| ERMƏNİSTAN |
 |
| HRANT MATEVOSYAN |
| (1935-2002) |
|
Ötən əsrin 60-cı illərindən başlayaraq, erməni nəsrinin inkişaf istiqamətini müəyyənləşdirib, müasir erməni nəsrinə həsr olunmuş saytda ona yer verilməsi də bununla şərtlənir.
Matevosyan ədəbiyyata «təbii» insanları - əsasən kəndliləri gətirdi və onları sovet ideoloji zombisinə qarşı qoydu, digər tərəfdən isə o, şablonları dağıdaraq, onları məna aydınlığı ilə seçilən dolğun stilistik konstruksiyalarla əvəz etdi, beləliklə, dili yeniləşdirdi. Rəsmi ədəbiyyatın nümayəndələri ona qarşı çıxmağa başladılar, eyni zamanda yazıçı fərqli düşünən gənc ziyalılar üçün yol göstərən şəxsiyyətə çevrildi.
Sovet rəhbərliyi üçün arzuolunmaz milli və ümumbəşəri problemlərə toxunması Hrant Matevosyanı aşılmaz maenələrlə üzləşdirə bilərdi - əgər o, 60-cı illərin sonlarında Moskvada Ali ssenari kurslarında oxumaq xoşbəxtliyinə nail olmasaydı. Burada Matevosyan dövrün ən yaxşı yazıçıları, o cümlədən Azərbaycan yazıçıları ilə yaxın münasibətdə olmuşdu. Nəticədə onun əksər əsərləri dostlarının səyi ilə əvvəlcə rüs dilində - uzaq Ermənistandan gəlmiş «fərqli düşüncəli» yazıçının daha öz təhlükəli göründüyü Moskvada, yalnız bundan sonra vətənində işıq üzü gördü.
Hrant Matevosyan şəhər mövzusuna az müraciət edirdi, amma yuxarıda toxündüğümüz ssenari kurslarındakı həyata həsr olunmuş «Poxmelye» povesti metropoliya ilə əyalətin, ümumi imperiya ilə milli özəlliyin toqquşmasının gözəl obrazdır. Matevosyanın ssenarisi üzrə «Biz və dağlarımız» (rejissor Henrix Malyan) filmi çəkilib, bu filmi erməni tamaşaçısı əzbərdən bilir və az qala filmdəki bütün ifadələr artıq zərbi-məsələ çevrilib.
|
|
ŞƏFFAF GÜN
- Səni istəyirlər.
- Sağ ol.
Özümdən razı halda, tər-təmiz, gözəl, hündürboy, əlim cibimdə dəstəyi götürürəm və fransızsayağı sözü uzada-uzada cavab verirəm:: “Al-loo!..” Mən həqiqətən özümdən razıyam. Bəs necə – kənddən dünən çıxmışam, amma artıq çoban taleyimlə vidalaşmışam, daha məni dolu döyəcləməyəcək, əzələlərim ağrıdan göynəməyəcək, mən indi telefonlu adamam, isti yerdə özüm üçün oturmuşam, dostlarımın da hamısı görkəmli insanlardır, deməli, mən də onlar kimiyəm. “Al-loo!..”
- Deyəsən, axı, nə vaxtsa sən Aniyə getmək istəyirdin?
- E-e, mən o qədər şey istəmişəm ki.
- Deməli, belə - mən, sən, Minas, iki nəfər də arxitektor.
İstidir. Masisin qarlı zirvəsi havada səyriyir, üzüm salxımları günəş şirəsi ilə dolduqca yüngülcə çırtıldayırlar, bir az – cəmi əlli qram konyak, başına yüngül neylon yaylıq bağlamış baldızım günəş kremini bədəninə sürtür, eynəkləri dəbə uyğundur, xarici maldır, elə özü də pis deyil. Qəhvə içmək də heç pis olmazdı. “Bu Qarsia Lorka - bu ki, bizim İsaakyanın ispan variantıdır.” “Hə, bizim gözəl poeziyamız var.”
- Bəs sən nəyə gülürsən?
- Nədi ki?
- De, biz də gülək.
- Gözlə, ay dedim ha.
