlatmağa cəhd göstərirdin. Dostun ağılsız adam deyildi, yoxsa cavanca yaşında bunca mənsəb yiyəsi olmazdı, sözaltı mənalarla hər kəsin özünə güvənməli olduğunu anladırdı, həm də bunu elə ustalıqda qandırırdı ki, onun dediyini çılpaq, acı həqiqət kimi qəbul eləyirdin.
Axır ki, bu cür «şirin söhbət» hərlənib-fırlanıb, Dostun demiş, «qulamhüseyn nöqtəsi»nə çatdı. «Hə, belə-belə işlər… İndi de görüm, nə qədər lazımdı?» Dostun bunu katibə çay gətirib qapını çəkəndən sonra, rahat, öyrəncəli görkəmlə soruşdu. O məqamda bu gülləyəbənzər sözləri eşitməməkdən ötrü ağlına gəlmişdi ki, nəyə ehtiyacın olduğunu soruşsa, izi azdırmaqdan ötrü bir şey uydurub deyəsən, var gücünlə təşrifinin məqsədini ört-basdır eləyəsən; amma Dostun görüb-götürmüş adamdı, vəzifə onu belə şeylərə alışdırıb, hər yanına gələnlə öz dilində danışmağı bacarır, telefonda eşitdiyi sözün deyilişindən, indiki qırımından çox yaxşı bilir, üsütünə nəyə gəlmisən. Özü də kəsə soruşdu, geri çəkilməyə bir addım da yer qoymadı. Ağzını açanacan necə dəfə ölüb-dirildiyini, az qala, o dünyanı görüb, qayıtdığını da hiss elədi yəgin. «Nə bilim, qırx, əlli, nə qədər imkanın var…» - bu sözləri deyə-deyə bədənini soyuq tər yuyub aparırdı, sifətinin rəngdən-rəngə düşdüyünü duyurdun; halını gizlətməkdən ötrü dönüb pəncərədən yağışa baxdın; guya bu qədər alçaldığının günahkarı göydən süzülən damcılardı…

Dostun bir anlıq duruxdu, elə bir, vacib qərar qəbul eləməzdən qabaq nəyinsə haq-hesabını çəkirdi. Sonra əyilib masanın siyirməsində qurdalandı, götürdüyünü dəstələyib sənin qabağına atdı: «Bağışla, o qədər imkan yoxdu, iyirmidi». Elə bil, pul dəstəsi sığallı çaylaq daşıydı. Dostu əlində sanballayıb qəfildən kəllənə çırpmışdı; başın gicəllənə-gicəllənə: «Yaxın adam toya çağırıb, qaytararam,» - mızıldadın. İndii səsindən ölüm havası gəlirdi, əslində, elə səhər əlini telefona uzadanda ölməyə başlamışdın, Dostun pulu masanın üstünə atanacan zərrə-zərrə ölürdün, o da göy əskinasları qəbrinin üstünə bir ovuc torpaq kimi tulladı, həmin andaca ölüb qurtardın: nə yer ayrılıb uddu, nə göy çəkib apardı, qət-təzə əskinasların zərbəsiylə ölüb qurtardın, vəssalam. Elə ölə-ölə də özünün yerində bayaqkı cavan qadın təsəvvüründə canlandı: Dostun gözlərindən gülə-gülə yaşıl əskinasları onun döşlərinin arasına dürtürdü: «Xərclik elərsən, - deyirdi, - bu yaxın günlərdə vaxt tapıb görüşərik»; qadın da gözlərini süzdürə-süzdürə borclu adamsayağı gülümsəyirdi, döşlərinin arasındakı uçurumun qaranlığı Dostunu çəkib aparırdı…

