| ERMƏNİSTAN |
 |
| ARMEN ŞEKOYAN |
| (1953) |
|
Armen Şekoyan həmişə məqamın tələb etdiyini duyan yazıçıdır.
Onun poeziyası şəhər slenqi və folkloru ilə o qədər yüklənmişdi ki, hətta qeyri-ciddi kimi də qəbul oluna bilərdi, amma sovet hakimiyyəti illərində buna tələbat güclü idi, ona görə də Şekoyanın poeziyası sevilmişdi. Dövran dəyişdikdə və poeziyanın heç də həmişə «ciddi» olmadığı tədricən aydınlaşdıqda isə Şekonyanın əsərləri özünə yeni pərəstişkarlar qazanmağa başladı. Üstəlik, o, ən canlı mövzulara toxunurdu. Məsələn, ««Yerevan» mehmanxanası» poemasında Şekoyan onu paytaxtda tanıyan bütün adamları bir-bir təsvir edir. Amma SSRİ dağılandan sonra oxucularının sayı kəskin surətdə azaldığından, şairin ayditoriyası, demək olar, poemada sadalanmış adamların siyahısı ilə məhdudlaşırdı. Bəlkə də elə bu zaman Şekayan başa düşdü ki, poeziya artıq müasir deyil və nəsrə keçdi. Şerləri kimi, hekayələrini də o, ədəbi jurnallarda deyil, qonorar verən gündəlik qəzetlərdə çap etdirir. Hekayələrini «İpək yolu» toplusunda bir yerə yığıb, Şekoyan gündəlik çıxan «Aravat» qəzetində «Erməni vaxtı» adlı romanını çap etdirməyə başladı. Bu roman yazıçının müfəssəl, daha dəqiq desək, həyatının hər cür xırdalıqlarını da əks etdirən avtobioqrafiyasıdır. Romanın çapı 2005-ci ildə başlanıb, nə vaxt başa çatacağı isə «Aravot» qəzetinin ömrünün uzunluğundan asılı olacaq.
|
|
ÖLÜ
Mən hər yerdəyəm, dəqiq desək, demək olar, hər yerdəyəm, lap dəqiqi - hər yerdə olmağa çalışıram, çünki bu yeganə həyatda hər yerdə olmağı çatdırmırsansa, deməli, bu bircə ömrü lazım olduğu kimi, var qüvvənlə yaşaya bilməmisən, daha doğrusu, bütün başqaları kimi və bütün başqaları qədər yaşamısan, yəni demək olar, heç yaşamamısan, amma axı insan bu yeganə həyatda yorula da bilər, mən də hamı kimi, bəzən yoruluram, hətta çox yoruluram, bununla belə, demək istəməzdim ki, həyatın özündən yoruluram, həmçinin də deməzdim ki, hamıdan və başqalarından daha tez-tez, yaxud artıq yoruluram, baxmayaraq ki, hər yerdə olmağa vaxt tapıram, daha dəqiq desəm, hər yerdə olmağa çalışıram, hərdənbir hətta oluram da, artıq yaş və yorğunluq özünü göstərir və hiss edirəm ki, məndəki yorğunluq adi yorğunluq deyil, tamamilə başqa və lap tamamilə təhlükəli yorğunluqdur, bu yorğunluqdan həmişə infarkt və digər xoşagəlməz şeylərin qoxusu gəlir, təhlükə isə nəfəsi təngiyə-təngiyə məni addımba-addım izləyir və hər addımda haqlayıb, mükəmməl bir qisas şəklində qarşımı kəsə bilər, ona görə ki, qisasa yalnız və heç də açıq-aşkar günah işlədənlər layiq görülüb cəzalandırılmırlar, daha çox Allahla bir cərgədə durmağa can atanlar cəzalandırılırlar, hər yerdə olmağa çalışmaq isə əslində Allahla bir cərgədə durmağa cəhd göstərməkdən başqa bir şey deyil – bu, tamamilə aydındır, Allahımızın özünün bu cəhd və arzuya şəxsən