Mən arabaçı deyiləm, daşlı yolda öküzümün ayağı burxulmayacaq, briqadirlə ağız-ağıza verib söyüşməyəcəyəm, bir vaxtlar «arxitektor» sözü mənimçün uzaq, əlçatmaz bir məna ifadə edirdi, indi isə əsl arxitektorlarla oturub-dururam, rəssam Minasın bəzi işləri çox yaxşıdır, bəzilərini isə mən qəbul etmirəm, rəssam Minasla söhbət dünya sivilizasiyasının ən yaxşı nümunələrini adamın dilinə gətirir. Biri - Sezan, biri - Mane, hə, biri də, deyəsən, Mone, daha mən danışanda dabaqdan-zaddan söz açmıram, mən deyirəm: “Dünən sənin emalatxana gələn o çexlər kimlər idi?”, alaqaranlıq yaylaqlarda canavarların ulaşması, itlərin və çobanın narahatlıqla vurnuxması – bütün bunlar uzaq bir yuxudur, yağış yağacağını əzələlərin sızıldamasından hiss etmək mənimçün indi lirikaya çevrilib, elə bil bucünkü kəndliyə orta əsrlərdə çəyirtkə ordularının əkin sahələrinə hücumu barədə danışırsan. Kiminsə qayğıkeş əli məni düz tarlanın ortasından götürüb, gətirib birbaşa şəhər kreslosuna əyləşdirib. Artıq biçinçi olmadığıma elə sevinirəm ki, hərdən biçinçiləri tənqid etməkdən özümü saxlaya bilmirəm. Çobanları da həmçinin. Mao-Dze-Dunu da o cümlədən. «Bu körpü, - Maonun bir dəfə ağzından çıxardığı bu sözləri körpünün tağları üzərində qızıl hərflərlə yazıblar, - çayın bu sahilini o biri sahili ilə birləşdirir». Və budur, mən, çoban oğlu, özüm də çoban olmaqdan möcüzə nəticəsində yaxa qurtarmış bir insan, dodaqlarımda təbəssüm, bir Çin allahını yada salıram. Mən, kəndçi oğlu kəndçi, asfalta elə öyrəşmişəm ki, artıq cəsarətlə bəyan edirəm: yolumda kələ-kötür olmayacaq. Bunların hamısı mənimdir: bu «Volqa» da, bu yüksək sürət də, bu neylon cib dəsmalı da, bu güllü termos da, onun içində çalxalanan bu qəhvə də, hamilə qadın tək ağırlaşmış bu bağlar da, bu abadlaşdırılmış kəndlər də, Araqasın bu qəribə silueti də, yol kənarındakı bulaq da, qədim karvansara da, bulud kimi topa-topa ora-bura səpələnmiş bu qoyun sürüləri də, güllərin ətri hopmuş bu külək də. Çörək dənizi də, Gümrü şəhəri də. Bizi düz sərhədə qədər ötürməyə hazır olduğunu ləyaqətlə nümayiş etdirən bu rastovlu sərhəd məntəqəsi komandiri də. Mənim ölkəmin Masisdən tutmuş, Çukotkaya qədər uzandığını daim xatırladan bu hiss də. Mən artıq bəzən Şirakı Kubanla səhv salıram, lap rusların Krım üzümü ilə Ararat üzümünü qarışıq saldıqları kimi.
Və budur, mən, xöşbəxt və qüdrətli bir insan, özüm kimi xöşbəxt və güclü dostlarımın əhatəsində nəzarətçi qülləsində dayanmışam, qarşımdakı yaşıl düzənliklərin ortasında başıkəsik yüksəkliklər sanki havada yayılır. Kinoda bundan da yaxşı səhnələr görmək nəsib olub, həm də lap xırdalıqlarına qədər. Və Yerevan yeddi belə Aniyə dəyər, mən özümsə – yerevanlıyam.
- Niyə ağlayırsan?
Hərdən türklər bizim dağlara qalxardılar, yaylaqlara. Sarı düzənlərindən qalxardılar, bizim dağlarda canlarına günəş çəkərdilər və qızarmış, küləkdən yanmış halda paltar-palazlarını öküzlərə yükləyib – ho-ho-ho – təzədən öz sarı düzənlərinə qayıdardılar.