Sonra baş verənlər əməlli-başlı yadında deyil: soyuyub buza dönmüş çaydan bir qurtum içən, özünü tox tutmağa çalışa-çalışa Dostuna üzrxahlıq eləyən, canını sarmış amansız sıxıntıdan qurtarmağa cəhd göstərən, üz-gözündə səfeh ifadə görünməsin deyə, olan-qalan gücünü toplayan sən yox, cəsədiniydi, özün hardasa, qıraqda durub cəsədinin halına hönkür-hönkür ağlayırdın, bir o yadındadı ki, Dostun səni də qapıyacan ötürdü, «Fikir eləmə, hər şey yaxşı olar», ya da buna bənzər söz deyib sağollaşdı, arabir görünməyini tapşırdı. Bütün bunlar, elə bil, dərin yuxu içində baş verirdi, yalnız soyuq yağış damcıları üz-gözünə çırpılanda bir balaca özünə gəldin və indi yadına düşdü ki, plaşını geyinəndə təntidiyindən su sonasına oxşayan qızla sağollaşmadın; amma qayıtmaq səndən ötrü ölümdən betəriydi, gölməcələri şappıldada-şappıldada qaçıb özünü dayanacağa saldın.

… Avtobusun içi də işıqlı, istiydi; üstəlik, oturmağa çox rahat yer tapmışdın: maşının döşəməsindən qalxan hənir, böyründə oturduğun salğarlı-əndamlı gəlinin yanbızının hərarəti dalğa-dalğa canına yayılırdı. Deyəsən, bir qarış o tərəfdəki soyuq yağışla içəridəki ilıq havanın yaratdığı ovqat yetərincə intimiydi; gəlinin üz-gözündə şirin rahatlıq, səni yerindən tərpədən məhrəmlik dolaşırdı. Hərdən onun baxışlarını tutmağa çalışırdın, deyəsən, qoltuq çibinə qoyduğun göy əskinaslar ürəyinə təpər verirdi: daha olan-olmuşdu, canının sıxıntısı nəyləsə çıxmalıydı. Gəlin də məqsədini duyduğundan, dodaqlarına xəfif təbəssüm yayıb sıcan-pişik oyununa girişmişdi, əlin çatanın əlçatmazlığına sahib olduğunu andıran xanımyana görkəmini saxlayırdı…

… Sən dayanacaqda avtobusu saxladıb düşürdün, gəlinin də ön qapıdan endiyini görüb vücudunun titrəməsini boğa-boğa vəsiqəni sürücüyə sarı uzadırdın; sürücünün hərisliklə yanan gözləri hirslə qıyılırdı, sən bundan ləzzət ala-ala döngəyə burulan gəlinə sarı gedirdin. Gəlin addımlarını yavaşıdıb səninlə qoşalaşırdı, anlaşıqlı nəzərlərini üzünə dikirdi, sən də arifanə görkəminlə gülümsəyib irəli keçirdin, arxanda onun addımlarının səsini, bədəninin qoxusunu, nəfəsini duya-duya giriş qapısına sarı gedirdin, əsməcə içində pillələri qalxıb, qapını açırdın, otağın qaranlığında əvvəlcə qoxunun, sonrasa nəfəsin, addım səslərinin yaxınlaşmasını ürəyin çırpına-çırpına gözləyirdin. Gəlinin qoxusu, nəfəsi asta-asta otağı doldururdu, ilin kimi canında sürünürdü… Sən də bütün bədəninlə uçuna-uçuna o qoxuya, o nəfəsə sarı dartınırdın…

… Amma gəlin iki dayanacaq qabaq düşüb getdi, içərinin işığını, istisini, rahatlığını da üz-gözünə, bədəninə yığıb apardı. Düşməyi ağlına belə gətirmədin, yəgin ona görə ki, o əlçatmazlıqdan payını götürmüşdün. Qalan yolu key kimi getdin, heç nə fikirləşə bilmirdin, arabir yaddaşında yanıb-sönən üçcə kəlmə sözüydü: «Ay Allah, işıq olaydı! Ay Allah, işıq yanaydı!» Dayanacağa yaxınlaşanda əyilib ürəyin əsə-əsə avtobusun pəncərəsindən üzbəüzdəki binalara baxdın. Fikrin dağınıq olduğundan gözün axtardığını seçmirdi; yalnız avtobusdan enəndə gördün ki, hər yan zülmət içindədi, təkcə qarşıdakı nəhəng binanın üç-dörd yerində zəif işıq közərirdi: görünür, çıraq yandırmışdılar. Ürəyindən keçirdin, dayanacaqda çox gözləməsəydin, şamsa alardın…