cəmi otuz üç il dözməsi, bizimsə şəxsi dözümümüzün daha artıq olması yalnız onun nəticəsidir ki, biz gönüqalınıq və alnımız daha möhkəmdir, hərçənd, o da aydındır ki, bizim şəxsi dözümümüzün müddəti məsələsində Allahımızın da şəxsi iştirakı olmadan keçinmək mümkün deyil, çünki bizim uzun və ardıcıl dözümümüz şəxsən onun iradəsilə baş verir, necə ki, bizim hər yerdə olmağımız - onun iradəsi ilədir, mənim uzun sürən və bitməyən yorulmazlığım – onun iradəsi ilədir, bununla belə, son zamanlar əməlli-başlı yoruluram, bəzən hətta dözümüm də çatmır, amma bununla yanaşı, lap yorulsam da, dözümüm tükənsə də, fərqi yoxdur, heç cür rahatlanmıram və belə çıxır ki, mənim bu rahatlıq tapmamaq vərdişimin əsl səbəbi narahat xarakterimdə deyil, çünki mahiyyətcə belə bir xarakter məndə yerli-dibli yoxdur, yalnız və yalnız tikənməyən və doymaq bilməyən marağımdadır, həm də yəqin ki, tənhalıq qarşısında anadangəlmə qorxumdadır, mənim tənhalıq qarşısında qeyri-insani, həqiqətən heyvani qorxumdadır, bu qorxu heç zaman hər hansı şəkildə özünü açıq-aşkar göstərməsə də, lap başlanğıcdan məni izləyir və belə çıxır ki, bu əbədi hiss mənim Allahdan qorxumdur, mənim hər gün kilsəyə getməyim də, şamlar da, daim Allahı yanımda və özümdə görməyi hədsiz istəməyim də elə bu qorxumun, tənhalıq qarşısında məni bürüyən dəhşətin açıq-aşkar ifadəsi və təzahürləridir, bəzən dostlarımın da, düşmənlərimin də Allahdan qorxmağımı və şamlarımı ələ salması isə heç də o demək deyildir ki, onlar bu cür münasibətlərinə görə bir vaxt cəzalarına çatacaqlar, çünki onlar bir olan Allahımızın həyatı və əməllərini ələ salmırlar, bütün bunlarla yalnız mənim Allahın həyatına və deməli, əməllərinə qətiyyən aidiyyatımın olmadığını qabartmağa çalışırlar, amma bu o da demək deyildir ki, onlar cəzalanmayacaqlar: belələri haqq yolundan daim sapdıqlarına və bir olan Allahımızdan ölçüyəgəlməz dərəcədə çox yaşadıqlarına görə cəzalandırılacaqlar, ancaq yalnız və sadəcə olaraq çox yaşadıqlarına görə yox, xüsusilə və istisnasız olaraq ondan ötrü ki, onlar çox yaşadıqca haqq yoluna, özlərinin və bizim ümumi Allahımıza yaxınlaşmırlar, əksinə get-gedə daha artıq uzaqlaşırlar, amma, buna baxmayaraq, mənim dostlarım və düşmənlərim özlərinin bu uzaqlaşmalarını və sapmalarını mahiyyətcə heç zaman hiss etməyiblər, eynilə mən də özümün uzaqlaşmağımı və sapmağımı heç zaman dərindən duymamışam və dərk etməmişəm, necə ki, mənim Allahdan qorxmağımın və şamlarımın əslində heç nəyə baxmayaraq son məqamda heç bir qiyməti olmayacağını duymamışam və dərk etməmişəm, çünki İsanın üzünə çökmüş dinclik və əmin-amanlığı şamın işığında axıracan görmək və qavramaq mənə bir dəfə də nəsib olmayıb, bəlkə mənim qızğın sülhpərvər təşəbbüslərimin sonda həmişə müharibəmlə bitməsinin səbəbi də elə bundadır, mənim müharibəmsə bütün