Biz də böyük əmimlə onlardan yağ almağa getmişdik, ömrümdə birinci dəfə yad sözlər eşidirdim, qorxurdum. Onların uşaqları – cıvıldaq, deyingən, adamı gizlindən dürtmələyən uşaqlardı, üzdə isə gülümsər balaca şeytanlara bənzəyirdilər, gözlərində bir boşluq vardı. Onlar sonralar, iyirmi ildən sonra yuxuma girmişdilər – guya Karina qalasındayam, gildən hörülmüş divarlar və bu uşaqlar, - mən, on üç yaşlı uşaq, yuxuda da qorxmuşdum.
Onların arasında biri vardı, dizlərini qucaqlayıb oturmuşdu və heç nə ifadə etməyən iri gözləri ilə bizə baxırdı, amma elə bil heç yerə baxmırdı. Hansısa bir qadın onu səslədi, o sanki dikəldi və deyəsən, getməyə başladı, amma qadın yenidən onu səslədi, deməli, yox, getmirdi. Qadın özü yanlarını silkələyə-silkələyə qapaz vurmaq üçün ona tərəf gəldi, o, dik atıldı və deyəsən, bir-iki addım aralandı da, amma sonra ya tənbəllik etdi, ya da qaçmağa hazırlaşdığı yadından çıxdı.
Başı keçəlləşən, yekəburun, üçbücaq gözləri olan əmim alver edirdi: yox, onların dedikləri qiymət əmimə heç cür əl vermir və o, guya incimiş kimi, çıxıb getmək istəyir və bu qərarının qəti olduğunu göstərir, “gedək, gedək, oğul”, - deyə mənə müraciət edir, özü isə göz vurur. Amma evdə, elə bura gələndə də bütün yol boyu özünü tərifləyirdi: “Görərsiniz, əminiz bu türkləri necə hərifləyəcək”, indi də mənə işarə verir ki, yəni, bir azca da gözlə, iş bitmək üzrədir. Türklər az qala əmimin dediyi qiymətlə razılaşmağa hazır idilər ki, birdən o, alveri davam etdirmək həvəsi öldüyündənmi, ya ilkin niyyətini unutduğundanmı, dedi: «Di yaxşı, neçədən verirsiniz, verin”. Onlar da yuxarı qiymətlə verdilər, hələ bir inək yağına qoyun yağı da qatdılar, nəticədə evdə gəlinləri əmimi möhkəm danladılar, amma bu onu artıq maraqlandırmırdı. O, diqqətini bayaq dizlərini qucaqlayıb oturmuş oğlanın üzərində cəmləmişdi. Əmim tərəzi daşını bir kənara qoydu və öz işini yaddan çıxarıb, oğlanı yanına çağırdı:
- Bir bura gəl görüm, sən axı ermənisən...
Yaylağa düşən axşamın çıxardığı səsləri dinləyən uşaq geniş açılmış, azacıq qıyqacı gözlərini yarğanlarda qatılaşan qaranlığa zilləmişdi, sakitcə və tərpənməz oturmuşdu və heç qımıldanmadı da.
- Nədi, o, erməni deyil? – əmim bir qədər özünü itirdi.
- Ermənidi, ermənidi, - deyə ona cavab verdilər, - yaxşısı budu, sənin gözün öz yağında olsun ki, sonra deməyəsən, aldatdılar.
- Hm-m, - əmim özündən razı qalmışdı, - min nəfərin arasından olsa da, öz qanımı o saat hiss edirəm.
Uşaq indi də əlinə bir çubuq götürüb öküzü döyəcləyirdi. Heyvanın sifətinə, gözlərinə, buynuzlarına vururdu, amma yəqin ki, bərk vurmurdu. Öküz bircə addım atsaydı, bu balaca varlığı tapdalayıb əzərdi, amma baxsana, uşaq düz onun burnunun altına girib əsəbi halda elə hey vurur, vururdu, zərbələri sürüşür, gah güclənir, gah da zəifləyirdi, sanki, hər dəfə vurduğuna peşman olurdu. Öküz dönüb qaçmaq istədi, qalan uşaqlar itlərin dalınca yüyürüşdülər, həmin oğlan təzədən yerə oturub dizlərini qucaqladı və gözlərini yarğanın qatılaşan zülmətinə dikdi.