Yağış da bir ucdan tökürdü. Həmişə belə havalarda budundakı qəlpənin yeri zoqquldayır, oynaqların sızıldayırdı. Bayaqdan keçirdiyin gərginliyin özünü göstərdiyini, daş daşımış adamsayaq yorulduğunu indi hiss elədin. Birtəhər giriş qapısına çatıb pillələri fəhmlə, əlini divara sürtə-sürtə qalxdın, elə qapını da əlhavasına açdın. Əlhavasına da elektrik düyməsini basdın; guya sənin bir göz otağının şəhərin bu məhəlləsinə, məhəllənin bu binasına qətiyyən dəxli yoxuydu, düyməni basmağınla işıq yanacaqdı, dünən yağışın başlanmasıyla səni basmış kəsafəti yuyub aparacaqdı, bir balaca boğazını isladandan sonra oturub çay içə-içə televizora baxacaqdın. Amma işığın olmaması şüuruna çatanda elə nəm plaşdaca televizorla uzbəüz kresloya çökdün, gözlərini qaranlıqda güclə sezilən ekrana zillədin: sanki, bayaqdan bəri olub-kecənlərin səninlə bir bağlılığı yoxudu, bütün bunların hamısı ekranda baş verirdi, rejissor kimdisə, hadisəni o qədər ustalıqla canlandırmışdı ki, iki damla su kimi sənin başına gələnlərə oxşayırdı.

Çöldənsə yağışın səsi gəlirdi, həm də otağın qaranlıq və plaşın nəmiydi..

Arvadın uşaqları götürüb atasıgilə gedən günün axşamı da işıqlar qəfildən sönmüşdü və bütün gecəni yanmamışdı, üstəlik, gecəyarı şıdırğı yağış başlamışdı; elə bil, zəlil görkəmli qadının qırılmış ümidləri, axan göz yaşlarıydı, get-gedə sənin içini də sel-su basırdı. Arvadın həmişə yarımsəslə dediyini bu dəfə yana-yana, hirs-hikkə içində dilinə gətirmişdi: «Bəsdi, - demişdi, - camaat qaz vurub, qazan doldurur, sən də quru bəy kimi qalıbsan ortalıqda! Üç il səngərlərdə can cürütdün, axırı noldu? Pensiyan çörəyə çatmır, maaşın da siqaretə. Bu yazı-pozunla qarnımız doyacaq, yoxsa əynimiz sevinəcək?» Onda da beləcə, kresloya çöküb səsini çıxarmamışdın. Nə deyəydin? Deyəydin ki, söz veriblər, bu həftə maaş olacaq? Onsuz da bilirdin ki, daha belə şeylərlə arvadının başını aldadammazsan; amma müdir sizi aldada bilərdi: hər həftə yığırdı kabinetinə, çay içə-içə ağ otdan balta sapı, ağlına gələni danışırdı, monoloqunu bitirəndən sonra üzəyarı hörmətlə səndən soruşurdu: «Müəllim, bir sözün-zadın yoxdu?» Sən də daha hərif deyildin ha, mövqeyini açıqlayasan, rəhbərliyin əlinə dəstəvuz verəsən, gülümsünüb müdirin ovqatınca dillənirdin: «Can sağlığı və xoşbəxtlik!» Müdir qırımından nə dediyini başa düşsə də, özünü o yerə qoymurdu, üzünü hamıya tutub bəyanat verirdi: «Çalışırıq, bu həftə maaş olmalıdı, Allah qoysa!» Elə məsələnin canı da «Allah qoysa»yla bağlıydı, deməli, Allah qoydu-qoymadı, yaxın günlərdə maaşa ümid eləmək olmazdı.

