| ERMƏNİSTAN |
 |
| AĞASI AYVAZYAN |
| (1926) |
|
Müasir erməni ədəbiyyatının patriarxıdır. Hrant Matevosyanla (1935-2002) birlikdə erməni ədəbiyyatınnın sonrakı inkişaf istiqamətini müəyyənləşdirib. Yazıçının, demək olar ki, bütün yaradıcılıq irsi rus dilinə, bir çox əsərləri isə başqa dillərə də tərcümə olunub. Ümumittifaq miqyasında məşhurluğuna və «Ekran» jurnalının baş redaktoru vəzifəsində uzun illər işləməsinə baxmayaraq, Ayvazyan heç zaman kommunist partiyasının üzvü olmayıb.
Ruhuna görə yazıçıya dramaturgiya janrı daha yaxındır, o, bir çox pyeslərin müəllifidir. «Ağlaşma bağı» pyesində Ayvazyan sivill əxlaqa vərdiş etmiş erməni repatriantları və cinayət-siyasi terror qanunları ilə yaşayan yerlilər arasındakı 1946-cı ildə baş verən kəskin qarşıdurmanı təsvir edir. Bu və digər əsərlərində o, tez-tez Stalin və stalinizm mövzularına toxunur, həmin mövzuları əxlaqi qiymətləndirmə və bədii təcəssüm nöqteyi-nəzərindən hələ kifayət qədər işıqlandırılmamış sayır.
«Ermənifilm» kinostudiyasında Ağası Ayvazyanın ssenarisi üzrə çəkilmiş «Üçbucaq» filmi ermənilərin ən çox sevdikləri kinolentlər siyahısında daimi yer tutur. Yazıçı özü də eksperimental yanaşma tərzi ilə seçilən tammetrajlı bədii filmlər çəkib. Belə yanaşma tərzi Ayvazyanın, demək olar ki, bütün əsərlərində özünü göstərir, bu da yeni ədəbiyyatda onun yerini müəyyənləşdirir.
|
|
«FALKENŞTEYN»
Qabaqda qara rəngli divar vardı.
- Gözəldir, doğrudur?.. – böyründə, azacıq arxada duran almanlardan biri dedi.
Bu qısa ifadəni başa düşdüm və avropalının sözünə şübhəylə yanaşmaq istəmədən orada hansısa forma, yaxud rəng tapmaq arzusu ilə gözlərimi qaranlığa zillədim. «Gözəl» olduğu ilə razılaşmağa hazırdım, amma heç olmazsa özüm üçün aydınlaşdırmalı idim ki, bu qaranlıqda nə var. Bu, başqalarına münasibətdə bir erməni nəzakəti, özünə münasibətdə isə bir erməni tələbkarlığıdır. Tərəddüdlərə və geri çəkilməyə yer qoymaq üçün qeyri-müəyyən şəkildə başımı tərpətdim və baxışlarımı təzədən qaranlığa dirədim. Erməninin diqqətli baxışı (sırf erməni xüsusiyyətini öz ayağıma yazmağa risq edim) hər cür məntiqdən məhrumdur, ya da çox dərin və anlaşılmaz bir məntiqin bəhrəsidir. Yazıq beynim!... Sənə nə qədər əzab vermişəm… Yenə də əzab verirəm – bir şey başa düşmək üçün, indisə budur, görmək üçün. Amma onsuz da heç nə görə bilmədim. Bütün onurğa sütunumda – başdan-ayağa kimi – «Falkenşteyn»un mühərriklərinin gurultusunu duyurdum, gəminin burnunün yardığı dalğaların yeknəsəq, narazı və üzücü çırpıntısı isə öz iradəsini və əhval-ruhiyyəsini diqtə edirdi.
- Siz də gölə gedirsiniz? - böyrümdə, azacıq arxada dayanan adam qıdıqlayıcı nəzakətlə soruşdu.
- Hə, - deyə mızıldandım və əlavə elədim – Adaya gedirəm, - ona gərə ki, yer üzünün müxtəlif güşələrini görmək həvəsim indi məni çəkib öz gözəlliyilə şöhrət tapmış gölün olduğu bu adaya aparırdı. Amma əgər mən bu qara hüdudda bir şey görmürəmsə, o isə…
- Gözəldir! –böyrümdə, azacıq arxada dayanan adam artıq bunu təsdiqlədi və ilk dəfə ona sarı döndüm. O, gülümsündü, mən də eyni nəzakətlə cavab verdim. Amma əgər adamlar həmişə bir-birini bu cür başa düşəcəklərsə və hər şeyi özləri üçün bu şəkildə aydınlaşdıracaqlarsa, bəs onda həqiqəti müəyyənləşdirmək, baş verənləri dərk etmək, dünyada həyatı davam etdirmək kimi məsələlər necə olsun?
Dan yeri söküləndə qara səthdə yarıq əmələ gəldi, bizim «Falkenşteyn»imiz bu yarığa daxil oldu.
- Bir saatdan sonra çatacağıq, - həmin sərnişin yenidən böyrümdə, azacıq arxada peyda oldu. Mən başımı ona sarı çevirdim. – Göl çox gözəldir!... – o, artıq birbaşa üzümə dedi. Sonra gülümsündü.