- Min nəfərin arasında olsa da, doğma qanımı tanıyaram, - deyə əmim yenidən mızıldandı, sanki bunun çox böyük əhəmiyyəti var idi.
- Min nəfərin içərisindən seçərəm, - məni yüklərin arasında yəhərə oturdanda, əmim təkrar etdi.
O uzaq illərdə Zəngəzurda bütün ətrafda məşhur olan bir adam yaşayırdı, millətlərarası toqquşmalarda və vətəndaş müharibələrində çox döyüdüb-bərkimişdi, özü də az baş əzməmişdi, amma hadisələrin lap mərkəzində ola-ola, ölkəsində nə baş verdiyini özü üçün aydınlaşdıra bilməmişdi, Arazı keçib, Təbrizə üz tutmuşdu. Təbrizdə yuva salmışdı, ticarətə baş qoşmuşdu, tox həyat isə adamı kütləşdirir, həddən artıq isti, yaxud şaxtalı keçən dünənki günü yaddaşlardan silən kimi, barıt iyini də burunlardan qovub çıxarır. Bu, mənim hasarımdır, bu, mənim evimdir, bu, mənim yastığımdır – bunlar da mənim arvadım və uşaqlarımdır.
- Ermənistan oralarda necədir, hələ yaşayır? Yerində durur?
Ermənistan hələ yaşayırdı. Hələ yaşamalıydı, çünki, işə bir bax, onun oğlu həsrət xəstəliyinə tutulmuşdu. Aman Allah, ay Allah... yer üzündə minlərlə cürbəcür xəstəliklər və onların minlərlə dərmanları var, bu yaramaz isə gərək durub həsrət xəstəliyinə tutulaydı. Həkim dedi ki, bu, heyvan xəstəliyidir, adamlar bu mərəzə tutulmurlar, fars pələngi, məsələn, Almaniyada yaşaya bilməz və s., həkim ona dərman da yazdı, amma dedi ki, bunlar hamısı boş şeydir, uşağı yalnız vətən sağalda bilər.
- O, harada anadan olub? – həkim soruşdu.
- Adı nədi, hə, Zəngəzur, Qafan.
- Bu, haradır? – həkim maraqlandı.
- Adı nədi, Arazın o tayıdır, ondan o tərəfədir, Rusiyadadır.
- Tanımıram, - həkim dedi, - əgər uşağın sənə əzizdirsə, - apararsan, əks təqdirdə, biz həkimlər burada gücsüzük.
Aman Allah, ay Allah... Belə şey yalnız on min il bundan əvvəl fars nağıllarının nəşəli dumanında baş verə bilərdi və bir də 1927-ci ildə Təbrizdə, Gerasim Atacanyanın ailəsində baş vermişdi.
Antikommunist keçmişi olan adam – Gerasim Atacanyan mauzerini belinə taxtı, oğlunu götürüb gecəynən Arazı keçdi və dağlara qalxdı.
Səhər idi – mavi dərələrı və sarı dağları cingiltili günəş işığı bürümüşdü, adda-budda yaylaqlardan tüstü qalxırdı, bu tərəfdə - Artsvanik, o tərəfdə - Gehanuş, o yanda - David Bəy, bu yanda - Sav. Uzaq meşələr və dağlardakı dərələr mavi duman içindəydilər, sıldırım qayalardan qızılı toz qopurdu. Və Gerasim başa düşdü ki, bu heyvan xəstəliyinə təkcə oğlu tutulmayıb.
Səhər idi – qırmızı milis dəstəsi inqilab komitəsinin qapısı ağzında düzülmüşdü və – addımla marş – bir əmrlə hamı sərhədi pozmuş Gerasim Atacanyanı tutmaq üçün yola düzəldi.
- Gəncuns Simon! – dərədə gizlənmiş Gerasim onu səslədi, - Adam ol, Gəncuns Simon, heyvanlıq eləmə, uşaq xəstədir.
- Atacanyan Gerasim, - qırmızı komandir onu səslədi, - bizdən Təbrizdə gizlənmək istəyirdin? Çıx ordan, təslim ol!
- Gəncuns Simon, öz xoşunla çıx get.