… Adətincə, açıq qoyduğun qapının aralandığını, qonşunun həmişəki kimi salamsız-kalamsız içəri girib stolun o biri başında, öyrəşdiyi yerdə oturduğunu heç hiss eləmədin də. O, içini arıtlayıb: «Niyə qaranlıqda oturmusan, şamın da yoxdu yandırmağa?» - soruşanda televizorun ekranı da, arvadının sir-sifəti, Dostunun, müdrinin görkəmi də qəfildən yaddaşından yoxa çıxdı. Hətta diksinən kimi oldun, onsuz da nə dil-ağız eləməyin yeriydi, nə də buna həvəsin varıdı, elə oturduğun yerdəncə: «Dünən qurtardı, heç yadıma düşmədi ki, alım», - dedin. Qonşu, deyəsən, dərdini dağıtmaqdan, yağışın, işıqsızlığın gətirdiyi sıxıntını canından çıxarmaqdan ötrü gəlmişdi, səni söhbətə çəkmək, bir hovurluğa təskinlik tapmaq ümidiynən: «Zəhrimar da kəsmək bilmir, - dedi, - elə bil, göyün üzü açılmayacaq». Sonra səndən səs çıxmadığını görüb soruşdu: «İşığın yanmağından bir xəbər yoxdu?» Bunu soruşanda səsində ümid varıdı, guya işığın düyməsi sənin əlinin altındaydı, insafa gəlib, heç olmasa, onun xətrinə düyməni basacaqdın, bir göz qırpımında ağırlığı yoxa çıxacaqdı; amma sən hannan-hana dillənib: «Yox, - dedin, sonra bir az susub əlavə elədin ki, - innə belə çətin yana». Qonşu da son ümidini itirmiş adamsayaq köksünü ötürdü, bir müddət barmaqlarıyla stolu döyəcləyib susdu, qalxıb qapıdan çıxdı.

O gedəndən sonra qarandıqda xeyli oturdun, yağışın və yaş küçədə ara-sıra ötən maşınların səsinə qulaq asa-asa fikirəşdin ki, nahaq elə dedin, gərək: «Çox güman, yanar», ya da buna bənzər bir söz deyəydin. Dünyanın işini nə bilmək olar…

Ədəbi laboratoriya-Yazıçılar münaqişələrə qarşı layihəsi münaqişədə olan xalqlar arasında qarşılıqlı düşmənçiliyi aradan qaldırmağa kömək məqsədi güdür. Bu o demək deyil ki, veb-saytda təqdim olunmuş əsərlər məhz həmin düşmənçiliyi doğurmuş hərbi və siyasi qarşıdurmaya həsr olunub. Saytda heç bir mövzu və ideoloji məhdudiyyət yoxdur. «Azərbaycanlıların (ermənilərin) maraqlı müasir ədəbiyyatı var» - saytın məqsədi oxucularda belə bir reaksiya doğurmaqdır. Çünki bu, münaqişədə olan xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa və münaqişənin həlli üçün zəruri şərait formalaşdırmağa yardım göstərə bilər. Əsərlərin erməni və azərbaycanlı qəhrəmanlarının davranışları, düşüncələri arasında oxucu yanlış stereotipləri və birgə yaşayışın mümkünsüzlüyü barədə təsəvvürləri aradan qaldıran bir çox oxşarlıqlar da aşkar edə bilər.

Müəlliflərin seçimi zamanı veb-saytın ədəbi koordinatorları həm əsas cərəyanları, həm də yeni meylləri nəzərə almağa çalışıblar.

home about partners
Forum