mümkün və qeyri-mümkün müharibələrdən yüz dəfə cılız və zəhlətökəndir, ona görə ki, mənim müharibələrim düşmənlərimə qarşı yox, yeganə və istisnasız olaraq xeyirxahlarıma və bədxahlarıma qarşı aparılır, bununla belə, mənim düşmənlərimlə müharibə etməməyimin yeganə və istisnasız səbəbi düşmənlərimin olmamasındadır, düşmənlərimin olmamasının yeganə və istisnisız səbəbi isə mənim sakitliyimdə və sülhsevərliyimdə deyil, yeganə və istsnasız olaraq ondadır ki, mən bu uzun və zəhlətökən yolda adətən hər cür düşmənlərin və quldurların yığışıb pusqu qurduqları haqq yoluna bir dəfə də olsun çıxmamışam, yəni belə çıxır ki, mən tikanlıqlar və qaranlıqlar içərisindən keçən, hər cür quldurların, şər-xata adamların həmişə toplaşıb pusqu qurduqları, onsuz da çətin keçilən bu yeganə həqiqət yolunu daha da keçilməz etmək üçün faktiki olaraq, avtomobil müfəttişi və digər bu kimi maneələr rolu oynadıqları həmin yeganə haqq yolundan başqa, hər yerdə olmuşam, bu yol isə təkcə ona görə çətin keçilən və praktik olaraq keçilməz deyil ki, sən orada təksən və öz xeyirxahların və bədxahlarından tamamilə təcrid olunmusan, həm də ona görə belədir ki, həmin yolun quldurları və artıq dediyimiz kimi, avtomobil müfəttişləri sənin üçün barmağına dolaya, yaxud min drama satın ala bildiyin bizim quldurlar və avtomobil müfəttişləri ilə bir deyillər, çünki orada, haqq yolunda şər – həqiqətən və tamamilə şərdir, xeyir isə - həqiqətən və tamamilə xeyirdir, əlbəttə, əgər beləsi ümumiyyətlə rast gəlirsə, ona görə ki, de-yure çətin keçilən, lakin de-fakto keçilməz olan bu yolda və həmin yolun yaxınlığında şər-xata adamların və quldurların sayı-hesabı yoxdursa, onlar orada dəstə-dəstə və sürülərlə qaynaşırlarsa, xeyirxahlar, əlbəttə, əgər belələri rastlaşırlarsa, əsasən lap taqətdən düşmüş və əsasən tək-tənha, bir-birlərindən həddən artıq aralı rastına çıxırlar və onların ən ülvi arzusu - bu dəhşətli və maneələrlə dolu çətin qaçışı bir tövrlə ürəkaçan estafet qaçışına çevirmək arzusu heç cür həyata keçmir və deməli, bu taqətdən düşənlərin çoxu ölür, amma hətta onların son baxışları da bizim, bu yola ümumiyyətlə çıxa bilməyənlərin, yaxud onun yarısından qayıdanların gündəlik baxışları ilə müqayisədə ölçüyəgəlməz dərəcədə canlıdır və bax elə buradaca qeyd etmək lazımdır ki, axı bəzən yarıyoldan qayıdırlar da olur və bu qayıdanların çoxu ölümü həyatdan üstün tutanlardır, hərçənd qalanların və həlak olanların da əksəriyyəti həyata üstünlük verirlər və əgər desək ki, qayıdıb-xilas olanlarla qalıb-həlak olanların həyat haqqında təsəvvürləri onların ölüm haqqında təsəvvürləri kimi tamamilə fərqlənir, bu həddən artıq primitiv olar və eyni zamanda yalan çıxar, çünki qalanlardan və həlak olanlardan kimsə hələ bir dəfə də olsun, qayıdıb deməyib ki, bəs, o öz hərəkətindən peşmandır, eynilə