Gerasimin mahir atıcı şöhrəti, yanındakı xəstə uşaq, daldalanmaq üçün etibarlı yer tapması və bir də bu dağların məhz ona mənsub olması fikri qırmızı komandiri geriyə Atacanyansız qayıtmağa, söhbət edə-edə dağları aşmağa, Gorusa enməyə və sərhəd pozucusunun aşkar edilmədiyini deməyə məcbur etdi. Sərhəd pozucusu isə uşaqlığının cığırlarını dolaşır, əsrlərlə aləmə sərinlik yayan bulaqlarda yanğısını söndürür və oğluna danışırdı:
- Bax, bu, Buzlu bulaqdır, bu – Kor bulaqdır, yadında saxla, bax ora – Ayı dərəsidir. Bu – palıddır. Demə ki, nə görünməmiş şeydir, palıddır da, bu – xüsusi ağacdır. Bu palıd sənin babanla bir yerdə böyüyüb, bax, indisə bizimlədir. İstəyirsən, Təbrizdən lap Misirə get, Amerikaya get, bu – sənin doğma ağacındır, o da səninlə gedəcək. Xəstələnəndə soruşsalar ki, ürəyin nə istəyir, deyərsən, babalarımla bir yerdə böyümüş palıdı istəyirəm.
Gerasim baxır və öz babasını görürdü, budur, o, baltasını belindən asıb, cığırla ağır-ağır yuxarı qalxır, arxasınca isə boz köpəyi qaçır. Gerasim bu köpəyi yaxşı tanıyır, o, canavar cinsindən olan, iti ağlını, iy duyma qabiliyyətini gələcək nəsilləri üçün qoruyub saxlaya bilmiş yeddi yüz itin iki yüz iyirmincisidir.
Gerasim baxır və alyanaqlı balaca Gerasimi görürdü, bığ yeri təzəcə tərləmiş yeyiyetmə Gerasimi, qaşlarını çatmış gənc Gerasimi görürdü, onların hamısı bir-birinin ardınca düzülüb dərədən bulağa tərəf qalxırdılar. Gerasim diqqətlə qulaq asıb onların bu əbədi dəyişməz dağlarda qalmış tanış səslərini, bir vaxtlar barəsində ona danışılmış bütün digər səsləri eşidirdi. Qıp-qırmızı lalə dənizi, yam-yaşıl çəmənlər, torağayların nəğmələri, bunların hamısı bir birinə qarışıb təəssüratı daha da gücləndirirdi, çünki indi onun həyatının bütün anlarının lalələri də, torağayları da, çəmənləri də qızarır, yaşıllaşır, aləmə səs salırdı. Payızın gəlməsinə hələ iki yay vardı, dağların sərinliyinin soyuğa çevrildiyi, yaylaqların boşaldığı, ocaqların tüstüsünün çəkildiyi, dağların son payız libasına büründüyü cağlara isə bundan da əlavə iki yay vardı – Gerasim Atacanyan oğlu ilə bərabər dağlarda bax, beləcə yaşadı və sonra geriyə baxa-baxa, Təbrizə endi. Oğlu sağaldı, amma özü xəstələndi. Arazın o tayındakı dağların dalınca getmişdi, Arazın o tayında həyatını qoyub gəldi.
Yazıçı Anton Çexov öz Moskvasından bezəndə, öz Volqası ilə öz Uralına qədər səyahətə çıxdı, Uraldan Qərbi Sibirə, öz İrkutiyasına, öz Yakutiyasına, öz Uzaq Şərqinə, öz Amuru ilə öz Saxalininə qədər gəzib dolaşdı və yol qeydlərindən ibarət «Saxalin» adlı kitabını qoltuğuna vurub, öz Moskvasına qayıtdı.
Yazıçı Derenik Dəmirçiyan öz Yerevanından bezəndə, öz Saxalininə səyahətə çıxdı – oraya ikicə saatlıq yoldur – Sevan dağlarını aşdı, Dilican dərəsinə endi və düzənliyin başlandığı yerdə Dəmirçiyan dayanıb, dedi:
- Bax, bu yerdə Vardanın kiçik bir döyüşü olub. – Və azərbaycanlı bostançıya tərəf döndü, - Nə var, nə yox, a kirvə, yaşayışın necədir, işlərin necədir?..