- Deyirlər, onun sahilində uzanmaq olmaz…
Mən yenə də yalnız nəzakət xatirinə sual dolu nəzərlərlə ona bıxdım. O, təzədən gülümsündü.
- Deyirlər, torpaq acdır…
Yəqin ki, alman dilində «ac» sözü özündə hansısa başqa məna da daşıyır – dili bilməyəndə belə olur. Söz cümlənin qalan sözləri ilə birləşəndə yeni bir məna ifadə edir. Mənsə onu yalnız «ac» mənasında başa düşdüm və təzədən gülümsündüm – onun nə dediyinin məndən ötrü o qədər də əhəmiyyəti yox idi. Əslində ada – yarımadaydı, amma onun materiklə əlaqəsi o qədər zəif, münasibətləri o qədər dayanıqsız idi ki, bu torpaq parçasının öz sərbəstliyində israr etməsi yetərliydi.
Suyun üzərinə əyilmiş ağacların yarpaqları arasında, demək olar ki, tamamilə itib-batan və kiçik liman rolunu oynayan balaca cırıldayan körpünü adanın içərisinə uzanan ensiz cığır davam etdirirdi. Cığır qollara ayrılırdı və qollardan biri sirli pıçıltı ilə gölün yolunu göstərən işarələrin yanınca suyun yaratdığı rutubətin içindən keçirdi.
Gölə aparan cığırın başlandığı yerdə qazlar peyda oldu. İri, dümağ, gözlərinin ətrafında qara həlqələr olan qazlar ağacların sıxlığından yaranmış yarımqaranlıqda ətrafa qığılcım saçırdılar və ətrafdakı hər şeyi heyratamiz tərzdə bərq vururdu. Mən təzəcə onlardan birincisinə yaxınlaşmağa hazırlaşırdım ki, gözləmədiyim halda o özü cəld addımlarla mən tərəfə yönəldi və əlili dimdiklədi. Nə baş verdiyini hələ tam dərk etmədən geri sıçradım. Birinci dəfəydi ki, hücum edən qazla rastlaşırdım. Sonra hər şey tamam anlaşılmaz oldu: uzaqdan mənə sarı ikinci qaz qaçmağa başladı. Mən yayınıb, addımlarını yeyinlətdim, amma o yenə də mənə çatdı və əlimi, ayağımı, budumu şiddətlə dimdikləməyə başladı… Bu əsl yırtıcı imiş… Mən demək olar, qaçırdım. Mənim rüsvayçı qaçışımı qazlar razılıqla qəbul elədilər, ona görə də təqibə ara verdilər. Təhlükəli quşlar məni irəlidə gözləyirdilər – ağlıma gəldi ki, onlar cığırı qoruyurlar, hər kəs öz sahəsinə keşik çəkir. Göl, daha doğrusu, gölməçə, sakit, donuq idi, orda mənə tanış olan və olmayan cürbəcür bitkilər vardı. Sahilləri yumşaq, məxməri idi… Uzaqlarda, ağacların arasında yellənən qamaklarda adamlar gecənin sehrinə qarışmışdılar.
Gerçəklik məni bütün çətinliklərə və vərdiş etmədiyim narahatlıqlara görə mükafatlandırdı: havanın yumşaq təması, gölün şəffaf səthi, bu səthin altında yenə həmin o vardı, onun bir-biri ilə uzlaşan və məna dolu çoxsaylı qatlara malik şüuraltısı vardı, bu qatlarda şüursuz, sonsuz nələrsə uyuyurdu… Adama elə gəlirdi ki, gölün dibi yoxdur. Yıxılmaması, əbədilikdə yox olmaması üçün onu sahilləri saxlıyır… Hər şey də zaman məfhumundan, hər cür ölçüdən kənardır.
O, hava mühitinin ən qatı yeri – eyni zamanda həm başlanğıcı, həm də sonuydu, bizim yalnız an kimi baş vurduğumuz dərkedilməzlik idi.
Hər şey özünə çəkirdi, çağırırdı… Yorğun ayaqlarım heydən düşmüşdü və mən məxməri otluğa oturdum, sonra böyrü üstə çevrilidim, sonra kürəyim də dincəlmək istədi və mən bütün bədənimlə üzü göyə doğru uzandım… Ətrafdakı hər şeyin bu vəhdəti heyratamiz idi, qəribə və qeyri-adi idi - göl səmada əks olunurdu ... Mən səmada gölə, göldəki səmaya baxırdım və bütün varlığım donub qalmışdı, bədənim çəkisizləşmişdi və səmaya qalxırdı… Sonra mən səmadakı gölə dalmağa başladım… Və get-gedə daha dərinlərə daldım… Torpaq ayağımın altından qaçırdı və mən onun lap dibinə enirdim…
Bir azdan sonra səma çərçivə içində görünürdü, və mən başa düşdüm ki, bu məni udan çalanın kənarlarıdır. Mən torpağa kömüldüm. Sonra «Falkenşteyn»dəki sərnişinin «torpağın ac olması» haqqında sözlərini xatırladım. Belə çıxırdı ki, mən yad sözün mənasını düzgün başa düşmüşəm. Torpaq ac idi və o, məni istəyirdi. Amma ən qəribəsi bu idi ki, mən də onu arzulayırdım…
Kil, Almaniya
2000-ci il.
Çevirəni Nadir Mirzə
|