yarıyoldan qayıdanlardan da kimsə hələ bir dəfə də olsun, deməyib ki, bəs, o, həqiqətən xilas olub, yəni həyat da olmasa, azı ölüm həqiqətən hər yerdə var və tanınmazdır, ona görə ki, çoxumuz, demək olar ki, hamımız ölümün içində əsasən şənlənir və riqqətə gəlirik və məhz həyat dəqiqələrində ağlayır, göz yaşı tökürük, bu da əsasən və istisnasız olaraq ümumiyyətlə yola çıxmayanlara və qismən yarıyoldan qayıdıb hamını və ilk növbədə özlərini aldadanlara – bəs, deməzsənmi, onları burada gözləyirlər – aiddir, hərçənd gözləyənlər doğrudan da olub, amma onların intizarı, elə özləri də xəyalidirlər, yəni onlar burada da özlərini və hamını aldadırlar ki, guya gözləyirlər, əslindəsə onlar ölüdürlər, həm də dərk olunmamış bir ölümlə dünyalarını dəyişiblər və səbəbi də budur ki, heç kəs öz ölümünü dərk etmir, bunun kimi başqasının da ölümünü görmür və qavramır, heç kəs heç kəsin dəfninə getmir, heç kəs heç kəsin qəbrinə bir ovuc torpaq atmır, ölülər də beləcə, dəfn olunmamış qalıblar, çünki unudublar, yada da salmırlar ki, ölülər öz ölülərini dəfn etməlidirlər, mən də onların arasındayam, amma mənimlə bağlı məsələ bir az da mürəkkəbdir, çünki mən, tərs kimi, heç nəyi unutmamışam və hər şeyi xatırlayıram, bununla belə, özümü elə göstərirəm ki, unutmuşam, xatırlamıram, amma yaddaşım məni hər adımda silkələməkdə davam edir, mən də bütün başqaları kimi ölüyəm, baxmayaraq ki, yaddaşım məni əməlli-başlı silkələyir və gözlərim də həmişə açıqdır, çünki hamımız ölü olsaq da, bununla belə, heç kim heç kimin gözlərini bağlamaz ki, yuxuya getsin və beləliklə qısa bir müddətə yaşaya bilsin, ona görə ki, gözlərimiz açıq olanda biz ölüyük və yatırıq, gözlərimizi yumanda isə yaşayırıq və oyaq oluruq, yəni yalnız yuxularımızda yaşamağa imkan tapırıq və əgər nə vaxtsa yatıb yaşamağımın, sonra isə oyanışımın sevincini duya bilirəmsə, bu zaman da oyanandan sonra yaddaşım məni silkələməyə başlayır, çünki, başqalarından fərqli olaraq, mən tamamilə dərk olunmuş bir ölümlə ölmüşəm, amma bu, biz ermənilərin oxuduğu və eşitdiyi həmin dərk olunmuş ölüm deyil, daha adi və cansıxıcıdır, bu ölüm hər səhər məni yuxumdan və həyatımdan ayıraraq, guya oyadır və hər yerdə müşaiyət edir və idarədəki saat hər səhər eyni vaxtı dəqiqliyi ilə göstərsə də, bu mənə xüsusi bir şey demir, axı bütün başqa ölülərdən fərqli olaraq, biz – dərk olunmuş ölümlə ölən ölülər - heç yerə tələsmirik, hərçənd idarədəki saat hələ sağ olduğum və Teryan küçəsində yerləşən məktəbdəki dərslərə daim gecikdiyim vaxtlar məni həmişə tələsdirən həmin saatdır, sonralar bəlli oldu ki, bunlar çox acı dərslər imiş, yəni həyat haqqında çox qısa xatirələr qalıb və burada məsələ heç də dərslərdə yox, yalnız və yalnız yaşdadır, amma hər halda məsələ sadəcə yaşda da deyil – saflıqda və sadəlikdədir, bu sözlər bizim üçün - dərk olunmuş və dərk olunmamış ölümlərlə ölənlər üçün artıq heç bir məna kəsb etmir, hərçənd, bununla belə, biz ölülərin dillərindən heç vaxt düşməyiblər və bax bu sözlərin bax elə bu cür mövcudluğu bizim bu daim sürüşkən yer üzündə olmağımızla tam uyğun gəlir və ona bənzəyir, burada mən Allahın hər günü yuxudan oyanıram, özümü də, başqalarını da sadəlik və saflıq tapmağa çalışdığıma inandıra-inandıra hər yerə baş vururam, sadəlik və saflıq tapmaq məqsədilə əvvəlcə Yazıçılar İttifaqına, sonra Vilonun mətbəəsinə, sonra «Harun» redaksiyasına, oradan Müqəddəs Sərkis kilsəsinə, oradan Nikolun redaksiyasına, oradan Varujun emalatxanasına, oradan Vaqenin aptekinə, oradan Noronun çəlləyinə, oradan fonda, oradan «Bnakir»ə, ordan «Üzgəc»ə, oradan «Ayb-fe»yə, axırda isə, həmişəki kimi, uşaqlıq dostum və sinif yoldaşım Sakonun gecə-gündüz işləyən mağazasına gedirəm və beləcə hər gün özümü də, başqalarını da inandıra-inandıra, bu gödək ölü günümü başa vururam və səhər Yazıçılar İttifaqına gedəndə orada eyni zamanda həm də mənim və başqalarının kitablarını satmaqla məşğul olan gündüz gözətçisi növbəti dəfə mənə izah etməyə başlayır ki, iki kitabımdan birini piştaxtanın üstündəncə çırpışdırıblar, ikincininsə pulunu verə bilməyəcək, çünki artıq hamısını xərcləyib, mən də həmişəki kimi, fikir verməməyi və təəssüratımı korlamamağı qərara alıb, geri dönürəm və piyada Vilonun mətbəəsinə qalxıram, burada Vazqanuşun qəhvəsindən ləzzət ala-ala artıq neçənci dəfə Vilonun oğlu Aviklə Yerevan jarqonunda gündəlik qəzetin perspktivlərini bütün təfərrüatınacan müzakirə edirəm və artıq neçənci dəfə məsələnin maliyyə tərəfinə çatanda, özümü mətbəədən çölə atıram və Proşyan küçəsi ilə «Harun»un redaksiyasına enirəm, burada redaktor Varuj jurnalın təptəzə nömrəsini az qala gözümə soxur, amma mən onun uşaq sicilləmələrindən yalnız bircə səhifə istəyirəm və ondan elə burada, yerindəcə həzz alıram və təəssüratlarımı korlamamaq üçün jurnalın yeni nömrəsini qoyub Müqəddəs Sərkis kilsəsinə tərəf yönəlirəm, orada həmişəki kimi, şam yandırıram və növbəti mətni öz-özümə söyləyirəm, indi onu təkrar etməyə çətinlik çəkirəm, çünki bizim, dərk olunmuş ölümlə ölənlərin mətnləri hər gün yeni və çətin olur və mən dalı-dalı kilsədən çıxıb, növbəti hekayəmin finalını Vaaq Tevosyanla müzakirə etmək üçün Nikolun redaksiyasına daxil oluram, amma Avo həmişə olduğu kimi, aralığa girir, Avo Babacanyan həmişəki təki dəlisov və sərbəst bir əhval-ruhiyyədədir və onun bu sərbəstliyini öz içimdə təmiz və toxunulmaz saxlamaq üçün dərhal redaksiyadan çıxıram, elə həmin binanın lifti ilə də Varujun emalatxanasına qalxıram, Varuj artıq burada yeni kətan çəkib və bu yeni kətanın üzərində tünd yaşıl fonda anlaşılmaz ağ ləkələr qoyub, o, təzə çəkməyə başlasa da, tablo artıq tam mükəmməldir və mən Varuja