Maşınına oturdu və onu erməni toprağının o biri başına istiqamətləndirdi – oraya dörd saatlıq yol vardı. “Nə var, nə yox, a kirvə...” Dörd saata pis oxuyan şagird dörd dənə də «iki» ala bilər, əlaçı – dörd dənə də «beş» qazanar, raket Aya bir az da yaxınlaşar, dəniz bir az artıq dalğalanar, Matenadaranın mavi bazaltı bir neçə dəfə rəng çalarlarını dəyişər, amma dörd saat, yox, heç cür yol qeydləri kitabına çevrilə bilməz.
Altı saatdan sonra Derenik Dəmirçiyan evinə qayıtdı.
- Hə-ə, biz bütün Ermənistan ölkəsini gəzdik. Quqark diyarında, Kotayk diyarında, Saxkotn əyalətində, Ayrarat əyalətində, Sünik diyarında, Sisakan əyalətində, Şirak diyarında olduq.
Napoleonun işləri daha uğurlu alınsaydı – axı, Rusiya heç də onun son məqsədi deyildi, – o, Qafqazı aşıb, yolüstü Osmanlı imperiyasını dağıdıb, Hindistana enərdi və Erməni dövləti yaradardı. Və erməni millətindən olan sərkərdəsi İoaxim Mürata - Ovakim Muradyana - deyərdi: “Al, Mürat, itirdiyin vətənini götür.” Amma Borodino yaxınlığında Napoleonunku gətirmədi. Bəzi tədqiqatçıların fikrincə, ona zökəm mane oldu.
Mənim əzizlərim, sadəlövhlərim, zəiflərim, hər sözə inananlarım!..
Diplomatik ensiklopediyanı diqqətlə vərəqləmək gərəkdir, yəqin ki, orada politologiyada əjdaha olan, özündən də əjdahaları hansısa İngiltərənin xeyrinə gözlərini belə qırpmadan barmağına dolamağı bacaran, amma bununla belə, yenə də zökəm haqqında əfsanəyə inanan bir erməni adına rast gəlmək mümkündür.
Biz hələ varvar olanda, yunanlar artıq insanlardan və nizələrdən vahid dəstələr yaratmağın sirlərini bilirdilər – barmaqlar bir yumruqda birləşən kimi, yunan tarixçisi bunu belə təsvir edir – və o zaman Yunanıstan bizi cəhalət zülmətində qoymaq istəmədi, axı, xeyirxah əməllər törətmək arzusu güclülərə heç vaxt dinclik vermir, beləliklə, yunan falanqası hərəkətə gəldi, rastına çıxan hər şeyi tapdalaya-tapdalaya erməni diyarını qərbdən-şərqə, şərqdən şimala, şimaldan cənuba gəzdi və mavi Müş çölündə öz düşərgəsini saldı. Hər şey, məşqlərdə olduğu kimi, maneəsiz keçdi, axı, onların ordusuna qarşı ordu yox idi, möhkəmləndirilmiş mövqelər və katapultlar yox idi. Hələ bizim gilimiz bişirilməmişdi, bizim misimiz və bürüncümüz öz vaxtını gözləyirdi, çünki bizim ustalar böyük fars dövləti üçün gil bişirir və qılınc düzəldirdilər.
Və Muş çölündə, yunanların düşərgəsində gözətçilər mis bıçağı ovcunda sıxıb sərkərdənin çadırına tərəf sürünən bir varvar tutdular. O, nə etmək istəyirdi? Yunan dilini bilmirdi. Heç düz-əməlli sürünməyi də bacarmırdı. Bıçaqla silah kimi davranmağı da bilmirdi. Onu döyürdülər, o isə zingildəyirdi, heç lazım olan kimi inildəməyi də bacarmırdı. Bu, qəhrəmandırsa, necə qəhrəmandır, onu doğrayanda, yerdə dığırlanır və ulayırmış, bunu yunan tarixçisi danışır.
Bax, belə anlaşılmaz, belə zəif, belə yöndəmsiz bir şəkildə o, iki min beş yüz illiyin dumanlığından qarşımda peyda oldu və mən özümü gördüm. Mən bu gücsüzlüyü də, yumşaq bıçağı də, bərkiməmiş qolu da qəbul etdim – indi onların sahibi mənəm.
“Krımda olmusan?” “Olmamısan?” Heyif, görməyinə dəyər. Deməli - dəniz, onu Ponti dənizi adlandırmağa adamın dili də gəlmir, Pont – nə isə bir sərhədsizlik, sonsuz dərinlik, daim köpüklənən dalğalar, ənginlikdə itib-batmış gəmilər və dəniz allahına çılğın yalvarışlar deməkdir. Bu isə heç dəniz də deyil, elə belə, ilıq sulu bir ləyəndir, duzlu dəniz sahilinin xeyirli olması və rematizmdən müalicə etməsi barədə beyindən çıxmayan bir fikirdir. Və bir də xırdaca sarı qum dənələridir, bu qumun üzərində yayxanmış on, iyirmi, əlli min insan bədənidir. Yük maşını, kuzovunda pianino var, onun dilləri arxasında naməlum bir tip əyləşib və nə isə dınqıldadır, qoca aktrisalar, mühasib və həkim qadınlar onun musiqi sədaları altında gümrahlaşdırıcı bədən hərəkətləri edirlər. Möhkəm bədənli qızlar və oğlanlar tünd eynəklərinin arxasından onları izləyirlər, dondurma yeyirlər, rus, qazax, moldavan, bir də görürsən, alman dilində ordan-burdan söhbətləşirlər. Çeynəyirlər, naz-qəmzə satırlar, zarafatlaşırlar, pullarını sayırlar, o yanda, yaxınlıqda isə bizim toz basmış, bizim yazıq, təvazökar, məzlum taxta pşatlarımız dayanıb. Onları buraya ta qədim vaxtlarda ermənilər gətirib. Daha burada erməni qalmayıb, ancaq pşatlar qalıb. Görkəmləri – yaraşıqsızdır, iyləri də o qədər xoşa gələn deyil...”
Krımda zəif ətir saçan mənim yazıq taxta pşatlarım...
Və «Qoy işıqlıq olsun» deyən, bu sözləri ilə ətrafı işıqlandıran bizim allahımız Mesrop Maştos.
Və Muş elindən olan, 1915-ci ilin qara yayında arvadını, uşaqlarını, bir parça ruzisini atıb, Arakelos monastırının qapısını belinə alan və səndirləyə-səndirləyə onu saralmış yollarla Eçmiədzinə qədər gətirən o qəribə adam.
Və yolla yalnız nazik bir çığır vasitəsilə bağlılığı olan mağaradakı hücrəsində oturub, qırx il, yüz qırx il, min qırx il qəddini düzəltmədən bu balaca dağlar diyarının tarixini yazan bizim səlnaməçimiz.
Və bizim qara paltarlı günəşimiz, bizim Komitasımız.
Və bizim birdən-birə yüz il qocalmış Tumanyanımız.
Və Sünik yüksəkliklərindən atəş açmaq arzusu ilə uzaq Avropada top tökən bədbəxt xəyalpərəstimiz.
Və bizim yoxa çıxmaqda olan mavi ölkəmizin başı üzərində qırmızı bayraq dalğalandırmaq üçün kitablarla və barıtla silahlanaraq, irəli gedən, küçük kimi həm alnından, həm kürəyindən güllələnən yüzlərlə uşaqlarımız.
Və 1915-in məhəbbəti, allaha ibadəti, yeyilən çörəyi, səpilən toxumları, doğulan uşaqları, bəstələnən nəğmələri ilə bərabər, bütün dəhşətləri.
Və ən təəccüblüsü – çəmənlər yenidən yaşıllaşdı, külək yenidən taxıl zəmiləri ilə oynamağa başladı, lalələr yenidən qızardı və bizim çəmənlərin yaşıllıqları içərisində yenidən cingiltili gülüş səsləndi. Və Usta taxta çıxdı, bu son dərəcə amansız və dözülməz gözəlliyə malik dünyanın böyük sirri barədə düşüncələrə daldı, yalnız ara-sıra söz dedi və bu sözlər almaz kimi idi, çünki çox-çox minilliklərin günəşini və yağışını canına çəkmişdi.
...Sən nəyə ağlayırsan və nəyə gülürsən?..
1965-ci il.
Çevirəni: Rafiq Həsənoğlu
|