yalvarıram ki, hər şeyi elə belə də saxlasın və davam etdirməsin, amma Varuj rəng yaxmaq üçün fırçasını qaldırır, mən də tablonu öz içimdə həmişəlik qoruyub saxlamaq üçün qaça-qaça emalatxanadan çıxıram və yolüstü Vaqenin aptekinə dönürəm, orada da həmişəki kimi, vergi müfəttişinin oturduğunu görüb, mane olmamaq üçün prospektə çıxıram və Noronun Çəlləyinə girirəm, burada Qriqor Xaçatryan öz müasirlərinə xortuldamaqla gülmək dərsi keçir. Mən də xortultunu kəsməmək üçün yoluma davam edirəm və fonda girirəm, burada Sato və Tiko ilə Loseyə poetik qastrolumuzun konsepsiyasını yenidən müzakirə edirik, bundan sonra təkcə konsepsiyanı korlamamaq üçün yox, həm də «Bnagir»də Vaqramın povestinin müzakirəsinin başlandığı və uşaqlar artıq yığıldığı üçün buradan da qaça-qaça çıxıram, mən onlara ona görə «uşaqlar» deyirəm ki, bəzən mənə elə gəlir, bura mənim Teryan küçəsindəki həmin məktəbimdir və toplaşanlar - Vahan, Marine, Arut, Violet, Arpi, Vardan, Qoar, Ded, Sovik, Sonya, Arman və başqaları – mənim sinif yoldaşlarımdır və «qloballaşma», «postmodernizm» sözləri səslənəndə başa düşürəm ki, zəng çalındı, artıq tənəffüsdür və mən «NPAK»ın pillələri ilə aşağı şütüyürəm, yolum qaranlıq dəhlizlərdən keçir, orada video-artın çoxsaylı ekranlarından hansısa video-artist öz uşaqlığı adından mənim və sizin uşaqlığınızı ritmik olaraq murdarlayır və bu kifayət qədər uzun müddət davam edir, axı artıq bayırda da qaranlıqdır, ona görə yox ki, gecdir, ona görə ki, qış yaxınlaşır, bu vaxtsız qaranlıq məni asanlıqla «Üzgəc»ə gətirib çıxarır, burada süni işıq altında Abonun rusofilliyi və Arşakın qərbyönümlülüyü eyni cür ucadan səslənir, amma fasilələrdə özünün Manuk Semercyan haqqında solmaz əfsanəsi ilə əvvəlcə Con, sonra isə Cavaxyanın oğlu Vaaq – dünyanın ən itiayaqlı ermənisi - onların səslərini batırırlar, amma dünyanın ən zəhlətökən həkimi bizim masaya yaxınlaşanda, mər artıq aradan çıxırıam, özü də təkcə təəssüratlarımı korlamamaq istədiyim üçün yox, həm də ona görə ki, mən gündəlik «Ayb-fe» qəzetində işləyirəm, o qəzetdə mənə özümün və hamının ölü olduğunu açmamaq şərti ilə maaş verirlər, sonra isə gecə vaxtı ayaqlarım öz-özünə məni «Ayb-fe»dən uşaqlıq dostum Sakonun gecə-gündüz işləyən mağazasına gətirib çıxarır, burada biz həmişəki kimi Sako ilə canlı yaddaşımızın sağlığına içir, üstündən uşaqlığımızın qırıntılarını yeyirik, sonra da həmişəki kimi gecəyarısı evə qayıdıram, evdə də həmişə olduğu kimi bizimkilər dərin yuxuya gediblər, hər şeydən görünür ki, çox maraqlı və məzmunlu yuxular görürlər, mən də onlardan nümunə götürüb, təkcə yeni yuxular görmək üçün yox, həm də bir qədər dincəlmək, özümü və sizin hamınızı yaşadığımıza inandırmağa çalışmaq üçün səhər yeni qüvvə ilə oyanmaq məqsədilə uzanır, tez yuxuya getməyə çalışıram.
Çevirəni: Nadir Mirzə
|